hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

İran mühasirəsi daralır: Xalq üsyana təhrik edilir

İran mühasirəsi daralır: Xalq üsyana təhrik edilir

Sədrəddin Soltan: “ABŞ-ın növbəti addımı İranı maliyyə və iqtisadi cəhətdən blokadaya salmaqdır”

Bir neçə Sinqapur bankı heç bir səbəb gətirmədən ölkədə yaşayan iranlıların hesablarını bağlamağa başlayıb. Məlumatda hesabların qapadılmasının ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar olduğu bildirilib. İranlıların hesablarının qapadılmasının xüsusilə UOB və OCBC banklarında qeydə alındığı vurğulanıb. Maraqlıdır, əgər region ölkələr də ABŞ-ın təhdidi ilə bu addımı atarsa, İranda daxili problemlər hansı məcraya yönələr? 

Öz maraqlarına görə, İranı qurban verən dövlətlər çoxdur...

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, Sinqapur üçün İran əhəmiyyətli dövlət deyil: 

“Dünya bir hörümçək torudur. Burada bir ipin hərəkətə keçməsi bütövlükdə hörümçək toru şəbəkəsini silkələyir. Dünyada bütün dövlətlərin bir-biri ilə iqtisadi, siyasi əlaqələri var. Sinqapurun Qərb dövlətləri ilə çox sıx iqtisadi əlaqəsi var və o öz maraqlarına görə, İranı qurban verə bilər. Əks halda, ABŞ və Avropa kimi çox güclü partnyorlarından məhrum ola bilər. Region dövlətləri də bu cürdür. Azərbaycanın, Gürcüstanın, Rusiyanın, hətta Avropa İttifaqına üzv ölkələrin Yaxın Şərqdəki müttəfiqləri ilə iqtisadi əməkdaşlıqları İranla müqayisədə çoxdur. Məsələn, Azərbaycanın İsraillə, Avropa İttifaqı ilə iqtisadi əlaqələri daha çoxdur nəinki İranla. Bu məsələdə, hətta Rusiya, Ermənistan, Gürcüstan da istisna olmur. Ümumiyyətlə bölgə dövlətləri, eləcə də Xəzər regionuna daxil olan ölkələr iqtisadi əlaqələrini daha çox Avropa İttifaqına üzv dövlətlərlə qururlar. 

Əgər ABŞ həmin ölkələrdən seçim etməyi tələb edərsə, təbii ki, onların heç biri İranı qəbul etməyəcək. ABŞ-ın mayın 2-də İran neftinin ixracına tətbiq etdiyi sanksiyalarla bağlı 8 ölkəyə verdiyi möhlət bitdi. Yəni həmin dövlətlər ya ABŞ-la əlaqələrə son verməliyidi, ya da İranla. Son nəticədə Çin, Türkiyə, Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, Yunanıstan, İtaliya İran neftini almaqdan imtina etdi. Hətta SOCAR gələn aydan Türkiyədəki “STAR” neft emalı zavodunda İraq neftindən istifadə edəcək. Çünki ABŞ və Qərb ölkələrinin daha etibarlı partnyorudur, nəinki İran. Bütün mənalarda İran riskli ölkədir. Siyasi, iqtisadi, mədəni və s. sahələrdə İranla əməkdaşlıq edən dövlətlər ehtiyatlanırlar. Ona görə də, İrana qarşı seçim məsələsi gündəliyə gələrsə, təbii ki, dövlətlər Qərb ölkələri ilə əməkdaşlığa üstünlük verəcəklər. Bu, İranın iqtisadi cəhətdən mühasirəsidir və ölkənin bu problemi həll etməyə gücü çatmayacaq. Növbəti addım İranı maliyyə və iqtisadi cəhətdən blokadaya salmaqdır. İranın qonşu olduğu Ermənistanda və İraqda ABŞ-ın dünyadakı ən böyük səfirliyi yerləşir. Yəni İran hətta diplomatik cəhətdən belə mühasirədədir. Belə bir situasiya heç şübhəsiz ölkə daxilində qarışıqlıq və etirazlarla müşahidə oluna bilər”.

Mövcud vəziyyət xaricdə yaşayan iranlıların ölkələrinə kütləvi qayıdışına səbəb ola bilərmi?

Ekspert qeyd edib ki, əgər İranın xaricdə yaşayan iş adamlarının hesab nömrələri bağlanarsa, onların o ölkələrdə qalmasının əhəmiyyəti qalmır: 

“Həmin insanların yeganə çıxış yolu İran vətəndaşlığından imtina edib yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməkdir, yaxud da hansısa formada oturum izni almaqdır. Bu durum İranda vəziyyəti ağırlaşdıracaq, hakimiyyətin içində ciddi qarşıdurma yaranacaq. Bunun təsiri ictimaiyyətə sızar. Çünki hakimiyyətə olan müxtəlif qolların hakimiyyətdən kənar siyasi qüvvələr arasında dəstəkçiləri var. 2000-ci ildə İranda başlayan müxtəlif etiraz aksiyaları bunu təsdiqləyir ki, mühafizəkarların da, özlərini islahatçı adlandıran xəttin də tərəfdarları var. 

Bu xətlər arası kəskin mübarizə ölkə daxilində ciddi ictimai etirazlarla müşayiət oluna bilər. Hər il baş verən bu kimi hadisələr İran üçün yaxşı heç nə vəd etmir. Çox güman ki, vəziyyətin bu şəkildə gərginləşməsinə hakimiyyət maraqlı olmayacaq. Hesab edirəm ki, prezident Doland Trampın təklifini qəbul edəcəklər. Məlumdur ki, bu məsələdə Yaponiyanın vasitəçilik etməsinə ABŞ razılıq verib. Yaxın günlərdə Yaponiyanın baş naziri Şinzo Abe İrana səfər edəcək. Ola bilsin, görüş əsnasında bir sıra məsələlər müzakirə olunsun. İranın ali ruhani lideri Ayətullah Xameneinin ötən həftə  verdiyi bəyanatdan belə qənaətə gəlmək olur ki, İran ABŞ-ın şərtlərinin heç birinə əməl etməyib. Əslində, əməl etmiş olsalar belə, perspektiv İrandakı mövcud hakimiyyət üçün yaxşı heç nə vəd etmir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2421