hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İqtisadiyyat kiçilir: Nikbin proqnoz nə qədər realdır?

İqtisadiyyat kiçilir: Nikbin proqnoz nə qədər realdır?

Pandemiya qlobal iqtisadiyyata mənfi təsirini göstərməkdədir.

Bunun nəticəsi olaraq dünya ölkələrinin iqtisadi göstəricilərlə bağlı açıqladığı rəqəmlər adətən eniş istiqmətində olur, iqtisadiyyatlarının nə qədər daraldığı, dövlət büdcələrində nə qədər kəsirlərin yarandığı açıqlanır. Qarşıdakı dönəmdə isə bir sıra sahələrin dərhal bərpa olunacağı gözlənilən deyil. Digər tərəfdən isə koronavirusla bağlı statistik göstəricilər yüksək qalmaqdadır və virusun bitəcəyi ilə bağlı konkret olaraq hər hansı tarix göstərilmir.

Belə bir məqamda "SP Global Ratings" beynəlxalq reytinq agentliyi qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar verib.

Proqnozlara əsasən, bu il Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətləri fonunda 6,9% azalacaq. 2021-ci ildə ölkə iqtisadiyyatı bərpa olunmağa başlayacaq və ÜDM-in gözlənən real artım tempi 2,9% səviyyəsində olacaq. Artım əsasən Azərbaycan hökumətinin iqtisadiyyata təzyiqləri yumşaldılmasına ayırdığı 3,5 mlrd. manatlıq stimullaşdırıcı paket, daxili istehlakın bərpa olunması və daha yüksək karbohidrogen ixracı hesabına baş verəcək. "SP"-nin gözləntilərinə görə, Azərbaycanda ÜDM-in real artım tempi 2022-ci ildə 5%, 2023-cü ildə isə 3% təşkil edəcək. Beləliklə, 2021-2023 illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 3,7%-ə bərabər olacaq. Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb. Amma müstəqil ekspertlər bu göstəricinin daha yüksək olduğunu, rəsmi məlumatlarda “kölgə iqtisadiyyatı” ilə bağlı rəqəmlərin yer almadığını bildirirlər.

Belə olan təqdirdə, eləcə də “pandemiya dövrü”nün sonu məlum olmadığı halda gələn il və daha sonrakı illər üçün verilən nikbin proqnozlar realdırmı?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, "SP Global Ratings", eləcə də “Moody's” kimi təşkilatların Azərbaycanla bağlı proqnozları ancaq rəsmi göstəricilərə əsaslanır: “Çünki alternativ göstəricilər yoxdur. Bu kimi təşkilatlar Türkiyə, Rusiya, Gürcüstanla bağlı proqnoz verərkən, məlumatları bir neçə mənbədən - həm mərkəzi banklardan, statistika komitələrindən, həm də bank, istehsalçılar assosiasiyalarından dəqiqləşdirirlər. Bütün bu qurumların özlərinin alternativ statistik bazaları mövcuddur. Azərbaycanda təəssüf ki, yalnız Dövət Statistika Komitəsinin və Mərkəzi Bankın ümumi məlumatları açıqlanır. Alternativ gözləntiləri hesablayan indekslər yoxdur. Təbii ki, “SP” çox nüfuzlu təşkilat olsa da, bu kimi təşkilatların proqnozları mənzərəni tam görməyə imkan vermir”.

İqtisadçı deyir ki, rəsmi açıqlamalarda da çatışmazlıqlar çoxdur: “Məsələn, karbohidrogen ehtiyatlarının artacağını deyirlər, amma Azərbaycan “OPEC+”-un hasilatı azaltmaqla bağlı anlaşmasına qoşulub. May-iyun aylarında gündəlik hasilatı167 min barel azaldılmışdı, avqust ayında azaltma bir qədər az -100 min barel olacaq. Hasilatın azaldılması həm “OPEC+” anlaşmasına görə, həm də təbii yolla baş verir. Doğrudur, qaz ixracında artım var, amma konsorsium arasında gəlirlərin bölüşdürülməsi və qiymətin düşməsi onun gəlirliliyini azaldır. Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB məkanında pandemiya dövründə ümumdaxili məhsulu ən az daralan ölkədir. Rusiyada belə iqtisadi daralma 8 faizə yaxınlaşdığı halda, Azərbaycanda 2,7 faiz oldu. Bu rəqəmlərin özlərinə yenidən baxılmasına ehtiyac var. Necə ola bilər ki, ölkədə vergi yığımı ötən ilin eyni dövrünə nisbətən artsın - bu hansı mənbələr əsasında arta bilər - axı 5 aydır ki, ölkədə pandemiyadır, biznesin bir çox sahələri qapalıdır. Restoran, kafe, mollar işləmir və onların vergi öhdəlikləri yaranmır. Bu cür rəsmi rəqəmlər həm beynəlxalq təşkilatları çaşdırır, onların hesabatlarına təsir göstərir, həm də ölkə daxilində müstəqil ekspertləri inandıra bilmir”.

2021-ci və daha sonrakı illərin iqtisadiyyatı ilə bağlı gözləntilərinə gəlincə, Natiq Cəfərli deyir ki, Azərbaycanda birtərəfli iqtisadi model var: “SP”-nin qeyd etdiyi bir məqam doğrudur ki, Azərbaycan karbohidrogen ixracından asılıdır. Gələn ilin iqtisadi mənzərəsində də neft və qazın qiymətləri mühüm rol oynayacaq, onlar hansı istiqamətdə dəyişəcəklərsə, Azərbaycan iqtisadiyyatının dəyişkənliyi də o istiqamətdə olacaq. Qeyri-neft sektoru ixraacat həcminə görə çox kiçikdir, ümumilikdə yerli istehsal həddindən artıq zəifdir, idxaldan ciddi şəkildə asılıyıq. Son günlər avronun qiyməti də qalxır ki, bu da 2021-ci ilə qədər davam edə bilər. Bu o deməkdir ki, Avrozonadan gələn bütün məhsulların qiyməti artacaq. Bu parametrlər nəzərə alınarsa, 2021-ci ilin əsas mənzərəsi karbohidrogen ehtiyatlarından - istehsal həcmindən, neft və qazın qiymətlərindən asılı olacaq”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3598

Bizim Telegram səhifəmizi izləyin