hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

İqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb - EKSPERT

İqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb - EKSPERT

“2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişiklikləri ilə müşahidə olunur”. 

Cebhe.info xəbər verir ki, bunu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, ilkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salıb:

“İyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin (dövrünün) ləngiməsinə yol açıb. Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar. Lakin göründüyü kimi, iyulun birinci yarısını başa vursaq da məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayiət olunub. 

Elə bu dəqiqələrdə əsas pomidor istehsalçısı olan Xaçmaza güclü yağış yağır. Adətən iyulda yayın cırhacırını yaşayırdıq, bu gün isə əynimizi qalın edib oturmuşuq, yağışın kəsməyini gözləyirik. Pomidorlar isə sahədə ağarıb qalıb. Havalar məhsulun yetişməsinə imkan vermir. Bir neçə dəqiqə əvvəl zəng vurduğum Tərəvəzçilik Elmi Tətqiqat İnstitunun Xaçmazda yerləşən bölgə təcrübə stansiyasının rəhbəri Aləmşah müəllim belə dedi. 

İnstitutun Lənkəran rayonunda yerləşən elmi təcrübə stansiyasının rəhbəri Həzər müəllim isə dedi ki, bir neçə gündür yağan yağış axşam dayanıb: “ Yağışlar nəticəsində məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsini artması göbələk xəstəliklərinin artmasına da səbəb olur”. 

Havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı insanlar üzərində də stress amilini gücəndirir. Son günlər hamı bir - birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirirlər. Avropa Myevə-Tərəvəz İstehsalçıları Assosasiyası olan “Ardo”nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir”.

Ekspert əlavə edib ki, qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb:

“Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb. Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə “tabe olmayıb”, xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayiət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilədək qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayiət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 892