t İran-ABŞ gərginliyində gözlənilən SON: POLİTOLOQ ŞƏRHİ
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

İran-ABŞ gərginliyində gözlənilən SON: POLİTOLOQ ŞƏRHİ

İran-ABŞ gərginliyində gözlənilən SON: POLİTOLOQ ŞƏRHİ

Avropa İttifaqına daxil olan üzv dövlətlər ABŞ və İranı silahdan istifadəni dərhal dayandırmağa çağırıb.

Cebhe.info-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib ki, İran ilə ABŞ münasibətində İranı dəstəkləyən dövlətlər arasında ABŞ-ın tərəfdarı olan qruplaşmalar da var:

“ABŞ-İran qarşıdurması bölgədə ağır fəsadlara gətirib çıxara bilər. Bu mənada region və Avropa dövlətlərinin hər iki tərəfi danışıqlara çağırması çox düzgün bir addımdır. Bu gün İran bir çox şərq ölkələrinə - İraqa, Suriyaya, Livana və Yəmənə təsir gücünə malikdir. Eyni zamanda İranın Ərəb dövlətləri içərisində də öz tərəfkeşləri var. Bundan başqa İranın nəzarətdə saxladığı leqal və qeyri-leqal hərbi-siyasi qruplaşmalar var. Hazırda ABŞ-İran qarşıdurması asimmetrik müharibə fonunda gedir. Yəni onların gücləri eyni deyil. Bu qarşıdurmaların açıq müharibə şəraitinə keçəcəyi təqdirdə region ölkələri çox əziyyət çəkə bilər. Ona görə də biz hər iki tərəfin danışıqlara çağırıldığını görürük. Qeyd edim ki, son iki gündə tərəflərin bəyanat və açıqlamalarından hiss olunur ki, bu gərginlik artıq yumşaq məcraya yönəlir. Amma bu, o demək deyil ki, biz ABŞ-İran qarşıdurmalarının şahidi olmayacağıq”.

Politoloqun sözlərinə görə, açıq şəkildə ABŞ-İran müharibəsi olmayacaq:

“Amma hazırkı qarşıdurma davam edəcək. Real vəziyyət onu göstərir ki, ciddi barışığın əldə edilməsi üçün əsas yoxdur. Deməzdim ki, İran məsələsində ABŞ dövlətlərin tam dəstəyini ala bilməyəcək. Çünki ABŞ regionda kifayət qədər ciddi müttəfiqləri var. Əgər region ölkələrindən danışırıqsa, bu müttəfiqlər içində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı çox mühüm faktordur. Digər tərəfdən İranın təsiri olan və yuxarıda adlarını çəkdiyimiz ölkələrdə də Amerikanı dəstəkləyən qruplar var. 

Yəni ABŞ-la İran birbaşa deyil, dolayısı ilə dəstəklədikləri qruplaşmalar vasitəsilə bir-birinə zərbə endirməyə çalışacaqlar. Qeyd edim ki, təxminən 4 gün əvvəl PYD/YPG qüvvələri İŞİD terrorçularını sərbəst buraxdı. Bu bir çoxunun diqqətindən yayınsa da, sadə bir məsələ deyil. Çünki PYD/YPG qüvvələrinə ABŞ ciddi nəzarət imkanlarına malikdir. Amerikanın razılığı olmadan PYD/YPG İŞİD üzvlərini sərbəst buraxa bilməzdi. Artıq Yaxın Şərqdə qarşıdurmalar üçün yeni zəminlər hazırlanır. Amerika terror ocaqlarını yenidən alışdırmaqla İrana təsir etməyi planlayır. Hətta mümkündür ki, Amerika bu məsələdə müttəfiqləri olan Ərəb ölkələrindən də istifadə etsin. Çünki Ərəb ölkələrinin də nəzarət etdiyi kifayət qədər radikal qruplaşmalar mövcuddur. Bu radikal qruplaşmaların üzərində İrana təziq ediləcək. 

Qeyd edim ki, İranın daxilində münaqişə ocaqlarının yaradılması davam edəcək. Əsasən etnik ərəblərin, sünnilərin yaşadığı bölgələrdə bu ocaqlar yaradılacaq. Burada Əxvas, Bəluciristan və Xuzistan kimi əyalətlərdən söhbət gedir. Digər tərəfdən də İrana öldürücü sanksiyalar tətbiq ediləcək”.

Əli Bədir

Cebe.info


Oxunma sayı: 6832