hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İntihar SOS-u: Sosial gərginlik, pandemiya, işsizlik, karantin, harasa gedə bilməmək... - MÜSAHİBƏ

İntihar SOS-u: Sosial gərginlik, pandemiya, işsizlik, karantin, harasa gedə bilməmək... - MÜSAHİBƏ

Çox təəssüf ki, intiharlar son günlərin əsas mövzularından birinə çevirilib.

Ardıcıl olaraq insanların özlərinə qəsd etməsi xəbərləri yayılır. Həmin şəxslərin heç də hamısının yetkin yaşda olanlar deyil, gənclər olması daha narahatedici bir məqamdır.

İnsanların özünə qəsdinə gətirib çıxaran amilləri, eyni zaman kəsiyində ardıcıl intihar hallarının baş verməsində ümumi səbəblərini araşdırmağa çalışdıq.

Cebhe.info-nun müsahibi psixoloq Vəfa Əkbərdir.

-İnsan hansı psixoloji durumda olmalıdır ki, canına qəsd etsin?

-İnsan tükənməli, ətrafdan heç bir anlayış, dəstək görməməli, qazandığı uğurların əlindən çıxması ilə bağlı sıxıntılar, emosional boşluq yaşamalıdır ki, bu hala kimi gəlib çıxsın. Əslində bu, affekt vəziyyəti, ani bir qərardır. Həmin an ona kömək olsa, onunla danışılsa və ya psixoloqa müraciət olunsa, fikrindən daşına bilər. Bunun əvəzində danlaq, onu günahlandırmaq kimi bir durum yaransa, yenidən intihara təşəbbüs edə bilər.

-Çox təəssüf ki, son günlər ərzində ardıcıl intihar xəbəri aldıq. Hətta bir gündə 3 intihar baş verdi. Məlumdur ki, hər bir şəxslə bağlı məsələni araşdıranda fərqli səbəblər ortaya çıxacaq. Amma bu cür durumun yaranmasının hansısa ümumi səbəbləri varmı?

-Artıq bu durum onu göstərir ki, sosial gərginlik var. Ən güclü, ən çevik nəsil gənc nəsil hesab olunur. Əgər bu gün intihar edənlərin çoxu gəncdirsə, bu, SOS siqnalıdır, deməli artıq bu gün sosial gərginlik, tükənmişlik var. Məişətlənmə gəncləri intihara daha da təhrik edir. Bununla bağlı kütləvi informasiya vasitələri maarifləndirmə aparmalı, telekanallara müğənniləri, başqa sahənin həkimlərini çağırıb ”boş-boş” d sosioloqlar, psixoloqlar dəvət etməli, səbəblər aydın şəkildə izah olunmalı, statistik məlumatlar ortaya qoyulmalıdır. Gənclərə kriz zamanı bundan necə çıxmağın yolları ilə bağlı motivasiyaedici yardım olmalı və davamlı olaraq aparılmalıdır.

-Mümkündürmü ki, kimsə özünə qəsd edir və çətin durumda olan insan bunu çıxış yolu olaraq görməyə başlayır? Hətta belə bir yanaşmada da var ki, intiharlarla bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yer alması ziyanlıdır.

-Əslində tükənmişlik sindromu var və sosial gərginlik ailədə gərginliklə üst-üstə düşür. Həmin insanı heç kim anlamır və o, heç bir çarə tapa bilmir, dərdini danışmağa heç bir insan da yoxdur. Belə bir xəbər aldıqda təbii ki, “yazıq yaxşı canını qurtardı, mən qalmışam” kimi fikir yarana bilər. Amma bu, sırf o demək deyil ki, biri özünü atdı deyə digərləri də atmağa cəhd edir. Bu, sosial, ictimai gərginliyin nəticəsidir. İnsanlar bunu aşmağı təkbaşına bacarmırlarsa, deməli, artıq kütləvi formada maarifləndirmə getməlidir. Hesab edirəm ki, kütləvi informasiya vasitələrinin maariflənfdirmə xarakterində bu cür informasiyaları yayması daha doğrudur. Bunu etmirlərsə, reklam xarakteri daşıyır, özlərinə bonus qazanırlar. Amma bu məsələdə bəzən sosial şəbəkələri günahlandırırlar. Sosial şəbəkələrin heç bir günahı yoxdur. Əgər günahkar axtarırıqsa, bu, kütləvi informasiya vasitələrinin boynuna yazılmalıdır ki, onlar bu məsələyə ayıracaqları vaxtı boş şeylərə sərf edirlər. Kim boşandı, kim barışdı, hansı müğənni nə qədər borc aldı, kimdən borc aldı... Bunun millətə nə kimi xeyri var və ya hansı maarifləndirici məlumatı özündə əks etdirir ki? Bu gün gənclər çıxılmaz vəziyyətdədir və intihar edirlər. Televiziyalarımız isə öz həyatında heç bir uğur qazanmamış şəxsləri çağırıb ondan məsləhət alırlar. Formalaşmış, sözünü demiş mütəxəssislər gəlməlidir. Onların bununla bağlı nəsə demək üçün söz haqları var, onlar çıxış yolunu göstərə bilərlər.

-Müharibə iştirakçılarımız arasında çox təəssüf ki, intihar edənlər oldu. Hətta vəziyyət o həddə çatdı ki, müharibə iştirakçılarına, şəhid ailələrinə psixoloji dəstək üçün komissiya yaradıldı. Müharibə dəhşətləri insanın psixologiyasında hansı izləri buraxır ki, onu intihara sürükləyir?

-Qazilərimiz başqa bir durumun şahidi olublar və onların tamam başqa bir psixologiyası var. Onların çıxılmaz duruma düşmələrinin səbəbi tamam fərqlidir. Hesab edirəm ki, bu, bir qədər fərqli mövzudur. Onun müharibədə iştirak etməmiş gənclərin intiharları ilə hər hansı əlaqəsi yoxdur. İndiki durumda sosial gərginlik, pandemiyanın ətrafı sıxması, işsizlik, sosial izaloyasiya, harasa gedib fikrini dağıda bilməmək, beyində daim eyni fikrin fırlanması insanı çarəsizliyə gətirib çıxarır və inihara sövq edir.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 5754