hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

İran fəlakət astanasında: 9 mərhələli ssenari

İran fəlakət astanasında: 9 mərhələli ssenari

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Amerikanın Tehrana qarşı sanksiyalarından yan keçərək İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) və Müdafiə Nazirliyinə 1 milyard dollardan çox vəsait köçürmüş “genişmiqyaslı qondarma şirkətlər şəbəkəsi” aşkar olunub.

Nazirlik yaydığı bəyanatda bu şəbəkəyə bağlı - İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə yerləşən qondarma şirkətlər də daxil 25 fərdə və vahidə qarşı sanksiyalar irəli sürüldüyünü bildirib.Bəyanatda qeyd olunur ki, bu aşkarlanma “İran rejiminin sanksiyalardan yayınmaq üçün yaratdığı şəbəkənin genişliyini” nümayiş etdirir.

Bu da əlavə edilir ki, ABŞ sanksiyaları Tehran üzərinə təzyiqi artıraraq “rejimin gəlir mənbələrini sərt şəkildə məhdudlaşdırır”.ABŞ bildirir ki, İrana bağlı bu şəbəkəyə İİKK-in nəzarətində olan Ansar Bank və bu bankın nəzarətində olan firmalarla birlikdə banklar və başqa maliyyə təsisatları daxildir. Bu firmaların siyahısında Ansar Exchange, Atlas Company, Atlas Exchange, Ansar Bank Brokerage Company və Ansar Information Technology şirkətləri var. Sanksiya siyahısına daxil edilmiş daha bir qurum Zagros Pardis Kish şirkətidir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə bu şirkət Birləşmiş Ərəb Əmirliklərindən yüzlərlə avtomobilin İran Müdafiə Nazirliyinə çatdırılmasında iştirak edib.Bəyanata görə, BƏƏ-də mənzillənmiş çoxsaylı balıqqulağı şirkətləri bu maşınların alınması və göndərilməsini həyata keçirib.

ABŞ-ın yeni sanksiyaları həm də Ayətullah Ebrahimiyə tətbiq ediləcək.ABŞ Maliyyə Nazirliyi bildirir ki, Ebrahimi hələ 14 yaşından İİKK-ə cəlb edilib və 2005-ci ildən bəri Ansar Bankın direktoru olub.Sanksiya siyahısına Ansar Exchange firmasının direktoru Alirez Atabaki də daxil edilib.Sanksiya hesabatında deyilir ki, Atabaki İİKK-in xarici əməliyyatlar qolu - Qüds Qüvvələri ilə işləyib və 2019-cu ilin əvvəllərində IRGC-QF adlı qondarma şirkət vasitəsilə maliyyə tranşlarını koordinasiya edib.Maliyyə naziri Steven Mnuchin deyib ki, İİKK və İran Müdafiə Nazirliyi sanksiyalardan yan keçmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından istifadəni davam etdirir. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, İİKK-nin nəzarətində olan Ansar Bank və onun valyuta mübadiləsi qolu Ansar Exchange beynəlxalq araçılar vasitəsilə dəyərdən düşmüş rialı dollara dəyişir.

Bundan əlavə, son günlər İranda baş verən təbii fəlakət ölkəyə külli miqdarda ziyan vurub.İslam Respublikasının prezidenti Həsən Ruhani son 50 ildə İranda bu miqyasda təbii fəlakətin baş vermədiyini bildirib.Ölkə başçısı zərər dəymiş insanlara kompensasiyanın ödəniləcəyini də deyib.Qeyd edək ki, İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz da daxil olmaqla bir neçə şəhərinə güclü sel böyük ziyan vurub.Şəhərlərin infrastrukturu tamamilə dağılıb.Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.Xilasedicilər ölənlərin sayının artacağı ehtimalını irəli sürüblər.

İranın qərbində yerləşən Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su basması əhalinin gediş-gəlişində problemlər yaradıb.Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük zərərin dəydiyini bildirib.

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində də yeddi gün yağan yağış nəticəsində Ağ Qala şəhərinə ciddi ziyan dəyib.Şəhərin infrastrukturu sıradan çıxıb. İranın hidrometeorologiya bürosu bildirib ki, Xuzistan, Buşehr, İlam, Fars, Kermanşah, Kürdüstan, Lorestan, Çaharmahal, Bəxtiyari və İsfahan vilayətlərində daşqının baş vermə ehtimalı var. Aramsız yağışların davam etməsi yeni sel dalğasının olacağını deməyə əsas verir. Ölkəyə dəyən zərərin miqdarı milyard dollar həcmindədir.

Göründüyü kimi, bir yandan ABŞ-ın İrana sanksiyaları genişlənir, digər yandan ölkə təbii fəlakətin qurbanına çevrilib.Bu isə İranın iqtisadi və siyasi böhranla üz-üzə qalacağını deməyə əsas verir.İran iqtisadiyyatı elə zəifləyib ki, əhaliyə dəymiş ziyanı ödəyəcək gücündə deyil.Bu isə sosial narazılığın artacağı ehtimalını artırır.

“Orta Doğru” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, yeraltı və yerüstü sərvətlərin dəyərləndirilməsi baxımından İran çox varlı dövlətdir:

“Təəssüf ki, ölkəni idarə edənlər həmin sərvətləri vətəndaşların rifah halının yaxşılaşdırılmasına sərf edə bilmir.Çünki ölkəni hikkə, iddia və kinlə idarə edirlər.Son illərdə İranda baş verən müxtəlif təbii fəlakətlər sübut edir ki, hakimiyyət fövqəladə halların qarşısının almağa və onun nəticələrinin aradan qaldırmağa hazır deyil.Təbii ki, fövqəladə hallardan kimsə sığortalanmayıb.Dünyanın inkişaf etmiş ölkələrində də təbii fəlakətlər baş verir və dövləti idarə edənlər bunun qarşısını almaqda aciz görünürlər. Amma heç olmasa vətəndaş az itki ilə çıxır. Tehranın yarısı su altında qalıb.Ölkədə aparıcı magistral yolun bir hissəsi sürüşmə nəticəsində dağılıb.Turizm bölgəsinə gedən yollar bağlanıb. Xəsarət alan və həlak olan onlarla insan var. Təbii fəlakətin nəticələrinin aradan qaldırmaq üçün dövlət hazır olmalıdır. Vətəndaşların dediyinə görə, bu işlərdə əhaliyə İranın Fövqəladə Hallar Nazirliyi və “Qızıl Ay” cəmiyyəti yardım edir.Güney Azərbaycanda bildirirlər ki, “Qızıl Ay” cəmiyyəti onlara bir qəpik belə humanitar yardım etməyib.Bundan sonra da yardım edib-etməyəcəyi bəlli deyil.Məlumdur ki, Şiraz vilayətində daha çox Qaşqay türkləri yaşayır, onlar da elatlardır.Qaşqay türklərinin yaşadığı ərazilər də su altında qalıb.Bu çox təəssüfləndirici hadisədir.İnşəallah daha bol yağış yağar və Urmiya gölü əvvəlki səviyyəsini bərpa edər”.

Ekspert əvvəllər də Güney Azərbaycanda və İranın başqa ərazilərində zəlzələlərin baş verdiyini xatırladıb:

“5 ballıq zəlzələyə davam gətirməyən evlər dağılarkən xeyli sayda insan həyatını itirdi. Hakimiyyət elementar hadisələrin nəticələrini aradan qaldırmağa nə hazırdır, nə də buna cəhd edir. Çünki dövlətin pulu və mülkü daha çox silahlanmaya, qonşu dövlətlərin ərazisindəki müxtəlif hərbi əməliyyatlara, Xomeyninin islam inqilabı doktrinasının yayılmasına sərf edir. Əvvəllər də qeyri-rəsmi mənbələr bildirirdi ki, İranda qeydiyyata alınmayan çoxsaylı gömrük komitələri var. Buradan gələn gəlir İnqilab Keşikçiləri Qvardiyasının (İKQ) nəzarəti altında İran İslam Respublikasının hədəflərinə xərclənir”.

Sədrəddin Soltan hesab edir ki, son zamanlar ABŞ-la İran arasında münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də İranın Suriyadakı və Fələstindəki fəaliyyəti ilə bağlıdır:

“İrandakı hakimiyyət birmənalı şəkildə Suriyadan çıxmaq istəmədiyini bildirib. Çünki İran Suriya ilə qonşu deyil.Belə olan halda bura istənilən şəkildə müdaxilə edə bilmir. Məsələn, Türkiyə bəyan edirdi ki, Suriya ilə arasında olan 900 kilometrlik sərhəddən ölkəsinin ərazi bütövlüyünə təhdid var. Buna görə də bölgədə iki ölkə arasında təhlükəsizlik zolağı yaratmaq üçün Türkiyə hökuməti Suriya ərazisində anti-terror əməliyyatları həyata keçirir. İranla Suriya arasında sərhəd yoxdur və İran Suriyaya bu şəkildə müdaxilə edə bilmir.İran deyir ki, təlimatçıları və qoşunları Suriyaya Bəşər Əsəd rejimi dəvət edib.Suriyada olmaq İsrail ərazisini təhdid etməkdir.Bir tərəfdən Livandakı İranyönlü Hizbullah təşkilatı, digər tərəfdən Suriyadakı İranyönlü qüvvələr İsrailin ərazisini təhdid edə bilərlər.Bu təhdidlərin qarşısını almaq üçün ABŞ İrana qarşı təzyiqləri artırır.Ötən gün ABŞ prezidenti Donald Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atdı.ABŞ tərəfi iddia edir ki, Colan yüksəklikləri yaxınlığından İranyönümlü qüvvələr İsrailin ərazisini təhdid edir.Bu təhdidin aradan qaldırılması üçün guya onlar Colan yüksəkliklərinin üzərində İsrailin suverenliyini tanıyıblar.Əslində, İran Suriyadakı fəaliyyəti ilə bölgədəki təhlükəsizliyi təhdid edib.Başqa sözlə, İran Suriyadakı fəaliyyəti ilə ABŞ, İsrail və.s bəhanə verib ki, həmin ərazilərdə İsrailin suveren hüququnu tanısınlar”.

Şərqşünas onu da qeyd edib ki, ötən ay ABŞ-ın dövlət katibi Maykl Pompeo İranın neft ixracatını sıfıra endirəcəklərinə dair açıqlama verib. Sədrəddin Soltan bu sıfıra endirmə prosesini elan olunan sanksiyaların davamı kimi qiymətləndirib:

“İranda dövlət məsələlərinin hamısına İnqilab Keşikçiləri Qvardiyası nəzarət edir. Bundan sonra İKQ-na qarşı olan qadağalar daha da sərtləşəcək.Bu həm də İranla ticarət əlaqəsi olan böyük dövlətlərə və şirkətlərdə də ismarışdır.Ehtimal etmək olar ki, gələcəkdə İranla əməkdaşlıq edən böyük dövlətlər və şirkətlər ticarət əlaqələrini kəsəcək.Artıq Türkiyə İrandan neft ixracatını azaldıb, eləcə də Rusiyanın “LukOil” şirkəti İranda fəaliyyətin dayandırıb və.s.Gələcəkdə İranın hərbi sənaye kompleksinin silah satması, o cümlədən ölkə banklarının əməliyyatlar aparmasında ciddi problemlər yaranacaq.Bütün bu sanksiyalar İranın maliyyə sektoruna zərbə vurmaq və İranın başqa dövlətlərin ərazisindəki hərbi əməliyyatların qarşısının almaq, eləcə də rəsmi Tehrana qarşı təzyiqləri artırmaq üçündür.Təbii fəlakətlər, sanksiyalar, vətəndaşların sosial vəziyyətinin ağır olması və hakimiyyətdaxili didişmələr İran rejimi qarşısında ciddi problemlər yaradır.Bu problemlər qarşıdan gələn 9 ayda İrana 9 mərhələli çətinliklər yarada bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 10370