hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İqtisadiyyat “kölgədən” ancaq bu yolla çıxacaq - İqtisadçı model verdi - MÜSAHİBƏ

İqtisadiyyat “kölgədən” ancaq bu yolla çıxacaq - İqtisadçı model verdi - MÜSAHİBƏ

Elekton ticarət ən böyük inkişaf mərhələsini yaşayır. 

Dünyanın bir çox elektron ticarət platformaları var ki, büdcələri artıq trilyonlarla dollar həcmindədir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni elektron (onlayn) üsulla həyata keçirilir. Dünyanın ən böyük elektron ticarət bazarına sahib olan ABŞ-da bu göstərici 75, Avropa ölkələrində isə 60 faizə bərabərdir.

Azərbaycanda da elektron ticarət dövriyyəsi getdikcə artır, bir növ inkişaf mərhələsinə qədəm qoyub. Məsələn, 2017-ci ildə ölkədə onlayn ticarətin həcmi 1 milyard manat civarında olsa da, 2019-cu ilin 9 ayında bu rəqəm 2.2 milyard manatı keçib. Qeyd edək ki, elektron ticarətin 95 faizindən çoxunu qeyri-ərzaq məhsullarının satışı təşkil edir.

Məlumat üçün bildirək ki, elektron ticarətin əsası 1960-cı ildə ABŞ-da yaradılıb. Azərbaycanda isə bununla bağlı qanun 2005-ci ildə qəbul edilsə də, onlayn ödəniş sistemindən ilk dəfə 2008-ci ildə istifadə edilib. Belə ki, 2008-ci ilin dekabr ayının 2-də "SilverKey Azərbaycan" şirkəti "GoldenPay" adlı onlayn ödəmə sistemini istifadəyə verib.

Dünyanın əksər ölkələrində elektron ticarət bir çox vergi növündən azaddır. Azərbaycanda da belə bir təklif gündəmdədir. Belə ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev Elektron ticarətin ƏDV-dən azad olunmasını bu sahənin gələcəkdə inkişafına təkan verə amil olacağını deyib:

“Cari ilin 9 ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91% artaraq 2,2 milyard manata çatıb. Son illər bu sahə fəal inkişaf edir, lakin onun ƏDV-dən azad olunması gələcək inkişafını sürətləndirə bilər. Mərkəzi Bank vergi orqanları ilə bu istiqamətdə danışıqları davam etdirir. Hesab edirik ki, elektron ticarət sahəsi ƏDV-dən azad olunmalıdır”.

Qeyd edək ki, hazırda bu sahəyə 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur.

Maraqlıdır, bu sahənin inkişafı ölkə iqitisadiyyatına nələr qazandıra bilər? Bu ticarət sisteminin hansı üstünlükləri və zəif tərəfləri mövcuddur?

Mövzu ilə bağlı Cebhe.info-nun suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

-Natiq bəy, elektron ticarətin müsbət tərəfləri hansılardır?

-Azərbaycan bu sahədə uzun yol qət etməlidir. Bu sahə ölkədə hələ yeni-yeni inkişaf etməyə başlayır. Bu sahə əlavə biznes imkanlarının yaradılmasında, yeni iş yerlərinin açılmasında mühüm rol oynaya bilər. Ticarətin həcmi artdıqca, təklif olunun xidmətlərin çeşidliyi və keyfiyyəti də yüksələ bilər. Bunun üçün bu sahə rəqabətli mühitin yaranması üçün ən ideal sahədir. Əgər oyun qaydaları əvvəldən müəyyənləşərsə, elektron ticarətdə inhisarçılığın yaradılmsı demək olar ki, mümkün deyil. Dünyanın bir çox inkişaf etmiş ölkələrdə ümumi ticarətin bəzi hallarda 25, bəzi ölkələrdə isə 50 faizi elektron formada həyata keçirilir. Bu da yeni xidmət növlərinin yaranmasına səbəb olub. Azərbaycan bu göstərici çox aşağıdır. Bu sahənin inkişafına ciddi ehtiyac var. ƏDV-nin ləğv olunmasını dəfələrlə biz də təklif etmişik. Elektron ticarətdə ƏDV-nin ləğvi bu sahəyə marağın və dövriyyənin artmasına səbəb olacaq. Bu potensial olaraq ciddi iş yerlərinin açılmasına da imkan yaradır.

-Bəs, elektron ticarətin mənfi tərəfləri varmı?

-Elektron ticarətin mənfi tərəfləri də mövcuddur. Texnologiya sahələrində olduğu kimi, insanların şəxsi məlumatlarının oğurlanması məsələsi meydana çıxa bilər. Elektron ticarət şirkətləri adı altında fəaliyyət göstərən dələduzluqla məşğul olan şəxslər meydana gələ bilər ki, bu yolla da insanların vəsaitini mənimsəyə bilərlər. Amma bu elektron ticarətin inkişafına maneə olmamalıdır. Bu daha çox dövlətin yaradacağı oyun qaydalarından asılıdır. Kifayət qədər sərt nəzarət mexanimzləri olmalıdır ki, dələduzluq hallarının yaranmasına imkan tanınmasın. Dünyanın hər yerində müzakirə olunan elektron ticarətin mənfi cəhəti məhz insanların şəxsi məlumatlarının oğurlanması və dələduzluq faktlarının olmasıdır. Amma tək bu məsələyə görə bu sahəyə neqativ baxmaq olmaz. Bu sahənin Azərbaycanda inkişaf potensialı kifayət qədər yüksəkdir.

-Elektron ticarət sahibkarlara nə qazandırır?

-Elektron ticarətin iş adamların yaratdığı üstünlüklər isə böyük obyektlər saxlayıb icarə xərci ödəməkdən xilas olmalarıdır. Şəhərin kənarında ucuz qiymətə anbar kirayələmək və ya mülkiyyətinə almaqla elektron ticarəti həyata keçirmək mümkündür. Buna görə də elektron ticarətdə izafi xərclər az olduğu üçün qiymətlər də ucuz olur. Vətəndaşlar da bu sahəyə ciddi maraq göstərirlər.

-Əgər elektron ticarətdə ƏDV ləğv olunarsa, dövlət büdcəsi bundan nə itirəcək?

-ƏDV-nin ləğvi bu yolla büdcə daxilolmalarına təsir edəcək və azalmalar olacaq. ƏDV-ni isə elektron ticarət şirkətləri əsasən gömrükdə ödəyirlər. Gömrük Komitəsi vergi orqanı olmasa belə, ƏDV-ni toplamaqla məşğuldur. Burada da bir məntiqsizlik var. Amma gəlir vergisi, dövriyyə vergisi (gələcəkdə tətbiq etmək olar-müəl) tətbiq etməklə, dövlət büdcəsinə daha çox əlavə vəsaitlərin daxil olmasını təmin etmək olar.

-Elektron ticarətin artması nağd pul dövriyyəsinin azalması anlamına gəlir. Bunun müsbət və tərəfləri nələr olacaq?

-Elektron ticarətin inkişafı pul dövriyyəsinin azalmasına səbəb olur ki, bunun da müsbət tərəfi kifayət qədər çoxdur. Nə qədər çox onlayn ticarətdən, nağdsız ödənişlərdən istifadə olunacaqsa, ölkə iqtisadiyyatının kölgədən çıxması bir o qədər sürətlənəcək və tezləşəcək. Yəni elektron ticarət iqtisadiyyatın kifayət qədər şəffaflaşmasına səbəb olan alətdir. Məsələn, dünyada vergidən ən az yayınan ölkə Avstraliya və Yeni Zellandiyadır. Həmin ölkələrdə elektron və nağdsız alış-veriş 94 faiz civarındadır. Ticarət dövriyyəsinin 94 faizi elektron qaydada aparılırsa, artıq vergidən yayınma halları da minimum düşür.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2058