hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

İnhisarçı sahibkarların qiymət siyasəti: Təzadlı inflyasiya rəqəmləri

İnhisarçı sahibkarların qiymət siyasəti: Təzadlı inflyasiya rəqəmləri

Azərbaycanda illik inflyasiya 2,1 faizdən 2,4 faizə yüksəlib.

Aylıq inflyasiya isə 0,6 faizdən 0,4 faizə düşüb. 2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.

Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Aprel ayı ərzində düyünün, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yoqurtun, xamanın, kərə, qarğıdalı və zeytun yağlarının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, heyvanın, şabalıdın, kələmin, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, quru noxud və lobyanın, mərcinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdu. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdi.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, mobil telefonların, sementin, kərpicin, kəsilmiş taxtanın, nitro boyaların qiymətlərində bahalaşma, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdu. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdi.

Cari ilin aprel ayında mart ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, respublikadan kənara istirahət turlarının, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla, digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmayıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 Müqayisə üçün bildirək ki, istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən MDB ölkələrindən Qırğızıstanda 99,7 faiz, Moldovada 102,5 faiz, Qazaxıstanda 105,0 faiz, Rusiyada 105,2 faiz, Belarusda 105,9 faiz, Tacikistanda 106,6 faiz, Ukraynada 108,9 faiz təşkil edibdir (Azərbaycanda 102,1 faiz).

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda həm ərzaq məhsulları, həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilən xidmətlərin bir hissəsi sürətli tendensiya ilə bahalaşır: “İnflyasiya ölkədə bahalaşmanın ümumi səviyyəsini göstərir. Mal və xidmətlər bahalaşır, bunun müqabilində manat nominal olaraq qalsa da, real olaraq dəyər itirir. Ölkə əhalisi ayda nə qədər bahalaşmanın olduğunu müşahidə edə bilər. Bu gün ölkədə alternativ inflyasiyanın ölçülməsi ilə məşğul olan QHT-lər yoxdur. Amma ekspertlərin apardığı müşahidələr göstərir ki, Statistika Komitəsinin açıqladığı rəqəmlər kiçildilib. Əhali evinə aylıq və yaxud həftəlik bazarlıq edir. O, ötən ay aldığı məhsulla bu ay aldığı məhsul arasındakı qiymət fərqini asanlıqla müəyyən edə bilər. Aydın görünür ki, inflyasiyanın səviyyəsi Statistika Komitəsinin açıqladığından xeyli yüksəkdir. İnflyasiyanın ölçülməsi çox geniş spektrli prosesdir. Bu gün Azərbaycanda bu proseslə yalnız Statistika Komitəsi məşğul olur. Əvvəllər İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiyanın ölçülməsi ilə məşğul idi. Həmin göstəricilərlə dövlət komitəsinin göstəriciləri arasında az qala 2-3 dəfə fərq olurdu. Hesab edirəm ki, bu gün belə bir misiya ilə hər hansı bir ictimai təşkilat məşğul olsa, aydın şəkildə Statistika Komitəsinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini görmək olar. Ölkədə qiymət artımının davamlı artmasının əsas səbəbi daxildə iqtisadi qaynaqların məhdud olmasıdır. Əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi tendensiyası zəif inkişaf edir. Hətta bir sıra məhsullar sürətlə geriyə doğru istiqamət götürüb.

Buna görə də ölkənin daxili bazarı idxaldan asılıdır. Məlumdur ki, idxal da monopoliyadadır. Bəzən obyektiv və subyektiv səbəblərdən qiymət artımı tendensiyası stimullaşdırılır. Bəllidir ki, monopoliya olan yerdə rəqabət olmur. Belə bir şəraitdə sahibkar həmişə qiymət artımına meylli olur. Çünki hər bir sahibkar çox qazanmaq istəyir. Amma Avropadakı, Amerikadakı sahibkarların qarşısında bir rəqabət mühiti dayanıb. Sahibkarlar həmin rəqabət mühitindən çəkinirlər, alıcı itirmək qorxusu subyektiv qiymət artımına yol verə bilmirlər. Qiymətin formalaşması obyektiv təsirlər altında gedir. Çox təəssüf ki, Azərbaycanda rəqabət mühiti olmadığına görə, sahibkar həm obyektiv, həm də subyektiv səbəbdən qiymətləri artıra bilir. Çünki bazarın tək diktəçisi odur”.

Ekspert hazırda bazarlarda daha çox istifadə olunan ərzaq məhsulları üzrə qiymətlərin yüksək olduğunu da deyib: “Burada mövsümi amillər də əsas rol oynayır. Yeni məhsullar çıxmalıdır ki, kənd təsərrüfatı məhsulları ucuzlaşsın. Mövsümi tendensiya bahalaşmanı diktə edir. Amma xarici amillərin təsiri altında bazarlarda bütün seqmentlər üzrə tendensiya ancaq bahalaşmaya doğrudur”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 584