hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İQTİSADİYYATDAN SİYASƏTƏ: Dünya qütblərə bölünür

İQTİSADİYYATDAN SİYASƏTƏ: Dünya qütblərə bölünür

Hazırda dünyanın iqtisadi xəritəsinin dəyişməsinə səbəb olacaq proseslər gedir. 

“Brexit” bütün sürəti və gərginliyi ilə davam edən ABŞ-Çin ticarət müharibəsi, dərinləşmə ehtimalı olan ABŞ-Avropa arasında ticarət müharibəsi, ABŞ-İran gərginliyinin artması, Yaponiya-Cənubi Koreya arasında həmin ölkələrin ticarət saldolarına ciddi təsir edəcək gərginlik və sair baş verən proseslərin bir nəticəsi olacaq: yeni ticarət qaydaları və ya düzəni.

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bu amilin ortaya çıxmasını şərtləndirən əsas məsələlərdən danışıb. O bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra bir qütblü dünya formalaşıb:

“Xüsusilə iqtisadi cəhətdən ABŞ əlçatmaz hesab olunurdu. Lakin 2000-ci illərin əvvəllərindən etibarən Avropa Birliyi və Çinin iqtisadi göstəriciləri ABŞ-ın iqtisadi göstəricilərinə çatmağa başladı. Avropa İttifaqı genişlənir, böyüyür, sıralarına yeni ölkələr qatılır, Çin isə iqtisadi cəhətdən sürətlə böyüyürdü. Beynəlxalq Maliyyə Fondunun (BMF) 2019-cu ilin nəticələrinə görə, ABŞ-ın ÜDM-i 21.4 trilyon, Avropa İttifaqının ÜDM-i 18.7 trilyon dollar, Çinin ÜDM-i 14.2 trilyon ABŞ dolları olacaq. (Məlumat üçün qeyd edim ki, ÜDM hesablamalarını, statistika və proqnozlarını 3 müxtəlif beynəlxalq təşkilat aparır: BMF, Dünya Bankı, BMT. Burada BMF-nin statistikasından istifadə olunub). Biz ənənəvi olaraq, Almaniya, Fransa, İtaliyaya daha çox ayrıca dövlətlər kimi baxır, onların iqtisadi göstəricilərini həmin ölkələr üzrə təhlil edirik. Əslində, Avropa İttifaqının (Aİ) iqtisadi quruluşu və konyukturasını bilən iqtisadçılar və siyasətçilər tərəfindən bu yanaşma artıq qəbul olunmamaqdadır. Hətta bu kimi hallarda qeyd edirlər ki, onda ABŞ-ın Kaliforniya, Texas və digər ştatlarının iqtisadi göstəricilərini ayrıca təhlil edək. Həmin ştatların hər birinin ayrıca statistik göstəriciləri də aparılır, dərc olunur, lakin diqqət mərkəzində yalnız ABŞ-ın iqtisadi göstəriciləri olur. ABŞ həm siyasi, həm də iqtisadi tərəfdən Avropaya bir birlik kimi yanaşır, münasibət göstərir, rəqabət aparır. Son 3-4 il ərzində Aİ əslində ortaya müvəffəqiyyətli bir şəkildə həm vahid iqtisadi, həm də vahid siyasi mövqe ortaya qoya bilir (Suriya, Rusiya və İran məsələləri daxil olmaqla)”.

Ekspert onu da qeyd edib ki, Çinin siyasi kursu ABŞ siyasi kursu ilə getdikcə daha çox toqquşur: 

“Bütün bunlar onu göstərir ki, biz tədricən bir deyil, üç qütblü dünyanın şahidi olmaqdayıq. Bu 3 qütblü dünyanın hər qütbünün maraqları ciddi bir şəkildə toqquşmağa başlayıb. Çünki hər üçü öz iqtisadiyyatını daha da böyütməli və genişləndirməlidir. Lakin bu böyümə və genişlənmə öncə (ABŞ-SSRİ arasındakı soyuq müharibə dövründə) digər gerçəklik və maraqlar üzərində bağlanmış ittifaq, müqavilə və ticarət qaydaları ilə davam edə bilməz. Bu isə son nəticədə həm də de-qlobalizasiya proseslərinin başlanmasına rəvac verdi və bu proses artıq gedir. Faktiki olaraq, hazırda Ümumdünya Ticarət Təşkilatının (ÜTM) qaydaları və nüfuzu beynəlxalq ticarətdə işləmir.

ABŞ-Çin ticarət müharibəsinin nəticələri də özünü göstərməkdədir. Avqust ayında Çinin ixracı keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz, idxal 5.6 faiz, ABŞ-a ixrac isə 16.1 faiz enib. Əslində, idxalın da bu qədər kəskin enməsi ciddi siqnaldır. Xüsusilə ayrı-ayrı iqtisadi sektorlar üzrə mənfi iqtisadi tendensiyalar Avropa İttifaqında da müşahidə edilməkdədir”.

Elman Sadıqovun qənaətincə, “Brexit” məsələsi bir aysberqdir: 

“Biz bu aysberqin çox cüzi hissəsini görürük və buna uyğun da fikir bildiririk. Bu,  iqtisadi güc mərkəzlərini yenidən formalaşdırmağa çalışan qüvvələrin ciddi mübarizəsidir. Zaman keçdikcə bu aysberqin tək bizim üçün yox, həm də Böyük Britaniya üçün daha çox hissəsi görünməyə başlayır. Böyük Britaniyanın bir çox siyasətçiləri etiraf edirlər ki, ciddi bir şəkildə iqtisadçıları dinləmədən, dərin təhlillər etmədən, senari analizləri həyata keçirmədən qəbul etdikləri referendum qərarı ciddi səhv olmuşdu. Elə Britaniya cəmiyyəti də referendumda Aİ-dan çıxmaqla bağlı səs verərkən məlumatsız olmuşdu. İndi isə xüsusilə razılıqsız “Brexit”lə bağlı ciddi müqavimət formalaşmış və gedişat oktyabr ayında özünün pik nöqtəsinə çatacaqdır. 2.8 trilyon ABŞ dolları həcmində ÜDM-i olan Britaniyanın Aİ-nı tərk etməsi və ABŞ-la iqtisadi cəhətdən bir ittifaq yaratması 2 böyük qüvvə, ABŞ və Avropa İttifaqı arasında güc balansına ciddi təsir edəcək faktordur. Bünövrəsi 1956-ci ildə qoyulmuş Avropa İttifaqının yaranmasının əsas səbəbi Avropanın təhlükəsizliyi olmuşdu. Britaniyanın çıxması bu amilə nə dərəcədə təsir göstərə biləcək məsələsi sual altındadır. Lakin, iqtisadi cəhətdən hər iki tərəfə, xüsusilə Britaniyanın özünə ciddi mənfi təsir edəcəyi ilə bağlı şübhələr qalmayıb”.

Analitik hesab edir ki, son nəticədə bu 3 iqtisadi güc mərkəzi davamlı inkişaf və böyüməni təmin etmək məqsədilə öz nüfuz dairələrini genişləndirməyə məcbur olacaqlar: 

“Çin “Bir kəmər, bir yol” və digər layihələr vasitəsilə bu istiqamətdə ciddi addımlarını atır. Elə Avropa İttifaqı da digər layihələrin təşəbbüskarıdır. Yaponiya ilə genişləndirilməsi nəzərdə tutulan ticarət əlaqələri və bağlanan ticarət müqavilələri kimi layihələr buna misaldır. ABŞ isə əvvəlki kimi öz nüfuz dairəsini genişləndirməkdə davam etmək istəyir. Bu proseslər digər ölkələrə ciddi təsir edəcək. Bilinən odur ki, bu iqtisadi mərkəzlərin öz iqtisadiyyatlarını daha çox digər ölkələrə öz nüfuzlarını yaymaqla genişləndirəcəklər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1365