hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

İctimai Şura problemi: “Kənarda dayanıb obyektiv olmaq daha rahatdır” - MÜSAHİBƏ

İctimai Şura problemi: “Kənarda dayanıb obyektiv olmaq daha rahatdır” - MÜSAHİBƏ

Bir neçə dövlət qurumunun yanında İctimai Şura fəaliyyət göstərir. 

İctimai şuraların seçki yolu ilə formalaşdırılmasına baxmayaraq, nəticələr bəzən digər vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığı ilə qarşılanır. Son belə narazılıq Təhsil Nazirliyində İctimai Şura seçkisindən sonra  ortaya çıxmışdı. Narazılıqlar İctimai Şuranın tərkibi, yaradıldıqdan sonrakı formal fəaliyyəti ilə bağlı olur. 

Ümumiyyətlə, ictimai şuralar necə formalaşdırılmalıdır ki, narazılıqlar yaranmasın və mahiyyətinə uyğun fəaliyyət göstərsin? 

Cebhe.info-nun bu mövzuda suallarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov cavablandırıb. 

-Sahib bəy, hansı qurumların nəzdində İctimai Şuranın yaradılması vacibdir?

-“İştirakçılar haqqında” Qanuna görə, ictima şuralar mərkəzi və yerli icra hakimiyyət  orqanlarının, bələdiyyələrin nəzdində yaradılmalıdır. Bir şey yaxşıdır ki, onların yaradılması bu qurumlara öhdəlik kimi qoyulur. Lakin hər bir qurum bunu yarada bilər və buna heç bir qanuni qadağa yoxdur. Ali məktəblərdə, bəzən Dövlət İmtahan Mərkəzi kimi publik hüquqi şəxslərdə, dövlətin tabeliyində olan təsərrüfat subyektlərində qanun onların üzərinə belə bir öhdəlik qoymasa da,  İctimai Şura yaradıla bilər. Belə qurumlar var. Mərkəzi icra hakimiyyəti orqanları, yəni nazirliklər, komitələr, onlara bərabər tutulan strukturlar və bələdiyyələr məcburi olaraq İctimai Şura yaratmalıdır. Bir şeyi bildirim ki, bələdiyyələrdə bu mümkün deyil, çünki bələdiyyələrin sayı həddindən artıq çoxdur. Məsələn, bir kənd bələdiyyəsi  kənddə o sayda qeyri-hökumət təşkilatı tapa bilməz ki, İctimai Şura yaratsın. Çünki rayonlarda vətəndaş cəmiyyətinin şəbəkəsi o qədər geniş deyil. 

-Hazırda neçə rayonda İctimai Şura yaradılıb?

-Təəssüf ki, hazırda İctimai Şura 5-6 rayonda və 10-dan artıq mərkəzi icra hakimiyyəti orqanında yaradılıb. Məsələn, Binəqədidə uzun müddət əvvəl İctimai Şura yaradılmışdı, Zaqatalada da onun yaradılmasının şahidi olmuşam, həmçinin Ağdaşda mövcud idi. Əvvəllər prosesin içində idim, son vaxtlar yaxından izləyə bilmirəm. Amma  Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının da partnyorluq etdiyi layihə çərçivəsində 33 rayonda bu şuraların yaradılması ilə bağlı təlimlər də keçmişik. 

-Sahib bəy, dövlət qurumlarındakı ictimai şuralarla bağlı vəziyyət necədir?

- Ədliyyə Nazirliyində qanun qəbul olunmazdan əvvəl  İctimai Şura yaradılı . 2006-cı ildən fəaliyyət göstərir və mənim qənaətimə görə, ən effektiv İctimai Şura olaraq qalmaqdadır. Çünki onun ən azından bir fəaliyyət sahəsində- cəzaçəkmə müəssisələrinə ictimai nəzarətdə öz fəaliyyət mexanizmi var. Bundan başqa bir neçə nazirlik də var ki, onlar da bu şuranı yaradıb. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət  Dəniz Administrasiyası, Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi və s. Təxminən 10-12 nazirlik və komitədə İctimai Şura var. 

-Digər qurumların İctimai Şura yaratmamasının səbəbi nədir?

-Qurumların İctimai Şura yaratmaq istəməməsi mənim üçün çətin anlaşılandır. Görünür, bununla bağlı çox təkid yoxdur, çünki əslində yaradılmalıdır. Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planında da bu əks olunur. Təəssüf ki, əksəriyyətində belə şura yaradılmayıb. Amma, məsələn, Vergilər Nazirliyi şura yaratmasa da, Ekspert Şurası var və istənilən məsələnin müzakirəsində həmin ekspertlər iştirak edir. Belə mexanizm də var. Mən bunu da alqışlayıram, çünki o, daha müstəqil qurum kimi çıxış edir. 

- Nə üçün bütün ictimai şuralarda təxminən eyni şəxslər təmsil olunur? Narazılığı yaradan əsas məqamlardan biri də bu olur.

-Mən 2 dəfə Dövlət Miqrasiya Xidmətində İctimai Şurada üzv oldum, üçüncü dəfə isə namizədliyimi vermədim. Hətta oranın rəhbərliyi, hörmətli Vüsal Hüseynov da namizədliyimi verməmə səbəbimlə maraqlandı. Mən yeni üzvlərin də gəlməli olduğunu dedim. Eyni şəxslərin təmsil olunmasında birinci səbəb budur ki, hər nazirlik İctimai Şura yaradanda orada daha çox nüfuzu, səriştəsi olan, tanınan ictimai xadimlərin olmasına çalışır. İkinci səbəb ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının sayının çox olmaması ilə bağlıdır. Bəzi şəxslər isə hər yerdə təmsil olunmaq istəyir, nəticədə aidiyyatı olub-olmamasından asılı olmayaraq namizədlik irəli sürürlər. 

Məsələn, Azərbaycanda cəzaçəkmə sistemi üzrə ixtisaslaşmış, orada monitorinq keçirmə qabiliyyəti olan nə qədər qeyri-hökumət təşkilatı var? Yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuraya üzv olanların hamısı əmək və sosial məsələlər üzrə ixtisaslaşıb? Mənə elə gəlir ki, ixtisaslaşmayıb. Bəlkə də haradasa özlərinə yaxın olan QHT-ləri toplamaq tendensiyası var, amma mən üzv olduqlarımda bu meyli görməmişəm. Dövlət Miqrasiya Xidməti kimin namizədliyini verməsinə,  kimin sədr seçilməsinə, ümumiyyətlə, müdaxilə eləmir. Ədliyyə Nazirliyində də qarışmırdılar. 

-Hazırda hansı qurumların ictimai şuralarında təmsil olunursunuz?

-Hazırda Ədliyyə Nazirliyində və formal  olaraq Əhaliyə Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində varam. Bir də bir neçə universitetdə üzvlüyüm var. 

-Digər qurumlarda İctimai Şuraya üzv olmama səbəbiniz nə ilə bağlıdır?

-Burada töhfə vermək faktoru var. Məsələn, mən hansı nazirlikdə oluramsa,  qanunvericiliyin qəbul olunması prosesində öz təkliflərimi verir, tədbirlərdə iştirak edirəm və s. Amma dəfələrlə görmüşəm ki, özümün üzv olduğum şuralarda  təmsil olunan bütün QHT-lər belə deyil, kifayət qədər aktivlik göstərmirlər. 

-Sahib bəy, belə anlaşıldı ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində İctimai Şurada təmsil olunmursunuz. Halbuki fəaliyyətinizlə birbaşa bağlı olan qurum məhz oradır. Səbəb nə ilə bağlıdır? Bu , öz seçiminizdir, ya namizədliyinizi qəbul etmirlər?

-Fəaliyyətimizlə birbaşa bağlı olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində təmsil olunmuram. Burada bir neçə səbəb var. Əslində, özüm namizədliyimi vermirəm. Çünki mən bir dəfə- hələ “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunana qədər  onların İctimai Şurasında olmuşam və  o zaman xeyli səmərəli fəaliyyət göstərdik. “Özünə dəstək” proqramının bütün mərhələlərində, nazirliyin verdiyi sosial sifarişlərin ayrılması prosesində bütün iclaslarda iştirak edirdik. Amma sonrakı dövrlərdə namizədliyimi vermədim. Çünki mənə belə daha yaxşıdır. Bəzən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında tənqidi fikir yazıram, amma sabah yaxşı bir iş gördükləri zaman dərhal tərifləyirəm. Kənarda dayanıb obyektiv olmaq mənə daha rahatdır. Ona görə də iştirak etmirəm, amma iştirak etdiyim dövrdə də çəkinmədən, hətta BMT-yə hesabatlar göndərmişdim, bu, onların birbaşa tənqidi ilə bağlı idi. Onlar buna çox tolerant yanaşdılar. İndi də düşünmürəm ki, İctimai Şuraya seçilmək istəsəm, nazirlik hansısa tənqidi baxışıma görə buna mane olsun. 

Digər qurumlarda iştirak etməmək də öz seçimimdir. Məsələn, Dövlət Miqrasiya Xidmətində iştirak etməməyimə səbəb 2013-cü ildən Beynəlxalq Miqrasiya Təşkilatının eksperti  olmağım idi. Əvvəllər hüquq üzrə eksperti olmuşam, indi də tədris proseslərinə cəlb olunuram. BMT-nin əməkçi miqrantlar, onların ailə üzvlərinin hüquqlarının müdafiəsi komitəsi ilə əməkdaşlıq edirəm, yəni bu sahədə ixtisaslaşmışam. Ona görə də orada iştirakım daha məntiqli idi. Amma bu gün təhsildən çox uzaq olmamağıma baxmayaraq, Təhsil Nazirliyinin İctimai Şurasına üzv olmaq heç ağlıma da gəlməz. Yaxud qadınlarla bağlı layihələrimiz olsa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İctimai Şuraya üzv olmağı düşünməmişəm. Bir sözlə, bizə ən uyğun olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, sonra digərləri gəlir. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 3037