hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

İran “dalana dirənir”: Son çırpıntılar

İran “dalana dirənir”: Son çırpıntılar

İranda benzinin qiymətinin bahalaşması əleyhinə  noyabrın 15-də baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalar səngimək bilmir. 

Xalq etirazlarının baş qaldırmasının ardından hakimiyyət bütünlüklə interneti blokladı. İnternet blokadası səbəbilə hüquq müdafiəçiləri, eləcə də beynəlxalq təşkilatlar nəzarət altına alınan və öldürülən vətəndaşlar haqqında ətraflı məlumat əldə edə bilməyiblər.

İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələri kəskin zorakılıq nümayiş etdirib. Polis, SEPAH, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirildiyi, 3700 aksiyaçı iştirakçısının yaralandığı bildirilir.

İranın beynəlxalq enerji bazarlara çıxışı üçün leqal yollar bağlanandan sonra qaçaqmalçılıq yolu ilə ticarət trendə çevrildi. 2011-ci ildə İran neftdən 110 milyard dollar gəlir əldə etdiyi halda, bu gün ölkə dünya bazarına bir tanker belə neft çıxara bilmir. 2015-ci ildə nüvə proqramına dair Vyana sazişi imzalananda İran tankerləri bazara çıxmaq üçün körfəzdə gözləyirdi. Həmin neft həcmlərini bazara çıxara bilmişdi. Bu gün də dünyada İran bazarına tələbat böyükdür. 600 neftayırma zavodunun 40-ı İranındır. Tələbat bu qədər böyük olduğu halda siyasi maraqlar önə keçib. Bu gün siyasətin iqtisadiyyata müdaxiləsi artıb, bu da iqtisadiyyatın həcmini kiçildir. Siyasətin iqtisadiyyata müdaxiləsi azalanda isə, siyasətin həcmi kiçilir iqtisadiyyat böyüyür. İranı bütün gəlirlərdən məhrum etmək, həm milli valyutanın tam dəyərdən düşməsinə, həm də əhalinin narazılığının artması məqsədinə xidmət edir.

İranın həm zəngin təbii resursları var, həm də iqtisadi potensialı çox böyükdür. Amma buradan gələn gəlir əhaliyə çatmır, insanların maddi durumu yaxşı deyil, yoxsulluq yüksək səviyyədədir. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bildirmişdi ki, İran rejimi öz xalqının 16 milyard dollarını Suriya və İraqda fəaliyyət göstərən yaraqlı qruplaşmalara xərcləyib. Halbuki bu pullarla İran iqtisadiyyatını dirçəltmək olardı.

İran-İraq müharibəsindən sonra iqtisadi dayanıqlılıq yarada bilmişdi. Orta sahibkarlıq müəyyən qədər inkişaf etdirilmişdi. Qiymətlər artsa da, müəyyən təsərrüfat və sahibkarlıq subyektlərinə dəyən ziyanın bir hissəsini dövlət öz üzərinə götürürdü. Yəni subsidiyalar verməklə narazılığın qarşısını almağa müvəffəq ola bilirdi. Bu da onlara sanksiyalardan qorunmağa, dinc dolanmağa imkan verirdi. Amma indi büdcədə bu güzəştləri etmək üçün kifayət qədər vəsait yoxdur. Bu gün hökumət 19 milyon aztəminatlı ailəyə 5-18 dollar arası subsidiya verəcəyini bəyan edib. Aydındır ki, bu, əhalini sakitləşdirmək üçün verilən boş vəddən başqa bir şey deyil.

Maraqlıdır, İranın iqtisadi dayanıqlığı ölkədə baş verən sosial-iqtisadi böhrandan çıxmağa imkan verəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İranın resursları tükəndiyi üçün daxili etirazlar artır:

“Bu gün həm sanksiyalar, həm də İranın texnoloji cəhətdən geridə qalması öz işini görür. Daxil resurslar hesabına yaranmış böhrandan çıxış imkanları kifayət qədər məhdudlaşıb. Buna görə də İran hökuməti qeyri-populyar addımlar atır. Yəni qiymətləri artırır, dövlət təminatından olan yardımları azaldır, sosial məsələlərə daha az vəsait xərcləməyə məcbur olur. Bütün bunlar daxili etirazların güclənməsinə səbəb olub. Amma narazılığın özünün də çeşidli səbəbləri var. Tək sosial məsələlər deyil, əhalinin bir qismi İranın ətraf ölkələrdə milyardlarla vəsait xərcləməsinə etiraz edir. Məsələn, İran Suriyada, İraqda, Livanda, Yəməndə milyardlarla dollar xərcləyib ki, bu məbləğ ölkənin daxili problemlərinə yönəldilə bilərdi. Eyni zamanda siyasi sistemin qapalı olması ilə bağlı narazılıqlar da var. İranın daxili resursları tükəndiyi üçün mütləq müəyyən razılaşmalara getməlidir. Sanksiyalar yumşaldılmalıdır ki, İranın düşdüyü böhrandan çıxmağa şansı yaransın. 

İran iqtisadiyyatı çox böyük həcmdə enerji daşıyıcılarından asılıdır. Bu gün İran potensialının ancaq 15-20 faizi qədər, yəni gün ərzində cəmi yarım milyon barel, ən yaxşı halda isə 600 milyon barel neft sata bilir. Hansı ki, İranın potensialı təqribən 3 milyon barelə yaxındır. Neft satışının 5 dəfəyə qədər aşağı düşməsi İran iqtisadiyyatında valyuta çatışmazlığına səbəb olur. Bu isə ölkədə devalvasiya prosesinin sürətləndirir. İran daxili islahatlar aparmadan, beynəlxalq münasibətləri normallaşdırmadan, düşdüyü iqtisadi-siyasi və ictimai-sosial böhrandan öz gücü hesabına çıxacağı şansını azaldır. Hesab edirəm ki, İran hakimiyyəti beynəlxalq danışıqların sürətlənməsinə və sanksiyaların yumşaldılması üçün müəyyən infrastrukturun hazırlanmasına başlayacaq”.

İranın yenidən iqtisadi dayanıqlılıq yarada bilməsinə gəlincə, analitik qeyd edib ki, hazırda situasiya fərqlidir:

“İran-İraq müharibəsindən sonra neftin qiymətində kəskin artım müşahidə olunurdu və sanksiyalar indiki qədər sərt deyildi. O dövrdə İran kifayət qədər valyuta əldə edə bilmişdi. Əsasən də, 2000-ci illərin əvvəlindən başlayaraq İranda valyuta ehtiyatları sürətlə artmağa başladı. Rəsmi Tehran sutkada təqribən 3, 3.5 milyon barel neft sata bilirdi. 2008-ci ildə neftin qiymətinin 145-147 dollara qədər artdığını nəzərə alsaq, bu, çox böyük həcmdə vəsait demək idi. Buna görə də iqtisadiyyata dotasiya verə bilirdi. Əslində İranın iqtisadi modeli dotasiyalar üzərində qurulub. Dotasiyalar, kənd təsərrüfatına və kiçik sahibkarlığa güzəştlər olmasa, ayaqda qala bilməzdi. Hazırda vəziyyət fərqlidir, həm neftin qiymətləri yüksək deyil, həm neft hasilatı və satışı 3-4 dəfə aşağı düşüb, həm də beynəlxalq münasibətlər çox gərgindir. Belə bir vəziyyətdə İranın öz gücü hesabına iqtisadiyyatını yenidən dirçəltməsi, o cümlədən daxili resursları hesabına ayaqda qalması mümkün deyil. Əvvəllər iqtisadiyyatda müəyyən dinamika və stabillik ona görə baş verdi ki, dövlət dotasiyaları hesabına iqtisadi aktivlik artırılırdı. İndi bu dotasiyalar ayrılmır, çünki resurs yoxdur. İnanmıram ki, daxili imkanlar hesabına bu böhrandan çıxmaq İrana nəsib olsun”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2564