hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

İran Avropanı döyüş meydanına çəkir: Müharibə olacaq? - SABAH SONDUR

İran Avropanı döyüş meydanına çəkir: Müharibə olacaq? - SABAH SONDUR

Vüqar Zifəroğlu: “Sanksiyalar sərtləşəcək, etirazlar işə salınacaq, İranın mövqeləri  vurulacaq”

İranın nüvə proqramı ilə bağlı Avropa Birliyinə verdiyi vaxt başa çatır. Qeyd edək ki, rəsmi Tehranın may ayının 8-də Avropaya verdiyi möhlət müddətinin vaxtı tamam olur. İran hakimiyyəti mayın 8-də Avropa ölkələrinə 60 gün möhlət verərək, onları öz nüvə öhdəliklərinə əməl etməyə çağırıb. İran bəyan edib ki, bu müddət ərzində qeyd edilən istiqamətdə əməli addımlar müşahidə edilməsə, nüvə razılaşmasına dair öz üzərinə düşən öhdəlikləri azaldacaq. İran prezidenti Həsən Ruhani iyunun 5-də etdiyi çıxışda Qərbi təhdid edərək ölkəsinin ehtiyacı olan miqdarda uranı zənginləşdirəcəyini deyib. 

O bildirib ki, iyulun 7-dən sonra İran nüvə razılaşmasında uranın zənginləşdirilməsi ilə bağlı icazə verilmiş həddi aşacaq. Razılaşmada bu hədd 3.67% nəzərdə tutulub. Ruhaninin sözlərinə görə, həmin tarixdən etibarən İran uranı “ehtiyacı olduğu qədər”, yəni heç bir məhdudiyyət olmadan zənginləşdirəcək.

Bu yaxınlarda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 7-dən sonra ölkəsinin nüvə razılaşması çərçivəsində götürdüyü öhdəlikləri azaltmaqla bağlı ikinci mərhələyə başlayacağını söyləmişdi.

Prezident Ruhani Nazirlər Kabinetində çıxışı zamanı həmçinin bildirib ki, Qərb “öz öhdəliklərinə əməl etməsə”, İran Ərak ağır su reaktorunu da əvvəlki vəziyyətinə qaytaracaq.

Sonda Ruhani qeyd edib ki, “əgər qarşı tərəf Hərtərəfli Birgə Fəaliyyət Planında üzərinə düşən öhdəlikləri 100 faiz yerinə yetirməsə, İran da eyni qaydada davranacaq”.

Xatırladaq ki, Ərak ağır su reaktorunu yenidən modifikasiya etməklə, İran nüvə silahı əldə etmək üçün fəaliyyətlərini başlada bilər. Nüvə razılaşmasından sonra reaktorun atom bombası hazırlamaq üçün lazım olan plutonium maddəsi istehsal etməyə qadir Mərkəzi hissəsi ləğv edilmiş və onun quyuları betonlanmışdı. Həsən Ruhaninin açıqlamasına Vaşinqtonun dərhal sərt reaksiyasına səbəb olub. ABŞ Prezidenti Donald Tramp uranı zənginləşdirməyə başlayacağı təqdirdə İrana qarşı kəskin tədbirlərin görüləcəyinə dair Prezident Ruhaniyə xəbərdarlıq edib. Donald Tramp “Tvitter”dəki səhifəsində yazdığı statusda Həsən Ruhaniyə səslənərək deyib ki, İranın səsləndirdiyi təhdidlər sonunda onun özünə qarşı yönələcək: “İran indicə yeni bir təhdid etdi. Ruhani deyir ki, yeni bir razılaşma olmadığı təqdirdə “uranı istədiyimiz qədər zənginləşdirəcəyik”. İran, öz təhdidlərinə fikir ver. Onlar qayıda bilər və sizi elə sanca bilərlər ki, indiyə qədər heç kəs bu şəkildə sancılmayıb”.

Hər iki tərəfin bəyanatı ABŞ-la İran arasında hərbi qarşıdurmanın baş verməsi ehtimalını artırır. Ona görə də iyunun 7-dən sonra ABŞ-İran münasibətləri yeni mərhələyə daxil ola bilər. Ancaq proseslərin inkişafı Avropa Birliyinin mövqeyindən çox asılıdır. Avropa ölkələrinin İranın nüvə proqramı məsələsində ABŞ-ın mövqeyini dəstəkləməsi Tramp adminstrasiyasına Tehran rejiminə qarşı təzyiqləri artırmaq imkanı verə bilər. Bu isə İranın Qərbdəki əsas iqtisadi tərəfdaşlarının dəstəyini itirməsi deməkdir. O halda ABŞ-ın İranın qarşı hərbi obyektlərinə zərbə endirməsinə ehtiyac qalmayacaq. Çünki iqtisadi sanksiyalar vasitəsilə İranı danışıqlara cəlb etmək daha asan ola bilər. Lakin İran məsələsində Trampizmi qəbul etməyən və “Altılıq” formatına daxil olan Fransa və Almaniyanın güzəştə getməməsi ABŞ-ı “B planı”na əl atmağa vadar edə bilər. ABŞ rəhbərliyi İranın hərbi obyektlərini məhv etmək üçün hazırda daha çox ərəb ölkələrinin imkanlarından istifadə etməyə çalışsa da, hələlik özünə 1980-ci ildə olduğu kimi, “ikinci Səddam Hüseyn tapa bilmir”. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edri ki, İran uranı 3,67 faizdən artıq zənginləşdirməyə başlayacağı təqdirdə, ABŞ Avropa ölkələri ilə danışıqlara gedərək rəsmi Tehran ətrafında həlqəni maksimum kiçiltməyə çalışacaq. Bu zaman söhbət daha ağır iqtisadi sanksiyalardan gedə bilər. Eyni zamanda, İranın daxilində ciddi siyasi proseslər başladılacağı istisna olunmur:

“İqtisadi və sosial zəmində olan elə məsələlər var ki, həmin problemlərin aktiv mərhələyə keçməsi İranın daxilində müəyyən qarşıdurmalara gətirib çıxara bilər. Qərb həmin kartı işə salmaqla İrana təzyiqlər göstərməyə çalışacaq. Amma İrana qarşı birbaşa müharibənin başladılması hər iki tərəf üçün məqbul variant deyil. Tərəflər maksimum diplomatik qarşıdurmalardan və siyasi, iqtisadi təzyiq mexanizmlərini işə salmağa cəhd göstərir. Əslində hərbi müdaxilənin nəticələrini hesablamaq mümkün deyil. Tərəflərdən hansının qalib gələcəyini və daha çox divident götürəcəyini söyləmək çox çətindir. Ona görə də ola bilər ki, ABŞ-ın ərəb ölkələri ilə birlikdə müəyyən planları işə düşsün. “Ərəb NATO”-sunun yaradılması ideyası təkrar gündəmə gətirilə bilər. Bu birliklər vasitəsilə Suriyadan, İraqdan və Yəməndən İran qüvvələrinin sıxışdırılaraq çıxarılmasını gözləmək mümkündür. Maksimum dərəcədə sərt sanksiyalar tətbiq ediləcək, İranın daxilində etirazların baş qaldırması planı işə salınacaq və İranın Yaxın Şərqdəki mövqelərinin vurulması üçün ola bilsin ki, əməli addımlar atılsın”. 

Qeyd edək ki, Avropa Birliyinin mövqeyi birmənalı şəkildə ABŞ-la üst üstə düşmür. Çünki Prezident Ruhaninin təhdidlərinə baxmayaraq, İranla “İNSTEX” ticarət mübadiləsi sistemi yaradan Avropa Birliyi öz iqtisadi maraqlarını ABŞ-a güzəştə getmək istəmir. Ona görə də Avropa Birliyinin İranın nüvə proqramı məsələsində hansı səviyyəyə qədər ABŞ-ın yanında yer alacağı bəlli deyil. 

Vüqar Zifəroğlunun sözlərinə görə, 1979-cu il İslam İnqilabından sonra ABŞ-la Avropa arasında həmişə fikir ayrılığı olub. 

“1979-cu il inqilabı əslində, Avropanın İrandan sıxışdırılıb çıxarılması məqsədi daşıyırdı. Amma bu proses bütövlükdə Qərbin, əsasən də, ABŞ-ın əleyhinə yönəldi. ABŞ 1980-1990-cı illərdə İrana sanksiyalar tətbiq edəndə də, Avropa rəsmi Tehranla iqtisadi əlaqələrini davam etdirib. Bu, daha çox özünü neft-qaz sektorunda göstərib. İndi İran internet üzərindən satışını həyata keçirəcəyini bildirir. Əgər bu mümkündürsə, deməli, İranın neft ixracı və investisiyalar məsələsində ABŞ-la Avropa Birliyi arasında fikir ayrılığı qalmaqda davam edir. Ona görə də ABŞ İranı zəiflətmək üçün Avropa ilə dil tapıb sanksiyaları daha da sərtləşdirməyə çalışacaq. Çünki bu məsələdə Amerikanın Avropanı tamamilə öz tərəfinə çəkməsi mümkün olmayacaq. Onu da qeyd edim ki, ərəb ölkələrinin də bu prosesdə İrana qarşı mübarizədə ABŞ-ı axıra qədər dəstəkləyəcəyi real görünmür. Çünki ərəb dövlətləri daim İran amilindən öz maraqları üçün yararlanmağa, manevr etməyə çalışır. Bu, özünü Qətər böhranı zamanı açıq büruzə vermişdi”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7679