t İran hökuməti SEPAH-i niyə ittiham edir? – Açıqlama
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

İran hökuməti SEPAH-i niyə ittiham edir? – Açıqlama

İran hökuməti SEPAH-i niyə ittiham edir? – Açıqlama

“Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən raketlə vurulması barədə məlumat Prezident Həsən Ruhanidən və hökumət üzvlərindən gizlədilib”.

Bunu İran hökumətinin mətbuat katibi Əli Rabey bildirib.

Rabey Tehranda keçirdiyi mətbuat konfransında, “bizi yalançılıqda və hadisəni gizlətməkdə ittiham etdilər. Əsl həqiqət belə deyil. Biz yalan söyləmədik, hadisə ilə bağlı bizə məlumat verilmədi”, - deyə bildirib.

O qeyd edib ki, təyyarənin raketlə vurulması xəbəri prezidentə və hökumət üzvlərinə cümə günü (10 yanvar) günortadan sonra verilib: “Ruhani hadisədən xəbər tutan kimi Təhlükəsizlik Şurasının toplantısını çağırdı və hadisə ilə bağlı açıqlama yaydı”.

“SEPAH-ın Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə məsələdən çərşənbə günü (8 yanvar) xəbərdar olduğunu və tabe olduğu şəxslərə çatdırdığını söylədi. Onlar da məsələnin araşdırılmasına ehtiyac olduğunu düşünüblər”, - deyə o vurğulayıb.

Bununla belə, Əli Rabey hadisənin iki gün sonra hökumətə çatdırılmasının bilərəkdən edilmədiyini deyib: “Gec hesabat verilməsindən bizdə narahatıq. Bu, qurumlar arasında qurulan rabitə problemindən irəli gəlir”.

Bu açıqlama İranda hakimiyyətdaxili ziddiyyətin artması kimi də qəbul edilir. Hökumət nümayəndəsi baş verənlərin məsuliyyətini Prezident və hökumətin üzərindən atmaqla yanaşı həm də SEPAH-ı ittiham edir. 

Bu Həsən Ruhaninin SEPAH-ı sıradan çıxarmaqla Xomeneyini zəiflətmək cəhdi hesab oluna bilərmi?

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, məsələnin gizlədilməsinə sərəncamı yalnız Xameneyi vere bilər: 

“Bu sərəncamı yalnız dini lider verə bilər və prezident də onunla həmrəy ola bilər. Hesab edirəm ki, belə bir açıqlamanın verilməsi mühafizəkarların, onların lideri olan Xameneyinin əleyhinə işləyir. Hazırda İranın siyasi elitasında mühafizəkarlarla yenilikçilər arasında böyük qarşıdurma var. Uzun müddətdir ki, bu mübarizədə Xameneyinin dəstəsi üstünlük təşkil edirdi, indi görünür ki, müəyyən qüvvələr tələbələr və əhali arasında olan etirazlardan da istifadə edərək onu dini lider vəzifəsindən uzaqlaşdırmaq istəyirlər. Bu fakt Xameneyinin əleyhinə işləyən ən ciddi amillərdən biri ola bilər. Yəni İranda siyasi hakimiyyət uğrunda mübarizə gərginləşir”.

Politoloqun qənaətinə görə, açıqlama məqsədli şəkildə verilib. 

Bəs burada rejimin qorunması üçün SEPAH-ın qurban verilməsi məqsədi ola bilərmi?

Politoloq deyir ki, ən azı SEPAH-ın hüquqlarının məhdudlaşdırılması, onun dini liderin rəhbərliyi altında İran və İran xaricində “at oynatmasının” qarşısını almaq niyyətləri var: 

“SEPAH ordunun içində ordudur. Ölkənin Milli Müdafiə Nazirliyindən də üstün bir quruma çevirilib. Çalışırlar ki, bu tərs mütənasibliyi aradan qaldırsınlar”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1112