hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

İRAN BU GÜN: Böhran rejim dəyişikliyinə aparır

İRAN BU GÜN: Böhran rejim dəyişikliyinə aparır

2018-ci ildə iranlıların 57 faizinin iqtisadi durumu pisləşib. Cəmi 7 faiz iş tapmaq üçün yaxşı zaman olduğunu deyib. 

Ötən il 34 faiz iranlı “əziyyət” çəkdiyini deyib. Bu sorğunu “Gallup” araşdırma mərkəzi aparıb. Qurum bildirir ki, ötən ilin mayında ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxandan, iqtisadi sanksiyaları bərpa edəndən sonra iranlıların yerli iqtisadiyyata inamı milli valyuta ilə birlikdə kəlləmayallaq gedib. Rial rekord səviyyədə ucuzlaşdığı bur vaxtda, iyulun sonunda- avqustda iranlıların 57 faizi iqtisadi durumlarının pisləşdiyini deyib.

Dünya Bankı da ötən həftə bu ölkənin iqtisadiyyatı üzrə proqnozlarını üçüncü il ardıcıl olaraq azaldıb. Nüvə sazişi imzalanandan sonra iranlıların çoxu daha yaxşı iş tapacağına ümid edirdi. Ancaq ABŞ sənəddən çıxandan sonra bu ümidlər azalıb. Ötən il hər altı iranlıdan biri, yəni 16 faizi tam ştatda işlədiyini deyirdi. “Gallup” 2012-ci ildən sorğu keçirəndən bu, ən yüksək göstərici sayılır. Amma yenə də 16 faiz region üzrə ən aşağı rəqəmlərdən biridir. Təşkilat bu göstəricinin İraq, Mərakeş, Fələstin torpaqlarındakına oxşar olduğunu, yalnız müharibə gedən Yəməndəki 6 faizdən yüksəkdə durduğunu bildirir.

15-29 yaşlı iranlılardan isə 17 faiz tam ştatda çalışdığını söyləyib. Belə bir mühitdə iranlıların çoxu həyatlarının pisləşdiyini, gələcəyə ümidlərinin azaldığını söyləyib. Yalnız 12 faiz həyatlarını müsbət dəyərləndirib, 34 faiz isə “əziyyət” çəkdiyini deyib. İranlıların növbəti beş ildə həyatlarına dair gözləntiləri 2017-2018-ci illər ərzində tam bir vahid azalıb. Orta hesabla ən yaxşı mümkün həyat göstəricisi 10 ballıq system üzrə 4,9-a düşüb. 

“Gallup” yazır ki, bu məlumatlar Trump-ın ötən həftə İranı çökməkdə olan ölkə təsvir etməsinə uyğun gəlməsə də, iqtisadiyyatı, əhalisinin həyatı daha da pisləşən ölkə olduğunu göstərir.

Beynəlxalq araşdırma mərkəzinin rəyini şərh edən politoloq Qabil Hüseynli İranda sosial-iqtisadi etirazların qaçılmaz olduğunu proqnozlaşdırır. Onun sözlərinə görə, iqtisadiyyatın çöküşü rejim dəyişikliyinə gətirib çıxaracaq:

“İranın neft ixracı 80 faiz azalıb. Yaxın bir-iki ay ərzində neft satışındakı azalma 90 faizə çatacaq. Bu isə İranın milli gəlirinin ən azı 80 faiz azalması deməkdir. İranda həm də avtomobil, maşınqayırma sənayesi də ciddi böhran içindədir. Ona görə də ölkənin milli gəliri kəskin aşağı düşüb. Son bir ildə İranın milli valyutası olan rialın 10 dəfədən artıq dəyərini itirməsi əhalinin maddi güzəranının dəfələrlə aşağı düşdüyünü göstərir. İran iqtisadiyyatı belə çökməkdə davam edərsə, yoxsulluq və aclıqdan əziyyət çəkən əhalinin etiraz aksiyalarına başlayacağı qaçılmaz görünür. Güman edirəm ki, yaranmış vəziyyəti nəzərə alaraq danışıqlara gedəcək və problemləri aradan qaldırmaq üçün yeni nüvə sazişinin imzalanmasına çalışacaq”. 

Politoloq onu da bildirdi ki, İran nüvə proqramının dayandırılmasına dair yeni öhdəliklər götürsə belə, ABŞ islam İnqilabı rejiminin aradan qaldırılması səylərini davam etdirəcək:

“Əslində, ABŞ-ın məqsədi molla rejimini dəyişməkdir. Bu, hadisələrin inkişafından asılı olacaq. Daxildə əhalinin sosial-i9qtisadi tələblərlə ayağa qaldırılması da həmin məqsədə xidmət edir. İran əhalisinin özü də hazırkı rejimi qəbul etmir və ABŞ-ın müttəfiqi kimi çıxış edir. Ona görə də nüvə razılaşması əldə olunmazdan qabaq İranda rejimin aksiyalar yolu ilə dəyişilməsi real görünür”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1090