hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

İKİNCİ CƏBHƏ: İran və Rusiya küncə sıxışdırılır

İKİNCİ CƏBHƏ: İran və Rusiya küncə sıxışdırılır

Suriyanın cənubunda yerləşən Suveyda şəhərində yüzlərlə etirazçı iqtisadi vəziyyətin pis olması, Suriya lirəsinin dəyərinin düşməsi və korrupsiyaya etiraz edərək, İran, Rusiya və Bəşər Əsəd rejiminə qarşı şüarlar səsləndirib.

Etirazlara səbəb ötən həftə Suriya lirəsinin məzənnəsinin kəskin şəkildə aşağı düşməsi olub. Hazırda Suriya valyutasının öz dəyərini itirməkdə prosesi davam edir. Devalvasiya Suriyanın istehlak bazarında bir çox malların, o cümlədən gündəlik ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

Nəticədə, bir çox dükanlar bağlanıb. Məlumata görə, Suriya lirəsinin dəyərinin düşməsindən əvvəl Suvayda şəhərində qida məhsullarının qiyməti, Ümumdünya Qida Proqramına görə, son bir ildə təxminən 152 faiz artıb. Bu, Bəşər Əsəd rejiminin Suriyanın müxtəlif bölgələrini hərbi əməliyyatlar nəticəsində nəzarətinə qaytarmasından sonra keçirilən azsaylı etirazlardan biridir.

Suvaydada baş verən nümayiş son aylar insanların Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinə çağırış etdiyi ilk genişmiqyaslı aksiyadır. Vətəndaş müharibəsi zamanı Bəşər Əsədə sadiq qalan Suvayda əhalisinin əksəriyyətini təşkil edən Druzelər tayfası Suriya qiyamında iştirak etməyib. Sosial mediada geniş paylaşılan videolarda Suvayda bazarından şəhər bələdiyyə binasına gedən gənclər göstərilib. Onlar 2011-ci ildə baş verən ilk dinc etiraz aksiyalarına bənzər hökumət əleyhinə şüarlar səsləndirib. Nümayişə çıxanlar "Bəşər, rədd ol!" və "İnsanlar rejimin devrilməsini istəyirlər" şüarlarını səsləndirib.

Həmçinin "Suriya azaddır" şüarı ilə çıxış edən aksiiya iştirakçıları Rusiya və İranın Suriyadan çəkilməsini tələb ediblər. Onlar Bəşər Əsədi "İranın sultanı" adlandırıb. Aksiya keçirilən gün prezident Əsəd Baş nazir İmad Xamisi tutduğu vəzifədən azad edib. Suriya prezidenti digər sərəncamı ilə su ehtiyatları naziri Hüseyn Arnusu baş nazir təyin edib. Bəşər Əsədin kadr dəyişikliyinin səbəbi açıqlanmır.

Digər tərəfdən son zamanlar Bəşər Əsədin nüfuzunu tam itirdiyi və hətta ən böyük dəstəkçisi sayılan Rusiyanın belə, Suriya prezidentindən narazı qaldığı barədə məlumatlar dolaşır. Ona görə də Bəşər Əsəd üçün hökumətdə aparıcı post tutan şəxsləri vəzifədən uzaqlaşdırmaqla prezident kürsüsünü saxlamağa və ictimai narazılığın qarşısını almağa çalışır. Ancaq aksiyalar davamlı olarsa, son dövrlər İraqda və Livanda baş verən etirazların Suriyaya da transfer dəctəyi istisna olunmur. Bu isə 2011-2012-ci illərdə ölkədə baş qaldıran kütləvi aksiyaların yenidən baş qaldırmasına səbəb ola bilər.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Livan, İraq və Suriyada etiraz aksiyalarının artmasının başlıca səbəbi İrana bağlı hərbi-siyasi və ideoloji qüvvələrin bu ölkələrdən çıxarılmasıdır. Yəni nümayişlər İraq, Livan və Suriyanın İrandan təmizlənməsi məqsədi daşıyır. "Çünki hər üç ölkədə sabitliyin yaranmasına İran qüvvələri mane olur. İranın isə həmin ölkələrdə mövcudluğunun əsas hədəfi düşməni olan ABŞ-ı və İsraili üçüncü dövlətin ərazisində qarşılamaq, onu İrandan uzaq tutmaqdır. Bu siyasətin qarşısını almaq üçün Livan İraq və Susiyadakı maraqlarının təmin edilməsini istəyən ABŞ İranın ona problem yaratdığını yaxşı bilir. Xüsusilə İran islam İnqilabı Keşikçiləri Qvardiyası terrorçu təşkilatlar sırasına daxil edildikdən və "Qüds" qanadının rəhbəri Qasim Süleymani zərərsizləşdirildikdən sonra bu istiqamətdə fəaliyyət göstərmək ABŞ üçün asanlaşıb. Yəni bu bölgədə İranın hərbi lideri yoxdur və ya fəaliyyət göstərmir. İraqda, Suriyada və Livanda cəmiyyətin narazılığı üçün çoxsaylı problemlər var. Bu problemlərin həllində də hər üç ölkənin hakimiyyətləri çətinlik çəkir. Adıçəkilən dövlətlərdə siyasi sabitlik olmadığına görə riskli sayılır və iqtisadiyyata investisiya cəlb etmək üçün təhlükə var. Məsələn, ABŞ-ın İraqdakı hərbi kontingentini azaldacağı ilə bağlı məlumatın yayılması İranın bölgədən sıxışdırılması üçün atılmış mühüm addımlardan biridir. Yəni İran beynəlxalq ictimaiyyət qarşısında "ABŞ bu bölgəni tərk etsin, mən də çıxım" tələbini qoya bilməz. Həm Əsəd rejimi, həm Rusiya, həm də İran beynəlxalq təzyiqlərə davam gətirməkdə acizdir. Məsələn Liviyada qiyamçı Xəlifə Həftərin məğlub olması bunu təsdiqlədi. Rusiyanın "Vaqner" muzdlu dəstəsi Liviyada feld-marşal Həftəri dəstəkləyirdi. Lakin baş verənlər göstərdi ki, Rusiyanın bu istiqamətdə mübarizə aparması və ya qiyamçıları müdafiə etməsi onun nüfuzuna ciddi zərbə vurur. İndi analoji proses İraq, Suriya və Livanda davam edir. Beynəlxalq ictimaiyyətin mövqeyi, həm də hər üç ölkədə baş qaldıran etirazlar Rusiyanı və İranın Suriya, İraq və Livanla bağlı siyasətində korrektələr etməsinə səbəb olub. Etiraz aksiyalarının baş verməsi bu prosesi sürətləndirə bilər. Əlbəttə, Rusiyanın bölgədən, xüsusilə də Suriyadan çıxması indiki şəraitdə real görünmür.

Amma Moskvanın bölgədə marağı olan dövlətlərlə öz maraqlarını uzlaşdırmadan qalması çətinləşəcək.

Məsələn, Rusiyaya İraqın neft sektorunda iştirak etmək lazımdır. Bu region ABŞ-a və digər dövlətlərə də zəngin neft ehtiyatlarına görə maraqlıdır. Rusiyanın İraqda və Suriyada da bu maraqları təmin edilə bilər. İrandan fərqli olaraq, Rusiya beynəlxalq ictimaiyyətlə daha asan dil tapa bilər. İraq, Livan və Suriyadan Rusiya və İranın sıxışdırılması ilə bağlı ciddi proseslər başlayıb və bu davam edəcək. Hesab edirəm ki, Rusiya və İran həm beynəlxalq ictimaiyyətin, həm də daxili etirazlara çətin davam gətirsin. Bəşər Əsəd rejimi də müəyyən manevrlər etməklə vəziyyətdən çıxamağa çalışır. Bu günlərdə su ehtiyatları naziri Hüseyn Arnusu Baş nazir təyin etməklə Suriya prezidenti günahı keçmiş hökumətin üzərinə yıxmağa çalışdı. Amma vəziyyətin baş nazirin dəyişməsi ilə düzələcəyi inandırıcı görünmür. Ölkədə vəziyyət daha ağırdır. Ona görə də Suriyada rejim, sistem dəyişikliyi baş verməlidir. Proseslər İraqda da, Suriyada da, Livanda da dünyaya baxışın dəyişilməsini tələb edir".
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 33925