hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İqtisadiyyatda yeni mərhələ: Rəqabətli mühit qeyri-neft sektoruna çatdı

İqtisadiyyatda yeni mərhələ: Rəqabətli mühit qeyri-neft sektoruna çatdı

Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. 

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. 

Mikayıl Cabbarov bildirib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə başçısının apardığı struktur və kadr islahatlarından sonra iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək, əsas diqqəti sahibkarlığın inkişafına yönəltmişdi. Prezident görüşdə yerli icra hakimiyyəti orqanları başçılarının sahibkarların işinə müdaxilə etdiklərinə diqqət çəkib:

“Çalışıb elə bir şərait yaratmalıyıq ki, istedadlı, biznesə həvəsi, meyili olan hər bir insan bizneslə məşğul ola bilsin. Məmur təzyiqindən, müdaxilədən azad olsun. Sahibkarlara yönəlmiş çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri imkan vermirlər, xüsusilə bölgələrdə. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”. 

Maraqlıdır, gələn il qeyri-neft sahəsində 8,8 faiz artım gözləntisi, əsasən, hansı sahələrdən ola bilər?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, artımın xüsusi çəkisi kənd təsərrüfatına aid olacaq:

“Doğrudur, son dövrlərdə sahibkarlara məmurlar tərəfindən xüsusi maneələr yaradılırdı. Eyni zamanda bu təzyiqlərin qarşısının alınması prosesi də gedir. Bu nöqteyi-nəzərdən mikro və orta sahibkarlığın inkişafı müşahidə olunur. Demək olar ki, sahibkarlıq dirçəliş dövrünə qədəm qoyur. Bu isə ölkədə kənd təsərrüfatı sektoruna rəqabət fonu yaratmaq məqsədi güdür. Düşünürəm ki, digər sektorlar da mərhələli şəkildə inkişaf edəcək. Proqnozlara görə, növbəti dövrlərdə də kənd təsərrüfatı sektorundakı artım xüsusi çəkisini qoruyub saxlayacaq”.

Analitik hesab edir ki, 2020-ci ildə mikro iqtisadiyyat 2018 və 2019-cu illərlə müqayisədə daha üstün olacaq: 

“Azərbaycanın ən böyük bəlası Vergilər Nazirliyi ilə mikro, kiçik və orta sahibkarlıq subyektləri kimi iri vergi ödəyiciləri idi. Doğrudur, açıq döyüş münasibətləri olmasa da, çox gərgin bir vəziyyət yaranmışdı. 

Vergilər Nazirliyinin illər boyu birtərəfli qaydada yürütdüyü siyasət bu sektorun məhvinə gətirib çıxarmışdı. Bu haqda çox danışılırdı, ancaq təəssüflər olsun ki, reaksiya verilmirdi. Ancaq prosesə 2018 və 2019-cu illərdə reaksiya göstərildi. Artıq sahibkarların əlavə xərcləri, yersiz cərimələri yoxdur, lüzumsuz sanksiyalar tətbiq olunmur. Eyni zamanda onların bank hesablarına da həbs qoyulmur. Bu nöqteyi-nəzərdən demək olar ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı gedir. Sadəcə olaraq, bu mühiti qoruyub-saxlamaq lazımdır. Əgər mühiti qoruyub-saxlaya bilsək, bazar münasibətləri özü-özünü sağaldacaq. Hesab edirəm ki, qısa zamanda mühitin yüksək inkişafına şahid ola biləcəyik”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 826