hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İnqilablara xərclənən milyardlar: Ağ Ev kursu dəyişir?

İnqilablara xərclənən milyardlar: Ağ Ev kursu dəyişir?

ABŞ Prezidenti Donald Tramp deyib ki, Yaxın Şərqə girmək ABŞ tarixinin ən böyük səhvidir.

Tramp Bunu İsraillə ərəb ölkələrinin normallaşma sazişi imzalaması ilə bağlı danışarkən deyib və əlavə edib ki, daha 5 ölkə də bu sazişə qoşulacaq.

“Oraya getdik və hər iki tərəfdən çox sayda insan öldü. Bu dəhşətli bir səhv idi” - Tramp əlavə edib.

Bundan əvvəl də ABŞ, Əfqanıstandan, İraqdan və Suriyadan hərbi qüvvələrinin bir hissəsini geri çəkdiyini bildirmişdi. Hazırkı vəziyyətdə Trampın səsləndirdiyi peşmanlıq ifadələri siyasi siferada marağa səbəb olub.

Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Yaxın Şərqə girmək ABŞ-ın nüfuzunu zəiflətdi:

“Donald Tramp ilk seçki kampaniyasında da Amerikanın başqa dövlətlərin daxili işinə qarışmayacağını bildirmiş və demişdi ki, ABŞ dünya polisi deyil. O bildirmişdi ki, ABŞ yalnız öz iqtisadi dirçəlişi üçün çalışacaq. Həqiqətən də Tramp hakimiyyəti dövründə Əfqanıstandan, İraqdan və Suriyadan qoşunlarının bir hissəsini çıxardıb. ABŞ 2001-ci ildə Əfqanıstana müdaxilə etməklə, 2003-cü ildə İraqa girməklə beynəlxalq münasibətlər sisteminə çox böyük zərbə vurdu. ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Yaxın Şərqdə anarxiya hökm sürməyə başladı. Amerika hərb yolu ilə sözügedən ölkələrə demokratiya gətirəcəyini iddia edirdi. Lakin bu onun iqtisadiyyatına çox ciddi zərbə vurdu. Yəni Amerika bu müdaxilələr zamanı həm canlı qüvvə itirdi, həm də xeyli maliyyə vəsait sərf etdi. Tramp biznesmendir. ABŞ-ın hər bir maliyyə itkisi onun üçün dözülməzdir. Ona görə də Tramp bu hərbi müdaxilələri mənasız hesab edir. Tramp ABŞ-ı dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevirən proqramına malikdir və bu iqtisadi güclə sələflərindən fərqli olaraq, dünyanı idarə etməyi hədəfləyir. Sələfləri isə bir neçə dövlətdə çevriliş etməklə Amerikanın nüfuzunu saxlamağa çalışırdı. Göründüyü kimi, Tramp yumşaq güc siyasəti ilə dünya üzərində Amerikanın siyasətini qoruyub saxlayır. Eyni zamanda ABŞ bu iqtisadi siyasətini gücləndirmə yolunda Çin və Rusiya kimi ölkələrə müxtəlif embarqolar tətbiq etdi. Həqiqətən Yaxın Şərqə girmək sabiq prezident Barak Obamanın da dövründə ABŞ-ın nüfuzunu zəiflətdi. Bu isə Yaxın Şərqdə İran və Rusiyanın mövqelərinin güclənməsinə səbəb oldu”.

Politoloq hesab edir ki, Trampın dilindən səslənən peşmanlıq notları həm seçkiqabağı reytinqə, həm də Ərəb ölkələrini İsraillə normallaşma sazişini imzalamağa hesablanıb:

“Hazırda Tramp ağıllı siyasət yürüdərək Ərəb ölkələri ilə İrail arasında normallaşmanı planlaşdırır. Bu isə İran kimi ölkələrdə qıcıq yaradır. Amma bu strateji plandır. Bundan sonra fələstinlilər də sülh və sabitlik içində yaşayacaq. Bir neçə ildən sonra İraillə Fələstin arasında iki dövlət modeli ortaya çıxa bilər. Çünki Ərəb ölkələri ilə İsrail arasında barışıq əldə edildikdən sonra Fələstin mövcud vəziyyətlə barışıb, İsraillə müəyyən qədər kompromisə gedə bilər. Bu gün Trampın çıxışı məhz bu normallaşma sazişi ilə də bağlıdır. Çünki əvvəllər Amerika hərbi texnikalarla Şərq ölkələrinə girdi və burada milyardlarla vəsait itirdi. İndi Tramp bunu peşmanlıqla qeyd edir. Həm də Tramp bunu deməklə qarşıdan gələn prezident seçkilərində divident qazanmağa çalışır. Yəni Tramp göstərmək istəyir ki, Demokratlar hakimiyyəti dövründə xaos yaranıb və Co Bayden seçilərsə, yenidən eyni vəziyyət olacaq. Tramp bu subliminal mesajları verməklə seçkilərdə prezidentliyə gedən yolda hədəflərinə çatmağı planlayır. Hesab edirəm ki, bu fikirlər Amerika ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq. Nəticədə həmin addımlar onun lehinə işləyə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 991