hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

İran ərazisində yeni dövlətlər: Nə zaman yaranacaq?

İran ərazisində yeni dövlətlər: Nə zaman yaranacaq?

İran rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı represiyaları gücləndirib. 

Son bir neçə ay ərzində tanınmış milli fəallar həbs edilib. Hazırda Marağa həbsxanasında saxlanılan   “Şəhr-i xəbər Məlikan” teleqram kanalının müdiri Mehdi Kuxiyan  aprelin 8-də ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. O, aprelin 13-də ETTELAAT İdarəsinin təcridxanasından Marağa zindanına köçürülüb.

Siyamək Mirzayi 2016-cı il iyunun 13-də Ərdəbilə yaxın Parsabad şəhərində özünə məxsus ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonra isə Tehranın Evin həbsxanasına aparılıb.

Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə cəzasına məhkum edilib.

Sarab sakini olan Səhənd Məali isə mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb. Artıq 10-cu aydır ki, həbsxanada saxlanılır. Şahidlərin dediyinə görə, fəal yaxalanarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə döyülüb. İyulun 8-də isə tanınmış ərbəbilli siyasi fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökmə əsasən, o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub. Siyasi ekspertlər hesab edir ki, son vaxtlar güneyli siyasi fəallara kəsilə cəza onların “tərətdiyi əməllərə” adekvat deyil. Göründüyü kimi, İran rejiminin azərbaycanlı fəallara qarşı represiyaları geniş vüsət alıb.

Maraqlıdır, proseslər Güney Azərbaycanın müstəqilliyinin əldə olunması mərhələsinə qədər gedib çıxa bilərmi?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, İrandakı rejimin milli haqlarını tələb edən Güney Azərbaycan türklərinə qarşı təzyiqi, repressiyası yeni deyil: 

“İran rejiminin türklərə qarşı təqibi heç vaxt ara verməyib, əksinə genişlənib. Adıçəkilən ictimai fəallar dəfələrlə Tehran hakimiyyətinin həbsxanalarında yatıb, təzyiqlərə məruz qalıblar. Sadəcə olaraq, bu hadisələr İrana qarşı beynəlxalq sanksiyalar və təpkilər fonunda daha qabarıq görünür. Güney Azərbaycan türkləri zaman-zaman İrandakı mərkəzi hakimiyyətlə münasibətlərin müəyyənləşdirmək üçün müxtəlif irimiqyaslı siyasi hadisələr yaradıblar. Məsələn, XX əsrdə üç belə böyük hadisə baş verdi. Birinci hadisə 1920-ci ildə Şeyx Məhəmməd Xiyabanı Hərəkatı, ikinci Seyid Cəfər Pişəvəri Hərəkatı və ən sonuncu 1980-ci ildə başlayan Seyid Kazım Şəriətmədari tərəfindən başladılan Xalq Müsəlman Hərəkatı. Hər üç hərəkatda Azərbaycan türkləri mərkəzi Tehran hakimiyyəti ilə münasibətlərin müəyyənləşdirmək istəyiblər. Birinci iki halda Azərbaycan türkləri geniş səlahiyyətli muxtariyyət uğrunda mübarizə aparıb, lakin buna nail ola bilməyiblər. Yəni beynəlxalq güclər və İrandakı rejimlər tərəfindən boğulublar. Sonuncu hərəkat İran İslam İnqilabından sonra baş verdi və bu zaman Seyid Kazım Şəriətmədari müəmmalı şəkildə öldürüldü, hərəkatın üzvləri isə həbs olundu. Azərbaycan türkləri öz milli müqəddəratını müəyyən mənada həll etmək uğrunda fəaliyyətlərinə də ara verməyib. Yəni bunu xaricdən kimsə Güney Azərbaycan türklərinin zehninə, düşüncəsinə hopturmayıb”.

Güney Azərbaycanda müstəqilliyinin əldə olunmasına gəlincə, şərqşünas qeyd edib ki, yeni dövlətlər böyük hadisələrdən sonra yaranır: 

“Gələcəkdə nə Çində, nə Hindistanda, nə İranda, nə Səudiyyə Ərəbistanında, nə də dünyanın müxtəlif yerlərində etnik çoxluqların və qrupların milli haqlarını danan rejimlərin çökməsi və yaxud yeni dövlətlərin yaranması prosesi istisna olunmur. Bu, həm də ictimai qanunauyğunluqdur. Çünki dövlətlərin, imperiyaların ömrünü insanların ömrü ilə müqayisə edirlər. Tarixə nəzər salanda bütün hikkəli imperiyaların mövcud olan zamanları olub. Onlar ləğv olandan sonra müxtəlif dövlətlər yaranıb. İrandakı mövcud fars mərkəzli düşüncə sisteminin dağılacağı istisna olunmur. Çünki dünya, insanlıq fərqli düşüncənin daşıyıcısıdır. Dünyaya, insanlığa yeni baxışlar İrandan da yan keçməyəcək. Oradakı fars, türk, bəlluc, ərəb millətləri də öz azadlığına qovuşacaqlar. Bu zaman da Güney Azərbaycan türkünün dövləti olacaq və onların milli haqları təmin olunacaq. Sadəcə olaraq, mövcud rejim bu prosesi uzadır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 6491