hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İran küncə sıxışdırılır: Livandan çıxarılacaq?

İran küncə sıxışdırılır: Livandan çıxarılacaq?

Livan ətrafında Səudiyyə Ərəbistanı və İran arasında qarşıdurma dərinləşir.

Səudiyyə Ərəbistanı hesab edir ki, Beyrut limanında baş vermiş patlayışdan sonra Livanda yaranmış gərginliyə son qoymağın yolu İranın bu ölkədəki təmsilçisi olan “Hizbullah” hərəkatını tərksilah etməkdir. “İranla bağlı son həll yolu əldə edilməli, Tehran rejiminin əlaltısı olan Livan Hizbullahı tərksilah olunmalıdır”. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud belə deyib.

Onun sözlərinə görə, İran rejimi 2015-ci ildə imzalanmış nüvə razılaşmasını pozmaqla təcavüzkar siyasətini gücləndirmək, terror qruplaşmaları yaratmaq və terrorizmdən bəhrələnməyi qarşısına məqsəd qoyub. Kral İranın atdığı addımların indiyədək regionda çaxnaşma, radikalizm, dini düşmənçilik və məzhəb müharibələrindən başqa heç bir nəticə vermədiyini vurğulayıb.

Salman bin Əbdüləziz son həll variantının əldə edilməsi və dünya güclərinin İranla bağlı qəti mövqe sərgiləməsini Tehran rejimi ilə mübarizədə “iki zəruri” məsələ adlandırıb: “Tehran rejimi ilə təcrübəmiz bizə kiçik həll yollarının və tolerantlığın İranın beynəlxalq sülh və təhlükəsizliyə yönəlmiş təhdidlərinin qarşısını almadığını öyrədib”.

Hazırda Livan parlamentində çoxluğa malik olan “Hizbullah” ölkənin siyasətinin müəyyənləşməsində mühüm təsirə malikdir. Ona görə də güclü siyasi və hərbi resurslara malik olan bu təşkilatı tərksilah etmək Livanda ciddi toqquşmaya gətirib çıxara bilər.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Livanda sabitliyi bərpa etmək üçün “Hizbullah” mütləq siyasi səhnədən çıxarılmalıdır:

““Hizbullah” dövlət ordusu deyil, terrorçu təşkilatdır. Kral Salmanın təkliflərini dəstəkləmək lazımdır. Çünki İran Yaxın Şərqi və ətraf regionları qarışdıran əsas dövlətdir. İran Ermənistan kimi terrorçuları himayə edir, onlara yardım göstərir, həddindən artıq böyük iddialarla çıxış edir. Bölgədəki bütün terrorçu qruplaşmaları İran dəstəkləyir. “Hizbullah”, “Ceyşullah”, “Həmas” və digər çoxsaylı terror təşkilatları İrandan silah və maliyyə yardımı alır. Ona görə də Səudiyyə kralı doğru deyir. İran haqqında ciddi tədbirlər görülməyincə, Tehran rejimi bölgədə qarışıqlıq yaratmaqda davam edəcək. İranın nüvə arsenalı ciddi yoxlanılmalı, onun terrorçu dəstələrə yardımı dayandırılmalı və bu prosesi təmin etmək üçün BMT tərəfindən xüsusi qüvvələr formalaşdırılmalıdır. Bu qruplaşmalar “Hizbullah”la yekunlaşmır. İran tərəfindən yaradılmış və maliyyələşən “Həşti Şaabi” adlı partizan qruplaşması var. “Həşti Şaabi”nin yaraqlıları Suriya ərazisində türk qoşunlarına və müxalifət qüvvələrinə qarşı döyüşür. Zənnimcə, İranın bölgədə qeyri-sabitliyə uzanan əlləri dayandırılmalıdır. Biz bundan ziyan çəkirik. Çünki İran Dağlıq Qarabağa PKK terrorçularını, silah, yanacaq vasitələrini göndərir. Biz də İranın bu regiondakı fəaliyyətinin qarşısını almalıyıq. Bunun ən yaxşı yolu Sovet dövründə olduğu kimi təbliğat vasitələrini işə salmaqdır. Cənubi Azərbaycan türklərinin hüquqları, milli inkişafı ilə bağlı problemləri mütəmadi olaraq qaldırmalı, onları oyatmaq lazımdır. Ona görə də Kral Salmanın bu çağırışı düzgündür”.

Qeyd edək ki, bu yaxınlarda Livan prezidenti Mişel Aun da Livanı dünyəvi dövlətə çevirmək təklifi ilə çıxıəş edib. Bu isə hakimiyyətdəki dini qrup-ların, o cümlədən “Hizbullah”ın siyasi səhnədən uzaqlaşdırılması deməkdir.

“Hizbullah”ın şiə icmasından ibarəıt geniş sosial bazaya və geniş hərbi imkanlara malik olduğunu nəzərə alsaq bu da kifayət qədər çətin grünür. Qabil Hüseynlinin sözlərinə görə, “Hizbullah”ın imkanlarını şişirtmək lazım deyil və Livanı dünyəvi dövlətə çevirmək mümkündür:

“Livan vaxtilə Yaxın Şərqin mirvarisi, Parisi adlandırılırdı. “Hizbullah” Livanın imicinə xələl gətirir. Vaxtilə Livan özünün dünyəvi dövlət quruluşu ilə bütün dünyaya nümunə idi. Sonradan saqqallılar, əmmaməlilər bu ölkəni bərbad hala salıb. Livanın konstitusiyasında bu ölkə dünyəvi dövlət kimi göstərilib. Qeyd edilib ki, Livanda din siyasətdən ayrıdır. Amma bunu təcrübədə həyata keçirmək mümkün olmur. “Hizbullah”ın gücünü şişirtməyə ehtiyac yoxdur. Kiçik bir qruplaşmadır və lazımi qüvvə ilə onu qısa müddətdə sıradan çıxartmaq olar”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 9923

Bizim Telegram səhifəmizi izləyin