hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İlham Əliyev: "Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ Respublikası”nı"

İlham Əliyev: "Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ Respublikası”nı"

“Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!

Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakəndə səfərdə olarkən deyib.

Prezident “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”, - deyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4500