hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

İctimai nəqliyyatda güzəşt paketi: Estoniya nümunəsi Azərbaycana gətirilə bilərmi?

İctimai nəqliyyatda güzəşt paketi: Estoniya nümunəsi Azərbaycana gətirilə bilərmi?

Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq.

Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq. Bu təcrübə dünyada ilk olacaq. Tallində 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır.

Bu tədbirlərlə Estoniya hökuməti, nəinki havanı təmiz saxlamağa, həmçinin ticarət dövriyyənin həcmini artırmağa da nail olub. Belə ki, insanlar nəqliyyat xərclərini düşünmədən rahat alış-veriş edir, müxtəlif daşımalar həyata keçirirlər. Hər bir Estoniya vətəndaşı nəqliyyat kartını bircə dəfə qeydiyyatdan keçirməklə sözügedən regionlardakı şəhərdaxili ictimai nəqliyyatdan (taksilər istisna olmaqla) pulsuz istifadə edə biləcək. Qeyd edək ki, Sovet İttifaqı süqut etdikdən sonra postsovet respublikaları arasında Estoniya sürətli inkişaf yolunu seçə bilən ölkələrdən biri oldu. Bu ölkə adambaşına 20 min dollarlıq Ümum Daxili Məhsul (ÜDM) ilə neft və qaz ixracatçısı olan Azərbaycanı, təxminən beş dəfə qabaqlayır.

Estoniyanın iqtisadi inkişafı yalnız ÜDM əks etdirən statistik rəqəmlərlə kifayətlənmir. Ölkədə 2012-ci ildə minimum əməkhaqqı 290 avro idisə, 2018-ci ildə 500 avro təşkil edir və bir iş saatının minimum qiyməti 2.97 avrodur. Həm də, bu minimum əməkhaqqı yalnız ixtisası olmayan fəhlələrə verilə bilər.

Azərbaycanda minimum əməkhaqqı 2019-cu ildən 180 manat, təxminən 94 avrodur. Yəni neft və qaz ölkəsi olmayan Estoniyada minimum əməkhaqqı neft və qaz satan ölkədəkindən ən azı 5 dəfə çoxdur.

Estoniyada 2017-ci ildə orta aylıq əməkhaqqı 1217 avro olub. Lakin Estoniya hökuməti bununla kifayətlənmək niyyətində deyil. Estoniyanın məqsədi 10 il ərzində həyat şəraitini Qərbi Avropa standartlarına çatdırmaqdır.

Estoniyada əməkhaqqı bir çoxlarını qane etmədiyi üçün, onlar Avropanın başqa ölkələrində, xüsusən də Finlandiyada işləməyə üstünlük verirlər. Rəsmi Tallin isə əməkhaqqının yüksəldilməsinə nail olmaqla, Avropanın başqa ölkələrində işləməyə gedənlərin geri qayıtmasını stimullaşdırmağa çalışır.

Sovet İttifaqının zamanında Estoniya iqtisadiyyatı, əsasən, Sovet ordusu üçün silah və avadanlıqlar istehsal edən ağır sənayenin üzərində qurulmuşdu. Buna görə də, Sovet İttifaqının dağılması Estoniya iqtisadiyyatının əsas istehsal sahələrinin dayanmasına gətirib çıxardı. Bir zamanlar on minlərlə insanın işlədiyi zavodlar metal yığnağına çevrildi. Müstəqilliyin ilk illərində Estoniyada işsizliyin səviyyəsi kəskin artdı, insanların həyat şəraiti pisləşdi. O zaman Estoniyanın öz mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini iddia edənlər də var idi. Ancaq bütün bədbin proqnozlara baxmayaraq, Estoniya, nəinki mövcudluğunu qorudu, həm də öz inkişafı ilə digər ölkələrə nümunə olmağı bacardı.

Estoniya iqtisadi azadlıq indeksinə görə, dünya ölkələri arasında birinci onluqda yer alır. Araşdırmalara görə, Estoniya qanunun aliliyinin təmin olunması sahəsində dünyada 12-ci, keçmiş sosialist ölkələri və postsovet respublikaları arasında birincidir.

Maraqlıdır, Azərbaycanın ictimai nəqliyyatı pulsuz etməyə iqtisadi gücü yetərmiə Ən azından, əhalinin sosial müdafiəyə ehtiyac olan təbəqəsi üçün, yəni təqaüdçülərə, tələbələrə, əlillərə, Qarabağ qazilərinə, şagirdlərə bu güzəşti vermək olarmıə

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, sosializm dövründə Estoniyada ictimai nəqliyyatda gediş haqqı rəmzi xarakter daşıyırdı:

“Sözügedən layihə qanun şəklindədir və burada söhbət heç də güzəştdən getmir. Qanunun fəlsəfi mənası ondan ibarətdir ki, iqtisadi subyektlər ödədikləri vergilərin bir qədər artırılması üçün hökumətlə razılaşıblar. Nəticədə nəqliyyatın xərci onların ödədiyi artıq vergi hesabına maliyyələşdirilir. Yəni, bu, heç də dövlət hesabına ödənilmə mənasına gəlmir. Estoniyada dövlət Azərbaycandakı kimi iqtisadi subyekt deyil, yəni komersiya fəaliyyəti ilə məşğul olmur. Sadəcə olaraq, dövlət büdcəsi vergidən formalaşır və hökumət bunu bölüşdürür. Bazar iştirakçıları mallarının daha çox satılması məqsədilə alıcıların nəqliyyat qayğısının olmaması üçün hökumət qarşısında belə bir təklif irəli sürürlər. Bu təklif əsasında bir neçə regionda ictimai nəqliyyatın ödənişsiz işləməsini təmin ediblər. Bu təcrübə yalnız iqtisadi aktivliyi yüksək olan bölgələr üçün nəzərdə tutulan layihədir”.

Ekspertin qənaətincə, Estoniyada tətbiq olunan layihənin Azərbaycanda icrası mümkün deyil. O, bunun səbəbini ölkədəki iqtisadi aktivliyin aşağı səviyyədə olması ilə əlaqələndirib:

“Azərbaycanda istehsal sahələri heç də genişlənmir. Həmçinin əhalinin gəlirlərinin səviyyəsi aşağıdır. Bundan əlavə, ölkəmizdə sosial müdafiəyə ehtiyac olan əhaliyə bu cür mücərrəd güzəştlərin olunmasının əleyhinəyəm. Yəni təqaüdçüyə, tələbəyə, əlilə, polisə ayrı-ayrı kartlar verilərək onlara güzəştli şəkildə ictimai nəqliyyatdan istifadə imkanı verilməsinin əleyhinəyəm. Bu, möhtəkirliyə yol açar. Yəni tələbə, təqaüdçü olmayanlar həmin güzəşt kartından istifadə etməyə başlayacaqlar. Digər tərəfdən, pensiyaçıların heç də hamısı şəhərdə yaşamır, bu baxımdan onlara verilən güzəşt kartının da nəqliyyatda istifadəsi mümkün olmayacaq. Ümumiyyətlə, əhalinin sosial müdafiəyə ehtiyacı olan qruplara nəqliyyat güzəştinin verilməsini başqa formada təklif edərdim. Əgər biz istəyiriksə, təqaüdçümüz nəqliyyat dərdi çəkməsin, o zaman hesablamaq lazımdır ki, bir pensiyaçı ayda nə qədər nəqliyyatdan istifadə edir. Eyni hesablamanı tələbələr üçün aparmaq olar. Bütün bu gediş haqqı hesablanıb təqaüdçünün pensiyasına, tələbənin təqaüdünün üzərinə əlavə etmək olar. Bu, konkret ünvanlı, başqasının istifadə edə bilməyəcəyi bir üsuldur. Bu üsul, həmçinin ictimaiyyət arasında ayrı-seçkiliyi göstərmir. Son nəticədə məqsəd, bu güzəşti kiməsə göstərmək yox, sosial müdafiəyə ehtiyacı olan əhalinin rifahının yaxşılaşması üçün edilir.

Güzəşt kartlarının verilməsində digər bir məsələ isə, korrupsiyadır. Yəni bu güzəştlər tətbiq ediləndə nəqliyyat şirkətlərinə dövlət büdcəsindən vəsait köçürülməlidir. Güzəştlərin verilməsi ilə yanaşı, böyük bir korrupsiyaya yolu da açılmış olur. Tutaq ki, hansısa məmurun şirkətinə dövlət büdcəsindən daha çox vəsait ayırmış olacaqlar. Bu isə yeni bir korrupsiya pəncərəsinin açılması deməkdir”.

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda gediş haqlarının ləğv olunması dövlətin təşəbbüsü olmamalıdır:

“İqtisadi subyektlər, sahibkarlar buna cəhd etməlidir. Avropadakı, eləcə də Estoniyadakı təcrübəni Azərbaycanda tətbiq etmək üçün birinci, ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırmaq lazımdır. Digər tərəfdən, əhalinin gəlirlərinin yüksəlməsinə nail olmaq lazımdır. Yeri gəlmişkən, həm Qafqazda, həm Avropada, həm də keçmiş postsovet məkanında Azərbaycan ən aşağı pensiya və əməkhaqqı verən ölkədir. Azərbaycanda əhalinin maliyyə gəlirləri kifayət qədər aşağıdır. Hətta heç bir sərvəti olmayan Gürcüstanda və Ermənistanda Azərbaycandakına nisbətən pensiyalar və orta aylıq əməkhaqqı dollar ekvivalentində yüksəkdir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2861