hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İkinci dalğa: Türkiyəyə yeni sanksiyalar gəlir - Şərh

İkinci dalğa: Türkiyəyə yeni sanksiyalar gəlir - Şərh

ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper cümə axşamı bir qrup jurnalistlə görüşündə Rusiyadan “S-400” zenit-raket sistemləri (ZRS) aldığına görə Türkiyəyə tətbiq oluna biləcək  mümkün sanksiyaların bütün variantlarının nəzərdən keçirildiyini bildirib. 

Kuperin sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsi üçün heç bir müddət təyin etməyib.

Bildirək ki, bir müddət əvvəl də Amerika ilə Türkiyə arasında ciddi problemlər yaşanmışdı. Belə ki,  terrorçu qruplaşma ilə əlaqədə adı keçən amerikalı keşiş Endryu Bransona görə Amerikaya verməkdən imtina edən Türkiyə iqtisadi böhranla üzləşməli oldu və nəticədə dolların dəyəri 7 lirəyə qədər çatmışdı.

Maraqlıdır, hazırda da Türkiyədə kesis qalmaqalında olduğu kimi iqtisadi böhran, lirənin dəyərdən düşməsi gözlənilirmi? İqtisadi sanksiyalar Ərdoğan hökuməti üçün nə vəd edir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri ilk növbədə Türkiyəyə qarşı ciddi iqtisadi sanksiyanın gözlənilmədiyini bildirib, bunun səbəbini isə ticarət əməkdaşlığı ilə əlaqələndirib:

“Açığı Türkiyəyə qarşı bu gün ciddi mənada heç bir iqtisadi sanksiyanın tətbiq olunması gözlənilmir. Biz bunu ticarət əməkdaşlığını 100 milyard dollara qədər qaldırmaq məsələsində müşahidə etdik. Bu gün sanksiyalarla paralel ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ticarət əlaqəsinin 100 milyard dollara qədər artırılması ilə bağlı şifahi də olsa, razılaşma mövcuddur. Bu kontekstdə son günlərdə ABŞ-ın ticarət naziri Türkiyəyə rəsmi səfər edib. Bu  da gələcək perspektivdə ticari və iqtisadi yöndə iki dövlətin arasındakı əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması qənaətini ortaya qoyur və bunu düşünəndə hiss olunur ki, bu sanksiya xarakterli açıqlamalar heç də  birmənalı olaraq ABŞ-ın Prezident Administrasiyasının fikri deyil. Bu, ABŞ-da Türkiyəyə qarşı olan bəzi güclərin, xüsusilə də Pentaqonun və Konqresdə mövcud olan bəzi qüvvələrin istəyidir”. 

Politoloq iqtisadi sanksiyadan daha çox hərbi sanksiyanın tətbiq oluna biləcəyini diqqətə çatdırıb:

“Ümumilikdə sanksiya dedikdə hərbi yöndə sanksiyalardan söhbət gedə bilər. Yəni patriot raketlərin, F-35 qırıcı təyyarələrin istehsal layihəsindən Türkiyənin çıxarılması və ən nəhayət, müəyyən hissəsinin ödənilməsinə baxmayaraq,  F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməməsi məsələsi ola bilər. Bundan ötəsini düşünmürəm, çünki  bunun üçün çox ciddi zəmin olmalıdır və hazırda yoxdur”.

Natiq Miri eyni zamanda qeyd edib ki,  iqtisadi sanksiyalardan danışılacağı təqdirdə bunu sadəcə olaraq ABŞ-ın Türkiyəyə təzyiq mexanizmi kimi düşünmək lazımdır:

“Əgər iqtisadi sanksiyalardan danışırıqsa, bunu ABŞ-ın Türkiyəyə təzyiq mexanizmi olaraq düşünmək lazımdır.  Sanksiya fikrinin,  əsasən, Rusiyadan hava hücumundan müdafiə sistemi olan S-400-lərin alınması ilə bağlı olduğu  bildirilsə də, əslində düşünürəm ki, bu daha çox Türkiyənin Suriyanın şimalında və Fərat çayının  şərqində keçirmək istədiyi hərbi əməliyyatlarla bilavasitə bağlıdır.  ABŞ zaman-zaman iqtisadi sanksiyaların müzakirə olunduğu ilə bağlı açıqlamalar verməklə Türkiyəni bu addımdan çəkindirmək istəyir. Ayrıca ABŞ bu cür təzyiqlə həm də S-400-lərin  2020-ci ilin yazında aktivləşdirilməsinin qarşısını almaq istəyir. Bu gün ABŞ Türkiyəyə tövsiyə edib ki, S-400-ləri aldığınızla bağlı reallığı qəbul edirik. Ancaq yetər ki, siz bunu anbarlarda saxlayın və aktivləşdirməyin və təbii ki, Türkiyə bu şərtlərin heç birini qəbul etmir və düşünürəm ki, etməyəcək.   Artıq Türkiyədə bəyan olunub ki, 2020-ci ilin yazında S-400-lər lazım olan mövqelərdə yerləşdiriləcək və aktivləşdiriləcək. Düşünürəm ki, indiki geosiyasi gərginlik vəziyyətində, xüsusilə də Şərqi Aralıq dənizində enerji daşıyıcıları məsələsi ilə bağlı ciddi gərginliyin mövcud olduğu bir ərəfədə Türkiyənin S-400-lərin aktivləşdirilməsinə böyük ehtiyacı var və bu, 2020-ci ildə heç bir güzəşt olmadan yerinə yetiriləcək. Bunu ona görə söylədim ki, bütün bu iqtisadi sanksiyaların müzakirə olunması ilə bağlı verilən açıqlamalar bilavasitə Türkiyəni bu addımlardan çəkindirmək xarakteri daşıyır”. 

Həmsöhbətimiz vurğulayıb ki,  ehtimal olaraq iqtisadi sanksiyaların tətbiq olunsa belə, bu Türkiyə iqtisadiyyatına əsaslı şəkildə təsir göstərməyəcək:

“İqtisadi sanksiyalar tətbiq olunarsa, düşünürəm ki, Türkiyə elə bir ciddi iqtisadi böhranla üz-üzə qalmayacaq. Çünki artıq Türkiyə bir neçə iqtisadi islahatla öz iqtisadiyyatının təməli üçün müəyyən mənada bir immunitet yarada bilir. Ayrıca son zamanlar Türkiyə prezidenti Türkiyənin Mərkəzi Bankın sədrini dəyişməklə bu prosesdə də xarici təsirləri minimuma endirdi. Yeni Mərkəzi Bankın sədrliyinə gələn şəxs artıq neçənci dəfədir ki,  faizlərin aşağı düşməsi ilə bağlı konkret qərar verib. İki gün əvvəl də 3,25 % faizləri aşağı salmaqla dolların dəyərinin qalxmasının qarşısını aldı. Bu fakt göstərir ki, Türkiyə gələcəkdə də xarici qlobal maliyyə şəbəkələrinin sifarişi ilə faizləri artırmayacaq, əksinə faizlərin düşürülməsi ilə həm lirənin güclənməsi, həm də infilyasiyanın aşağı düşməsini təmin edəcək. Artıq bu yöndə təkcə Türkiyədə deyil, hətta Qərb dünyasında da Türkiyə iqtisadiyyatının təməlinin möhkəm olduğu haqqında açıqlamalar verilir. ABŞ-ın iqtisadi sanksiyalarla bağlı təzyiq xarakterli açıqlamalarına rəğmən düşünürəm ki, Türkiyə iqtisadiyyatında elə bir ciddi iqtisadi böhran yaşanmayacaq, lirə də ciddi sarsıntılara məruz qalmayacaq”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1739