hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İndi virusun özü, sonra qorxusu: Dünya turizmi "dalan"dan necə çıxacaq?

İndi virusun özü, sonra qorxusu: Dünya turizmi "dalan"dan necə çıxacaq?

Məlumdur ki, yeni növ koronavirus bir çox gəlir sahələrinin ümumi qazancını demək olar ki, sıfıra endirib.

Ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi olub. Hazırda bir çox sahələrdə yumşalmalar olsa da, turizm sahəsində ciddi dərəcədə yumşalmalar müşahidə edilmir.

Belə nəticəyə gəlirik ki, 2020-ci il turizm üçün itirilmiş il hesab edilir.

Bu sahə gəlirlərini neçə ilə bərpa edə bilər? Gözləntilər nədir?

Mövzu ilə bağlı Cebhe.info-ya da danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünya üzrə araşdırmalar onu göstərir ki, ən optimist ssenari üzrə dünya turizmi 2019-cu il səviyyəsinə 2022-ci ildə gələ bilər:

“Proqnozlara görə, gələn il də turizm sahəsi üçün ağır olacaq. Pessimist ssenariyə görə, 4 ildən sonra turizm sahəsinin 2019-cu il səviyyəsinə qayıdacağı gözlənilir. Bu hesablamalar ən ağır ssenarini nəzərə alaraq aparılıb. Ümumdünya Turizm Təşkilatı tərəfindən bu yaxınlarda hesabat yayımlanıb. Azərbaycan da təbii ki, dünyada gedən proseslərdən kənarda qala bilməz. Turizmin yenidən işə düşməsinin əsas səbəbi virusla bağlı məsələnin dünya üzrə həllinə doğru gedilməsi ilə ola bilər. Yəni sərhədlərin açılması, aviareyslərin bərpa olunması bura daxildir”.

Ekspert qeyd edib ki, hətta gələn ilin əvvəllərində belə turizm sahəsinin əvvəlki fəaliyyətinə qayıtması ilə bağlı ciddi addımların, gəlişmələrin olması ehtimalı çox aşağıdır:

“Dünyanın ən çox sərnişin daşıyan avia şirkətlərindən biri olan “Low cost” şirkəti noyabrın 1-dən mart ayının 1-dək reyslərini 50%-ə qədər azaldacağı ilə bağlı qərarı dünən açıqlayıb. Bu onu göstərir ki, onlar öncədən proqnozlaşdırıblar, bron edilmiş biletləri hesablayıblar. Görürlər ki, insanların uçuşlara marağı azalıb. Ona görə də öz uçuşlarını 50% azaltmaqla bağlı qərar veriblər.

Ümumilikdə bu tendensiya davam edəcək. Çox güman ki, virusla bağlı hər hansı bir pozitiv gəlişmə olarsa, yəni vaksinin tapılması, yaxud da geniş yayılması insanların vaksinasiyadan keçməsi, vaksinin daha ciddi effekt verməsi ehtimalı- bütün bunlar nə qədər tez olarsa, turizmin inkişafı, turizmin açılması ilə bağlı qərarlar da bir o qədər tez olacaq.

Düşünürəm ki, gələn il də dünyada turizm üçün o cümlədən Azərbaycanda da turizm üçün çox çətin, ağır illərdən biri olacaq. Yəni 2020-ci ilin davamı kimi 2021-ci ildə də bu proseslərin getməsini gözləyirəm. Hətta virusla bağlı pozitiv dəyişiklik olsa belə, insanların davranış qaydalarında uzun müddət virus, yoluxma qorxusu qalacaq. Ona görə də insanların səyahət alışqanlıqlarının dəyişəcəyini düşünürəm”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1442

Bizim Telegram səhifəmizi izləyin