t İmpiçment Trampa xal qazandırır?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

İmpiçment Trampa xal qazandırır?

İmpiçment Trampa xal qazandırır?

ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələr davam etdirilir. İddianı Nümayəndələr Palatasının demokrat üzvləri qaldırıb.

“Biz iddiamızı təqdim etdik. Cümə axşamı isə prezidentin səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı faktların qanunauyğunluğunu yoxlayacağıq" , - deyə konqresmen Adam Şiff çərşənbə günü keçirilən məhkəmənin ilk günü bildirib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə rəhbərlik edən Demokrat Şiff ilk səkkiz saatlıq iclasda Trampa qarşı iddianın əsasını ortaya qoyan prokuror vəzifəsini icra edən Nümayəndələr Palatası menecerlərindən biri olub. Onlar cümə axşamı və cümə günü də iddialarını təqdim edəcəkləri gözlənilirdi. Daha sonra isə Trampın vəkillərinə müdafiələrini təqdim etmələri üçün çox güman ki, şənbə günündən etibarən 24 saat veriləcəyi bildirilib.

Politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında deyib ki, demokratlar iddialarında qətidirlər:

“Demokratlar Trampa qarşı impiçmentin təsdiqinə çalışır. Bu siyasi blef deyil. Bu, sözün əsl mənasında 2020-ci il Amerikada prezident seçkiləri öncəsi Trampı ictimai nüfuzdan salmağa yönəlmiş bir prosesdir. Bu həm də qorxulu bir addımdır. Çünki bu prosesdə Tramp ictimai rəydə Demokratların düşündüyünün əksinə nüfuz da qazana bilər. Yəni bir növ haqsız yerə əzilən və ittiham olunan prezident, təmiz imicini qazanmaqla ictimai rəydə nüfuz da qazana bilər. Demokratların istədikləri nəticəyə çata biləcəyi birmənalı deyil. Onu da nəzərə almaq lazımdır ki, bu dinləmələr Senatın nəzdində keçirilir və orada Trampın da üzv olduğu Respublikaçılar partiyası üstünlük təşkil edir. Ona görə də səsvermədə Respublikaçıların Demokratlara dəstək verəcəyini gözləmək əbəsdir. Çünki Respublikaçılar impiçment məsələsində Trampın əleyhinə səs verərlərsə və bu proses baş tutarsa, prezident seçkiləri zamanı onların namizədi çətin vəziyyətdə qala bilər. Tramp 2020-ci il prezident seçkiləri üçün Respublikaçıların ən öndə gedən və daha çox səs ala biləcək namizədidir. Ona görə də bu dinləmələrdə Senatın da prosesə dəstək verəcəyini düşünmürəm. Doğrudur, bu proses sona qədər davam edəcək, dinləmələr aparılacaq. Ancaq hesab edirəm ki, nəticə etibarı ilə Trampın impiçment qərarı qəbul olunmayacaq. Bu da seçkilərdə Trampın xeyrinə işləyəcək amil ola bilər. Trampın prezident postundan getməsi siyasi cəhətdən Demokratlara sərf edir. Çünki, Trampı 2020-ci il prezident seçkilərində o qədər də aşağı reytinqli bir namizəd kimi görmürlər. Bu gün ABŞ-ın iqtisadiyyatı əvvəlki illərlə nisbətdə xeyli artımla özünü göstərib. Demək olar ki, iqtisadiyyatda müəyyən qədər stabilləşmə və büdcədə artım qeyd olunmağa başlayıb. Bu da Trampın reytinqinin artmasına təsir edən amillərdəndi. Demokratlar impiçment məsələsi ilə yalnız Trampı deyil, ümumilikdə Respublikaçılar partiyasını nüfuzdan salmaq istəyirlər”.

Qeyd edək ki, Nümayəndələr Palatası ötən ilin dekabrında Trampa qarşı iki maddə üzrə - səlahiyyətlərindən sui-istifadə etmək və Senatın fəaliyyətinə maneçilik törətmək - ittiham irəli sürüb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 6865