hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İlham Əliyev:"Modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi həll olunur"

İlham Əliyev:"Modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi həll olunur"

“Hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayıların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri görürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək”.

Cebhe.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

Dövlət başçısı bildirib ki, bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb: “Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik”.

Azərbaycan Prezidentinin sözlərinə görə, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır: “Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək”.

Prezident İlham Əliyev əlavə edib ki, pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi: “Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir”.

Cebhe.info


Oxunma sayı: 1563