hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İran gözləmədə: Rejim hərbi müdaxilə edəcək?

İran gözləmədə: Rejim hərbi müdaxilə edəcək?

Azərbaycan Ordusunun Ermənistan işğalçılarına qarşı uğurlu hərbi əməliyyatları davam edir.

Cəmi 1 ay keçsə də, Qarabağ cəbhəsində ciddi uğurlar var. İşğal altında olan torpaqlarımız bir-bir azad edilir. Artıq gedən döyüşlər bütün dünyanın diqqət mərkəzindədir. Xüsusən region dövlətlərindən bir neçəsi prosesə müdaxilə etmək, Ermənistanı dəstəkləmək üçün startda dayanıb. Lakin Azərbaycanın haqq davası, yalnız beynəlxalq hüququn tələbləri əsasında hərəkət etməsi, onların əl-qolunu bağlayıb.

Digər tərəfdən qardaş Türkiyə də öz mövqeyini ortaya qoyub. Ankara açıq şəkildə bəyan edib ki, Qarabağda gedən döyüşlərə üçüncü ölkə müdaxilə edərsə, türk ordusu Azərbaycana köməyə gələcək. Lakin buna baxmayaraq, İran sərhədlərinin təhlükəsizliyini bəhanə edərək sərhəddə hərbi texnikalar yığıb. Maraqlıdır ki, Azərbaycan torpaqlarından silahlı ermənilər qeyri-qanuni şəkildə İrana keçərkən Tehran rejimi tərəfindən bu addım atılmamışdı.

Görünür erməni qardaşlarına yardım edə bilməyən Tehran rejimi alternativ yollar axtarışındadır. İran bu addımı atmazdan öncə Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə Azərbaycanı və İranı təbrik edərək, iki ölkə arasındakı sərhədin tam nəzarətə götürüldüyünü bildirmişdi. Bundan sonra İranın belə addım atması suallar doğurmaya bilməz. Lakin Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, əgər üçüncü ölkənin müdaxiləsi olarsa, F-16 qırıcıları havaya qalxacaq. Bu ifadə həm də İrana xəbərdarlıq idi.

Bütün bunlara rəğmən, əgər İran Azərbaycan torpaqlarında gedən döyüşlərə müdaxilə etməyə qalxışarsa, nələrlə üzləşə bilər?

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın Azərbaycan torpaqlarında gedən proseslərə müdaxiləsi gözlənilən deyil:

“Mən inanmıram ki, İran Dağlıq Qarabağda gedən proseslərə müdaxiləyə qalxsın. Belə bir ehtimal görünmür. İranın öz ərazilərinin təhlükəsizliyini təmin etməkdən başqa hansısa məqsədlər güddüyünə inanmıram. İran tərəfindən verilən bəyanatlardan da bu görünmür. Biz əsas digər bir mövzuya diqqət yetirməliyik ki, bu Ermənistanın təxribat siyasətidir. 27 oktyabrda baş verən Bərdə cinayəti də bunu sübut edir. Bundan öncə də Gəncədə eyni hərbi cinayət işlənmişdi. Ermənistan çalışır ki, Azərbaycan bu təxribatlara cavab versin və nəticədə Rusiya prosesə müdaxilə etmək haqqı qazanıb, İrəvanı xilas etsin. Bu baxımdan belə təxribatlar daimi baş verir. Ona görə də mülki əhalini qətlə yetirirlər. Yəni məqsəd kiminsə arxasında gizlənməkdir. Məsələ bundan ibarətdir”.

T. Zülfüqarov məhz Azərbaycan torpaqları işğaldan azad edilib, sərhədin təhlükəsizliyi təmin olunduqdan sonra İranın sərhəd bölgəsinə hərbi texnika yığmasına da aydınlıq gətirib:

“Görünür, bundan əvvəl torpaqlarımız işğal olunan zaman bu cür hərbi əməliyyatlar getməyib deyə, İranın öz texnikalarını sərhəddə yerləşdirməyə səbəb olmayıb. Bizdə olan məlumata görə, 93-94- cü illərdə İran öz təhlükəsizliyini təmin etmək üçün sərhəddə hərbi qüvvələr yığmışdı. Bu hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlardır. Bu addımların qeyri-adi olduğunu düşünmürəm”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 8009

Bizim Telegram səhifəmizi izləyin