hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İqtisadçı "uşaq pulu"na qarşı olanların arqumetlərini bir-biri "sıradan çıxartdı"

İqtisadçı "uşaq pulu"na qarşı olanların arqumetlərini bir-biri "sıradan çıxartdı"

“Azərbaycanda uşaqlar normal qidalanmadan, yaxşı təhsildən, keyfiyyətli tibbi müayinələrdən və müalicələrdən əziyyət çəkir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu “uşaq pulu”nun verilməsinə qarşı olanlara cavab olaraq bildirib.

İqtisadçı “uşaq pul”nun verilməsinə 2006-cı ildən son qoyulduğunu qeyd edib:

“Hesab edirəm, “uşaq pulu” verilməlidir və bunu əsaslandırmaq üçün arqumentlərim ondan ibarətdir ki, Azərbaycanda uşaqlar normal qidalanmadan, yaxşı təhsildən, keyfiyyətli tibbi müayinələrdən və müalicələrdən əziyyət çəkir. Hətta orta gəlirlərə malik olan ailələrdə uşaqların bu ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud deyil. Azərbaycanda “uşaq pulu”nun verilməsi üçün indiyədək səsləndirilən iki əks arqument diqqəti cəlb edir. 

Bir qrup hesab edir ki, Azərbaycanda əhalinin sayında artım var, buna görə də “uşaq pulu” verib əhalinin sayının artımını daha da stimullaşdırmağa ehtiyac yoxdur. İkinci qrup düşünür ki, Azərbaycanda ailələrə sosial müavinətlər verilir, o cümlədən ünvanlı sosial yardım proqramları həyata keçilir. O ailələr ki, sosial yardım alırlar, sosial proqramının iştirakçısı olurlar, onların “uşaq pulu”na ehtiyacı yoxdur. Çünki dövlət həm də həmin proqramlar vasitəsi ilə uşaqların sosial müdafiəsini təmin edir. 

Birinci qrup mövqenin sahibləri üçün demək istəyirəm ki, Azərbaycanda əhalinin sayında ümumi artım olsa da, 0-14 yaşlı uşaqların sayında 2000-ci illə müqayisədə azalma müşahidə olunur. Məsələn, 2000-cü ildə 0-14 yaşlı uşaqların sayı təxminən 2,5 milyon nəfərə qədər idisə, hazırda bu uşaqların sayı 2,2 milyon nəfərdən bir az çoxdur. Yəni ən azı bunu demək olar ki, uşaqların sayında 2000-ci illə müqayisədə (söhbət 0-14 yaşlı uşaqlardan gedir), azalma müşahidə olunur. Bu da ondan irəli gəlir ki, ailələrdə çoxuşaqlılıq ənənəsi demək olar ki, azalıb”.

Ekspertin qənaətincə, Azərbaycanda çoxuşaqlılıq geniş yayılmayıb:

“Bütövlükdə 4 və ondan çox uşaqları olan ailələrin ümumi uşaqlı ailələrdəki xüsusi çəkisi, cəmi 9,7 faiz təşkil edir. Hazırda daha çox ailədə 2 uşağın mövcudluğu müşahidə olunur. Ümumiyyətlə, Azərbaycan ailələrində 40 faizdə uşaqların sayı orta hesabla ikiyə çatır. 30 faiz ailələrdə uşaqların sayı bir nəfərdən ibarətdir, 20 faiz ailələrdə isə uşaqların sayı 3 nəfər təşkil edir. 

Göründüyü kimi, Azərbaycanda çoxuşaqlılıq heç də geniş yayılmayıb. Bu baxımdan da hesab edirəm ki, birinci qrup “uşaq pulu” verilməsinin əleyhinə olanların arqumentləri çox zəifdir. Azərbaycanda əhalinin, cəmiyyətin qocalması prosesi müşahidə olunmaqdadır, uşaqların sayının artım tempində isə azalmanı son 20 ildə daha açıq şəkildə müşahidə edə bilərik.

İkinci qrup “uşaq pulu”nun verilməsinin əleyhinə olanlar hesab edirlər ki, Azərbaycanda “uşaq pulu” buna görə verilməli deyil ki, ünvanlı sosial yardım proqramı həyata keçirilir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda ünvanlı sosial yardım proqramlarının iştirakçılarının sayı ildən-ilə azalır. Hətta 2018-ci ilin axırına olan məlumata görə, ünvanlı sosial yardım proqramının iştirakçılarının sayı təxminən 50 min nəfər olub. Bu ailələrin heç də hamısı uşaqlı və çoxuşaqlı ailələr deyil. 

Bu ailələrin bəziləri tənha ailələrdir, hətta onların hamısında çoxuşaqlılıq müşahidə olunsa belə, bütövlükdə ünvanlı sosial yardımın əhatə dairəsi Azərbaycanda uşaqların ehtiyacını ödəmək qədər geniş deyil. Çünki Azərbaycanda ünvanlı sosial yardım ən yaxşı halda çoxuşaqlı ailələrin 2 faizini əhatə edə bilər və bu da bütövlükdə digər qrup ailələrin uşaqlarla bağlı həm təhsil, həm səhiyyə, həm də istehlak məqsədli ehtiyaclarını ödənilməsi üçün kifayət edə bilməz”.

Sosial müavinətlərin verilməsinə gəlincə, Qubad İbadoğlu deyib ki, ümumiyyətlə, uşaqlara birdəfəlik sosial müavinət uşaqlar doğulanda verilir:

“Aylıq sosial müavinətlər isə yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulub. Bu baxımdan, sağlamlıq imkanları məhdud olan uşaqlara verilən aylıq yardımlar daha çox onların tibbi ehtiyaclarını qarşılayır, həm də onların himayəçilərinə ayrılan vəsaitlər də onlara qulluq məqsədi daşıyır. Başqa bir arqument ondan ibarətdir ki, ailə başçısını itirənlər üçün də pensiyaların istifadəçiləri uşaqlardır. 

Adətən ailə başçılarını itirənlər gəlirlərinin böyük bir hissəsindən məhrum olurlar. Bu, gəlirlərin çox az bir hissəsi həmin pensiyalar vasitəsi ilə kompensasiya edilir və bunu da “uşaq pulu” ilə qarışdırmaq düzgün deyil. İndiki halda ən vacib məsələ təbii ki, Azərbaycanda "uşaq pulu"nun bərpa olunması və uşaqların dövlət qayğısının gücləndirilməsi ola bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1640