hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İmkansız ailələr nə vaxt “ev”lənəcək?

İmkansız ailələr nə vaxt “ev”lənəcək?

Bu gün ölkədə mənzil sahibi olmaq istəyən minlərlə insan var.

Nağd vəsaitlə ev almaq çətin olduğundan bəziləri uzun illər kirayə mənzillərdə qalmalı olurlar. Nəzərə alsaq ki, hazırda kirayə bazarında qiymətlər kifayət qədər bahadır. 1 otaqlı mənzil hələ mərkəzdən kənarda 200-500 manat civarındadır. Bu durum kirayədə qalan şəxsin gələcəkdə ev almaq ümidlərini də sıfıra endirir. “Kirayədə verdiyim pulu ipoteka ilə ev götürüb ora ödəyərəm, sonda da mənzil mənə qalar” deyimi də artıq real görünmür.

Çünki ipoteka kreditlərinin şərtləri o qədər ağırdır ki, sosial təminatı aşağı olan ailələr bu şərtlərə uyğun gələ bilmir. Azərbaycanda hazırda sosial təminatı az olan ailələrin ev sahibi olması üçün iki yol var: ipoteka krediti və sosial mənzillər. Amma hər iki variantda da şərtlər ağır olduğundan insanların bu kredit növünə çıxış imkanları məhduddur. İpoteka kreditlərindən ev sahibi olmaq üçün güzəştli şərtlər də mövcuddur. Məsələn, güzəştli ipoteka krediti almaq üçün iş stajı və sığorta tələb olunur. Amma bu kredit növündən istifadə etmək üçün mütləq qaydada aşağıdakı şərtlərə uyğun olmaq lazımdır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
Əgər sadalanan şərtlərə uyğun olarsa, maksimum 100 manat məbləğindan ipoteka krediti götürüb 360 ay ərzində qaytarmaq lazımdır. Təbii ki, hər il üçün 4 faiz ödəmək şərtilə. Satış şərtləri əlverişli olmayan sosial mənzillər də bütün vətəndaşlar üçün əlçatan deyil. Sosial mənzillərin satış şərtləri də təxminən güzəştli ipoteka krediti ilə eynidir. Sosial mənzillərə təyin olunan qiymətlər isə ortalama bazar qiymətlərinə bərabərdir.

Ev sahibi olmaq üçün üçüncü yol isə hələlik mexanizmi tam bəlli olmayan kirayə müqaviləsi ilə ev sahibi olmaqdır. Yəni, kirayə qaldığın mənzil müəyyən dövrdən sonra kirayə qalan şəxsin adına sənədləşdirilir, təbii ki, əvvəlcədən ev sahibi ilə razılaşdırılmış məbləğ tam ödənildiyi halda. Bununla bağlı prezident İlham Əliyev cari ilin yanvar ayında müvafiq sərəncam imzalayıb. Qaydaya görə, satmaq öhdəliyi ilə kirayə müqaviləsi - kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanan müqavilədir. Bu, digər iki, ipoteka krediti və sosial mənzillərdən daha əlverişli üsul hesab olunsa da, hələlik bu qaydaların hansı mexanizmlə həyata keçiriləcəyi, bu məsələlərin necə tənzimlənəcəyi məlum deyil.

Qaydalara görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş mənzil alınacaq. Sonra alınan mənzil, müraciət edən vətəndaşa kirayə müqaviləsi ilə üç ildən 25 ilədək kirayəyə veriləcək. Bu zaman bir şərt var ki, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Yəni, 1 illik kirayə haqqı öncədən ödənilməli olacaq.

Ekspertlər hesab edir ki, əslində ipoteka və sosial mənzillər aztəminatlı ailələr üçün əlçatmaz olduğundan hökumət bu cür yeni mexanizmlərə getməyə məcburdur. İpoteka kreditlərinin şərtlərinin ağır olduğu Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb. Ombudsman hesab edir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsi, bu məqsədlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi zəruridir.

Ekspertlər hesab edir ki, bu, çox vacib məsələdir və təkcə Ombudsmanın dediyi şəxslər deyil, bütün imkansız ailələr üçün sadə şərtlərlə güzəştli ipoteka krediti verilməlidir. Məsələn, iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanda sosial evlər layihəsini rekonstruksiya edərək ipoteka kreditlərinə uyğunlaşdırdılar:

“Bunun da səbəbi o idi ki, bu layihəni həyata keçirənlər həmin evləri kimə satacaqlarını əvvəlcədən bilirdilər. Yəni, o evlər əslində layihədə nəzərdə tutulduğu kimi, ölkənin imkanları zəif olan əhali qrupuna görə nəzərdə tutulmayıb. Sosial evlər adi qaydada kommersiya məqsədilə satılan evlərə uyğundur. Qiymətləri də təqribən eynidir. Sadəcə olaraq adı sosial evdir. Bu cür sosial ev layihəsi olmur. Təklif olunan qiymətlərlə adi şirkətlər də mənzillər satır. Bu layihə Azərbaycanda çərçivəsindən, təyinatından çıxarılıb”.

Digər tərəfdən tikinti şirkəti də daxili kreditlə məzillərini satırlar. Onların təklif etdiyi şərtlər isə bir çox hallarda ipoteka şərtlərindən daha sadə və əlçatan olurlar. Məsələn, hazırda bir çox tikinti şirkətləri ilkin ödənişsiz, illik sıfır faizlə (ipoteka kreditində ilkin ödəniş 30 faiz, illik faiz dərəcəsi isə güzəştli 4, güzəştsiz 8 faizdir -müəl.) mənzillər təklif edir. İqtisadçılar hesab edir ki, ipoteka şərtləri daha da sadələşdirilməli və aztəminatlı ailələr üçün əlçatan olmalıdır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2711