hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İCTİMAİ RƏYin QIRMIZI KARTlı adamı  - Rəfail Becanov

İCTİMAİ RƏYin QIRMIZI KARTlı adamı  - Rəfail Becanov

"Siz Əli Kərimlinin təşkilatının “vitrin”inə fikir verin, görün orada bir nəfər də olsun,  AXCP ilə dərindən bağlılığı olan adam varmı? Belə adamlar başqa partiyalarda olsa da, orada yoxdur.  Bu şəraiti Əli Kərimlinin özü yaradıb". "Bakı-xəbər" qəzetinə açıqlamamda sadəcə bunu demişəm. Söyüş, qarğış, təhqir demədim ki! Bu, adi, sadə və ən yüngül tənqiddir. Açıqlamanı "Facebook" sosial şəbəkəsində kimə məxsus olduğunu bilmədiyim "Meydan Meydan" adlı səhifə götürüb paylaşıb. Adı çəkilən bu adamın idarə etdiyi trollar dərhal tökülüblər rəy bölümünə. Məhz tökülüblər! Hardan, niyə, bunu hələ yazmırıq! Şəxsimə qarşı ağızlarına gələni yazırlar.

Ailə tərbiyələrindən irəli gələn, valideynlərinin "nəsihət”lərindən doğan bütün söyüşlərdən, təhqirlərdən istifadə edirlər. Sizin demokratiyanız budurmu? Bəli, Əli Kərimlinin "trol ordusu" və "demokratiyası" belə olur! Söyüş, təhqir, böhtan! Bu gün imkanları söyüşə, böhtana və təhqirə çatır. Sabah əllərində ixtiyar olsa, adamı yerindəcə güllələyərlər, “Göl Əli” kimi! Ondan nə fərqiniz var? O, bir hüquqşünası, milli-azadlıq hərəkatının fəallarından birini, keçmiş hakimi real həyatda güllələdi, siz də virtual məkanda söyüşlə terror edirsiniz.

Ünvanına hər söz dediyiniz hakimiyyəti ittiham edirsiniz ki, günahsız yerə bir üzvünüzü xəstəxanaya gedəndə tutub 30 sutka həbs verib. Bəs özünüz nə edirsiniz? Sizi tənqid edən başqa bir adamı virtual olaraq linç etməyə qalxırsız, söyürsüz, təhqir edirsiz. 

Əslində qınamağa dəymir, ancaq susmaq da olmur. Cəmiyyətə çatdırmağı özünə borc bilirsən ki, bu adamların düşüncəsi, durumu, xislətləri belədir. Sadəcə, Xalq Cəbhəsinin möhtəşəm adının kölgəsində virtual terrorizmlə məşğul olduqlarını gizlədir, özlərini cəmiyyətə bu ad altında demokratiya aşiqi kimi sırımağa cəhd edirlər. 

Bu trol ordusunu rəhbərləri qarışıq başa salan lazımdır ki, cəmiyyətə yeni bir dağıdıcılıq təsisatı gətirməyə çalışmayın və ictimai rəylə hesablaşın. Axı, ictimi rəy cəmiyyətin güzgüsüdür. Əsas respondentləri də  məhz milli-azadlıq hərəkatının üyələri, iştirakçılarıdır. Dönüb ətrafınıza baxıb, başınızı soxduğunuz o KOLdan çıxartsanız, başqa mənzərə görəcəksiniz. Görəcəksiniz ki, bu respondentlərin sorğusuyla sizə və liderinizə İCTİMAİ RƏY sarı yox, QIRMIZI KARTı çoxdan göstərib. Həm də onlara izah etmək gərəkir ki, məhz tərbiyəsizliyinizlə, isterikanızla özünüzü bu həddə gətribsiniz. Bunu görmək üçün Amerika kəşf etməyə dəymir, sadəcə, büründüyünüz yalançı demokratiya donunu soyunmanız yetər.

Təəssüf ki, hələ də gerçəklik gözünüzə görünmür. 

Gerçəkliyi dərk etmədiyinizdən də ətrafa nifrətlə elə saydığınız yerdə saymağa məhkum olubsunuz. Bu gedişlə isterik durumunuzun sonu yoxdur. İsterikanız bir zaman ən yaxın ətrafınızda özünü göstərəndə nə edəcəksiniz? Özünüz özünüzü söyəcəksiniz, özünüzə böhtan atacaqsınız! Çünki bu nəsnələr artıq peşəyə, vərdişə, kredonuza çevrilib. 

Ağıllarına deyil, ağızlarına gələni yazan, ağzını, gözünü söyüşlə açıb, təhqirlə yuman bu adamlarla siyasət yürütmək, siyasi meydanın vitrininə çıxmaq mümkün deyil. Əli Kərimli 1995-ci ildən bu yana bunu dərk etmək istəmirsə, bizim günahımız nədir? 5 il yorulmadan muzdlu jurnalistlərlə birgə Elçibəyi aşağılamağa çalışdı, olmazın böhtanlar yazdırdı. 2000-ci ildən, Elçibəyin vəfatından sonra hədəf İsa Qəmbər və Mirmahmud Mirəlioğlu, elçibəyçilər, müsavatçılar oldu.

2002-ci ildə siyahıya Qüdrət Həsənquliyevi əlavə etdi. Gün-gündən də siyahısını genişləndirdi. Çatanı söydürür, böhtan atdırır. 2015-də Razi Nurullayev siyahıya daxil edildi. Neçə ildir hər gün trol ordusunun hədəfindədir. Pənah Hüseyn, İqbal Ağazadə, Fərəc Quliyev, Fazil Mustafa illərlə bu trolların böhtanına məruz qalb. 2019-cu ildən İlqar Məmmədova qarşı bu iyrənc kampaniyanı başladıb. 

İllərini millətin problemlərinə həsr edən, demokratiyanın yolunda təğyiri-libas olan, jurnalistdən çox söz dərvişi kimi fəaliyyət göstərən Rauf Arifoğluna, Əvəz Zeynallıya, Rəfail Becanova, şərəfli tarixi olan digər şəxslərə “satqın” dedirdirsənsə, bəs onda yaxşı olan kimdir? Əli Kərimliyə yalandan "ləbbeyk" deyənlər, ya QUM adamlar? Adamın siyasəti buymuş. Şəxsimə görə bunu əvvəldən bilirdim. Elə buna görə illərlə bir təşkilatda olsaq da, heç zaman bir yerdə olmadıq. 

Biz haqq bildiyimiz işi görürük. Bildiyimizi, gördüyümüzü yazırıq, deyirik. Hökuməti də tənqid edirik, müxalifəti də. Təəssüf ki, özünü "müxalifət", "demokratiya carçısı" kimi qələmə verən bu virtual terrorçuların hücumundan sığortalı deyilik. Hakimiyyət imkanlarının genişliyinə rəğmən, səbrlə yanaşır. Hökumətin ayrı-ayrı qurumları tənqiddən nəticə çıxarır, ya səhvini düzətməyə çalışır, ya təkzib edir, ya da sadəcə etiraz edir  və s. Ancaq çox geniş imkanları var ki, bizi haqlı-haqsız cəzalandırsınlar. Lakin tutdurmur, döydürmür, söydürmür. 

Təəssüf ki, YERLİ SÖYÜŞ MÜXALİFƏTİni təmsil edən bu virtual terrorçular bütün ədəb qaydalarını aşaraq, əllərindən gələn bütün imkanlardan gen-bol istifadə edirlər. Allahı da, vicdanı da, tarixi də unudaraq, söyür, söydürür, böhtan atırlar. İllərdir dəyişmirlər. Ömrün bu yaşında, siyasətin bu çağında da adamın və yanında olanların düşüncəsi dəyişməyibsə, vay onun halına...

Rəfail Becanov
Cebhe.info


Oxunma sayı: 5094