hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

İran “odla oynayır”: Yeni plan ölkəni hədəfə gətirir 

İran “odla oynayır”: Yeni plan ölkəni hədəfə gətirir 

İsraildə yeni hökumətin formalaşmasından sonra İranın Yaxın Şərqdəki mövqelərinə qarşı hərbi əməliyyatların başlanacağı proqnozlaşdırılır.

ABŞ prezidenti Donald Trampın Colan təpələrini İsrail ərazisi elan etməsi və İran İslam İnqilabı Keşikçiləri Qvardiyasını terror təşkilatı kimi tanıması ilə bu qarşıdurma açıq müstəviyə keçmək üzrədir.Aprelin 6-da İsraildə keçirilmiş parlament seçkilərinin nəticəsində Benyamin Netanyahunun hökumət başında qalması İranla münasibətlərdəki gərginliyin artacağını deməyə əsas verir.

Lakin beynəlxalq analitiklərin fikrincə, Donald Tramp İrana qarşı İsraillə birgə hərbi əməliyyatlar aparmaqdan daha çox başqa plana üstünlük verir.Söhbət “Ərəb NATO”su adlandırılan hərbi alyansın yenidən gündəmə gətirilməsindən gedir.ABŞ prezidenti bu yolla Fars körfəzi ölkələrini İrana qarşı birləşdirmək istəyir. Əgər belə bir hərbi ittifaqı yaratmaq mümkün olarsa, alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Küveyt, İordaniya və Bəhreyn daxil ola bilər. Bu halda Tramp-Netanyahu ittifaqının İrana təsirləri əhəmiyyətli dərəcədə artmış olar.Lakin bu, mütləq hərbi əməliyyatların başlanması anlamına gəlmir.Hadisələrin bu cür inkişafı həm də Yaxın Şərqdə Rusiyanın qarşısını ala bilər.

Hazırda İranla bağlı əsas narahatlıq Tehran rejiminin Suriyada təsirinin artması ilə bağlıdır.Rusiya öz silahlı qüvvələrini Suriyadan çıxaracağı tədqirdə, Bəşər Əsədin zəifləmiş administrasiyası İranın tam nəzarətinə keçə bilər.Ona görə də Bəşər Əsəd və İran oktyabr ayının 1-də Suriyanın Lazkiyə vilayətində dəniz limanının açılması barədə razılığa gəlib.Bu isə İranın Aralıq dənizinə birbaşa çıxışını təmin etmiş olar, nə İsrail, nə Rusiya məsələyə seyrçi ala bilməz.Məhz bu səbəbdən seçkilərdən əvvəl Moskvaya səfər edən B.Netanyahunun prezident Putinə-“Narahat olmayın.Mən heç bir halda İranın Suriyada qalacağına imkan verməyəcəm” - sözlərini dediyi bildirilir.

Mediada yayılan məlumatlara görə, Rusiya və İsrail İranı Suriyadan çıxarmaq barədə razılığa gəlib.Bu isə razılaşmada Trampın da dolayı yolla iştirak etməsi deməkdir.Rusiyanın bu hərəkətinin arxasında onun İranla rəqabət aparması dayanır.Hər iki ölkə Əsəd rejiminə qarşı birgə dəstək verməsinə baxmayaraq, İran Rusiyanın bölgədəki rəqibidir.Əsədi qorumaqla Suriyada istəyinə çatan Putinin öz maraqları var. O, yaxşı anlayır ki, İran Suriyada daha çox qaldıqca Rusiyanın İsrail və ABŞ-la münasibətlərindəki gərginlik yalnız artacaq.Bu isə Rusiyanın maraqlarını təhlükə altına sala bilər.Bundan əlavə, İsrail son zamanlar Suriyada İranın mövqeyinə hücumların sayını əhəmiyyətli dərəcədə artırıb.Bu vəziyyət Əsədin hava hücumundan müdafiə sisteminə ciddi zərbə vurur.Xatırladaq ki, Moskvanın yeganə məsələsi Əsədin Suriya ərazisinə tamamilə hakim olması üçündür.Trampın İranı sıxması Tehranın Rusiyadan asılılığını artırır.Bu baxımdan, Rusiya liderinin mövqeyi İrana qarşı daha güclüdür. Əgər Putin Tehrana qırmızı kart göstərib İsrailin İran Suriyadakı hərbi bazalarına hücumlarına səssiz qalarsa, ABŞ-İsrail cəbhəsini sakitləşdirəcək. Ancaq Putin İsrailin əlini sıxıb İranın Suriyada hərbi baza yaratmasına imkan versə, o zaman hadisələr arzuolunmaz istiqamətdə cərəyan edəcək.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İranın Lazkiyə ərazisində liman adı altında Rusiyadan gizlin hərbi baza açması Suriyada güclənmək niyyətindən xəbər verir: 

“Lakin bu o qədər asan məsələ deyil. İranın Lazkiyə liman açması ABŞ-ın qəbul etmədiyi ikinci bir dövlətin Suriyada hərbi baza yaratması deməkdir.Bu isə Amerikanın maraqlarına uyğun deyil.Aralıq dənizi sahilində İranın hərbi bazasının olması da ABŞ-ın maraqlarına ziddir.Ümumiyyətlə, İranın Suriyanın Lazkiyə bölgəsində hərbi baza təşkil etməsi Qərbin bölgə ilə bağlı prinsiplərinə uyğun gəlmir.İran hakimiyyəti onu Suriyaya Bəşər Əsədin dəvət etdiyini iddia edir. O halda belə sual yaranır - əgər Bəşər Əsəd hakimiyyətdən gedərsə, Lazkiyə bölgəsindəki həmin limanın mövcudluğuna və fəaliyyətinə kim təminat verəcək? Ona görə də İranın bu planının reallaşacağına inanmıram.Çünki belə bir hərbi bazanın qurulması yaxın perspektivdə həmin bölgədə İrana qarşı hərbi əməliyyatların başlanmasına şərait yarada bilər.İranın Lazkiyədə hərbi baza açması Rusiyanın da Tartus limanı yaxınlığındakı hərbi hava bazası üçün problem yarada bilər.Ona görə də bu fikrin daha çox İran tərəfindən təbliğat məqsədilə ortaya atıldığını düşünürəm. Əgər bu plan baş tutarsa, həm İran həm də bölgədə marağı olan dövlətlər üçün əlavə gərginlik ocağı yaradacaq. Nəticədə, Suriyanın hazırkı hakimiyyəti problemlərlə üzləşə bilər.Əvvəllər İranın Aralıq dənizinə çıxışı təmin etmək və İsrail sərhəddində hərbi baza yaratmaq arzusu olub.Amma reallıqda İranın iqtisadi vəziyyəti buna imkan vermir.Sanksiyaların tətbiq olunduğu, ölkə daxilində sosial-iqtisadi vəziyyətin ağırlaşdığı bir vaxtda İranın belə bir liman və ya hərbi baza yaratması mümkün deyil.Çox güman ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Qvardiyasını terror təşkilatı kimi tanımasından sonra Tehran rejimi bu cür məlumatlarla özünün gücləndiyini və Suriyada daha da fəallaşdığını nümayiş etdirmək istəyir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4948