hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

İflasın bir addımlığındakı Əli Kərimli

İflasın bir addımlığındakı Əli Kərimli

Demokratik cəmiyyət və idarəetmə uğrunda mübarizə apardığını iddia edən bir şəxs özü demokrat deyilsə, təmsilçisi olduğu təşkilatda demokratiya illərdir boğulursa, bu, onun qeyri-səmimiliyini, səriştəsizliyini və kor-koranə təəssübkeşliyini göstərir. 

"Yurd" sədri Əli Kərimli Əbülfəz Elçibəyin qurmuş olduğu, vaxtı ilə ətrafında az qala bütün xalqın birləşdiyi AXCP -ni de-fakto parçalayıb. Daxilən anti-demokrat olan bu şəxs demokratik insanların birləşdiyi bir təşkilata ancaq zərbə vura bilərdi və bunu etdi. Təşkilat daxilində demokratiya o dərəcədə pozuldu ki, heç kəsin səsi və sözü eşidilməz hala gəldi. Əbülfəz Elçibəyin vəfatından az sonra Əli Kərimlinin partiya sədrliyini ələ keçirməsi təşkilat daxilində dağıdıcılığın təməlini qoydu. Özünəheyranlıq və eqoizm təəssüf ki, onun apardığı nəticəsiz siyasətlə yoğrularaq çirkin bir şəkildə təzahür etdi. Nəticədə AXCP parçalandı və bu parçalanmalar davam etdikcə, Əli Kərimlinin heç tükü də tərpənmədi. Əbülfəz Elçibəyin, xalqımızın canı, qanı bahasına mübarizə apararaq qurduğu bir partiya daxilində kinli bir diktatura yatan şəxsin əlində əriməyə, parçalanmağa başladı. 

Hakimiyyətlə mübarizə, mövcud iqtidara müxaliflik artıq daxili çəkişmələr, sədrin anti-demokratik qərarları və partiya üzvlərilə razılaşdırılmamış addımları ilə əvəz olundu. 

Reallıq ondan ibarətdir ki, Əli Kərimli indiyə qədər apardığı "siyasətdə” hələ bircə səhvini də etiraf etməyib və yaxud etdiyi səhvlərdən nəticə çıxarmayıb. Eynilə diktatorlar kimi. Partiyaya vurduğu zərbə, parçalanma, partiyadaxili demokratiyanı boğmaq, kifayət qədər nüfuzlu şəxslərin partiyadan ayrılmasına rəvac verilməsi, fəaliyyətlərini yeni yaratdıqları təşkilatlarda təzahür etdirməyə məcbur olmaları məhz "Yurd" sədrinin "xidmətləri" sayəsindədir. Ayrılmağa vadar etdiklərinə “hakimiyyətin adamı”, “satılmış” damğası yapışdırmaqla da Əli Kərimli öz daxili diktaturasının ali nöqtəsinə varmış oldu. Onun nəzərində fərqli fikir söyləmək satqınlıq və xəyanətdir. Səddam Hüseynin BƏƏS partiyasında olduğu kimi. Xalqın mənafeyini düşünmək belə insanlara yaddır. Belələrinə ancaq öz şəxsi ambisiya və mənafeləri önəmlidir. Belələri xalqın hakimiyyətini qurmaq üçün özlərini yox, öz diktator hakimiyyətlərini qurmaq üçün xalqı özlərinə nərdivan etməyə çalışırlar. 

Parçalama və parçalanmağa zəmin yaratma siyasəti nəticəsində "Yurd"dakı təkliyini büruzə verməmək, mitinqlərdə ətrafını boş qoymamaq üçün az qala şeytandan da ümid uman bu şəxs buqələmun kimi ateistlə ateist, dindarla dindar oldu. Gah şərqpərəst olub İran, Rusiyaya tərəf yıxıldı, gah da qərbpərəst olub ABŞ və Avropaya meylləndi. Stabil yol, sabitqədəm siyasət öyrənə bilmədi bu uzun illik təcrübəsi nəticəsində. Xalqın rəyini, istəyini nəzərə almadı, müxalifət adını ucuzlaşdırmağa xidmət etdi, siyasətə söyüş və saxta profil savaşı gətirdi. Xalqa layiq müxalifət nümunəsini nəinki yarada bilmədi, əksinə, var olanı da dağıtdı. Müxalif fikirli, savadlı, ziyalı, təcrübəli insanları ruhdan saldı, yalan vədlərlə inamını öldürdü. Müxalifət adına iddia edib uzun illər ərzində heç nəyə nail ola bilməməklə, ancaq öz mənafeyinə xidmət edən mitinqlərdə yüksək səslə, pafoslu təkrarçılıqla guya siyasət apardığını iddia etməklə müxalif obrazını kiçiltməyə çalışdı, müxalifəti cılız-özü boyda göstərməyə can atdı. 

Dünya demokratiyaya doğru getdiyi bir zamanda Azərbaycanda özünü demokratik müxalifətə aid edən Əli Kərimlinin xalqın adından danışması, özünü xalqın müxalif cəbhəsinin təmsilçisi sayması özündən müştəbehlikdən başqa bir şey deyil. Uzun il yapışdığı kreslodan qopmamaq, doğrulmayan yalan vədlərlə qulaqları təngə gətirmək demokratik müxalifətçilik ola bilməz. Özünü diktator xüsusiyyətləri ilə tam zənginləşdirmiş bir müxalif siyasətçi mübarizə apardığı hakimiyyəti necə avtoritarlıqda, diktaturada ittiham edə bilər? Əsl avtoritar rejimi öz ətrafındakılara, təşkilatına tətbiq edərək uzun illərdir boş iddilara kölə olmuş şəxsin bəzi insanları hələ də aldatması hiddət doğurur. Məğlubiyyəti etiraf etmək, nəticə çıxarmaq, alternativ yol və fikir sərgiləmək əsl siyasətçiyə aid xüsusiyyətlərdir. Lakin "Yurd" sədri tamamilə bu xüsusiyyətlərdən uzaqdır. Məğlubiyyəti, içində olduğu siyasətdən üzüqara ayrılması, səhvindən nəticə çıxarması ona faciə təsiri bağışlayır. Quraşdırdığı mitinqlərdə neçə-neçə insanın həbs olunmasına, işindən uzaqlaşmasına bilavasitə şərait yaratmaqla bulanıq suda balıq tutmaq siyasətinə təslim olan bu siyasətbaz çoxlarını yarı yolda qoydu. Siyasi meydanda öz etibarını itirmiş birisi yalançı çoban misalındakı kimi bir daha heç kəsin inamını qazana bilməz. Gah radikal dindarların əlində alətə çevrildi, onların "Biz ondan istifadə edirik" deyə biləcək qədər oyuncağı oldu. Mitinqlərdə tutdurduğu şəxslərin sırası gələndə və qrantları azalanda isə qərbpərəst maskası geyərək demokrat kimi görünməyə başladı. Milli Şura gündəmə gələndə  Rusiya məhəbbətini gizlətmədi. Ancaq bircə dəfə də olsun xalqın istəyinə qulaq asmadı. Bir sözlə, Əli Kərimli gah ruspərəst, gah qərbpərəst, gah İranpərəst oldu, bircə xalqpərəst ola bilmədi. Müxalifət cildinə girməklə müxalifətçilik olmur. İndiyəcən xalqın demokratiya yolunda inkişafı, sosial rifahı, Qarabağın azad olunması kimi məsələlərdə dolğun bir proqram, xalqın mövqeyini əks etdirən platforma, nəticə verən bir təklif irəli sürməyən siyasətçi nəyə lazımdır? Əgər o, bu proqram və layihələri  özünün hakimiyyətə gələcəyi zamana saxlayırsa, demək xalqı sevmir və xalqı üçün hakimiyyət mübarizəsinə qalxmayıb. 

Artıq anlamasının zamanı çoxdan çatıb ki, Əli Kərimlinin AXCP erası artıq sona yetib. AXCP onun istismarından xilas edilib. Əvvəlki obrazından sui-istifadə edərək demokrat müxalif görüntüsü yaratmaqla yenidən xalqı aldatmağa çalışan "Yurd" sədrinin bütünlüklə iflasa uğrayacağı gün yaxındır. Çünki hər kəsin ən layiqli qiymətini xalq və zaman verir. Xalq da hər zaman haqqın və haqlının yanında olub.

Tural İrfan 
AXCP sədrinin müavini
Cebhe.info


Oxunma sayı: 1981