hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

İran mühasirəyə alınır: Yeni plan, hərbçilər, daxili təlatüm…

İran mühasirəyə alınır: Yeni plan, hərbçilər, daxili təlatüm…

Pentaqon Yaxın Şərqə İranın təxribatçı əməllərinə cavab vermək üçün əlavə 1000 nəfərlik hərbi kontingent göndərir.

Bu barədə məlumat verən ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan bildirib ki, əlavə qüvvələrin göndərilməsi ilə bağlı müraciət Mərkəzi Komandanlıqdan daxil olub. Bundan sonra Müdafiə Nazirliyi regionda müdafiə qüdrətini gücləndirmək və təhdidlərə adekvat cavab vermək üçün bu müraciətə müsbət cavab verib.

Şanahanın sözlərinə görə, İranın son həyata keçirdiyi hücum bir daha Amerikanın iranlı hərbçilər və onlara bağlı şiə yaraqlılarının ABŞ maraqları əleyhinə terror hücumları təşkil etməklə bağlı əldə etdiyi etibarlı kəşfiyyat məlumatlarını təsdiq edir. O, bu addımın İranla müharibə başlatmaq üçün deyil, mövcud şəraiti dəyərləndirməklə, ABŞ-ın regiondakı hərbi qüvvələrini və maraqlarını qorumaq üçün atıldığını əlavə edib.

Qeyd edək ki, ABŞ ötən həftə Oman dənizində iki neft tankerinə qarşı təşkil olunmuş hücumda İranın əli olduğunu bildirir.

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri Əl-Fuceyrə limanında və Oman körfəzində neft tankerlərinə hücumu ilə bağlı ittihamları rədd edib. Baqiri deyib ki, əgər İran İslam Respublikası Hörmüz boğazını bağlamaq istəsə, bu niyyətini gizlətmədən açıq şəkildə həyata keçirəcək: “İran İslam Respublikası körfəzdən hər hansı bir neftin ixrac olunmasının qarşısını almaq üçün Hörmüz boğazını bağlamaq istəsə, bunu açıq şəkildə edəcək və bizim silahlı qüvvələrimiz bununla bağlı öz iradəsini ortaya qoyacaq. Bizim o qədər şücaətimiz var ki, atdığımız addımların məsuliyyətini öz üzərimizə götürək. Biz, dünyanın sabitliyini pozan Amerika və onun regional və müttəfiqləri kimi hiylə işlətməyəcək, gizli iş görməyəcəyik və belə bir niyyət və iradəmiz olsa, bunu açıq şəkildə elan edəcəyik”.

ABŞ Senatının Arkanzas ştatından seçilmiş respublikaçı üzvü, senator Tom Kotton bu günlərdə verdiyi açıqlamada Oman körfəzində neft tankerlərinə hücumun İrana hərbi cavab verilməsi üçün legitimlik yaratdığını deyib. Senator Kotton Oman dənizində iki neft tankerinə hücumu İran-İraq müharibəsinin sonunda baş vermiş “neft tankerlərinin savaşı” ilə müqayisə edib. O, bildirib ki, İranın neft tankerlərinə hücumu regionda gərginliyin artmasına səbəb olub: “İslam Respublikasının regionda ticari gəmilərə hücumu, İrana artıq hərbi cavab verilməsini legitimləşdirir. 40 ildir ki, İran bu kimi hücumları həyata keçirib”. “CNN” televiziya kanalının məlumatına əsasən, ABŞ hökuməti Yaxın Şərqə “Patriot” zenit-raket kompleksini, həmçinin bir neçə qırıcı və gəmini yerləşdirmək istəyir. İsrailin “Maariv” qəzeti BMT-dəki mənbələrə istinadla yazır ki, Ağ Ev ilə Pentaqon İrandakı müəyyən obyektlərə aviazərbə endirmək ideyasını nəzərdən keçirir.

Berlin “Elm və siyasət” fondundan Yaxın Şərq məsələləri və terrorizm problemləri üzrə ekspert Gido Ştaynberq “DW” portalına müsahibəsində ABŞ və İran arasında hərbi münaqişənin baş verəcəyini istisna etməyib: “Hörmüz boğazı kifayət qədər dardır. İran dəniz maqnit minaları və torpedo katerlərindən istifadə etməklə neft nəqlinə mane ola bilər. Baş verən hadisə ona görə, belə təhlükəlidir. Və vəziyyət son iki aydır davam etdiyi şəkildə qalsa, onda Trampın səlahiyyət müddətinin sonunda hərbi eskalasiya baş verə bilər”.

Ekspert hesab edir ki, Fars körfəzi, Oman körfəzi və ya Hörmüz boğazında təsadüfən nəsə baş versə, hərbi qarşıdurmaya hazır olmaq lazımdır: “Lakin bu da hamısı deyil. İran Avropaya ultimatum irəli sürüb. Avropa ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün imkan yaratmasa, onda İran iyulun 7-dən uran hasilatını bərpa edəcək. O zaman oyuna, nəinki ABŞ-ın hərbi dəniz qüvvələri, eyni zamanda İsrailin hərbi hava qüvvələri də qoşulacaq”.

Bu baxımdan, ABŞ-ın yaxın perspektivdə İrana qarşı hərbi əməliyyatlara başlaması ilə bağlı rəylər yenidən gündəmə gəlib. Ancaq qeyd edilən məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəzi siyasi müşahidəçilər hesab edir ki, rəsmi Vaşinqtonun Yaxın Şərqə silahlı qüvvə göndərməsi İranı nüvə proqramı ilə bağlı güzəştə vadar etmək üçün siyasi təzyiq məqsədi daşıyır. Digər ehtimallara görə, Pentaqon İrana deyil, ABŞ-ın terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Suriyada, İraqdakı mövqelərinə və Fars körfəzindəki gəmilərinə zərbə endirməyə hazırlaşır. Üçüncü ehtimal isə uranın yenidən zənginləşdirilməsinə başlamış İranın nüvə tədqiqatı obyektlərinin, uzaqmənzilli raketlərin istehsal olunduğu müəssisə və yerləşdiyi hərbi bazaların vurulması ilə bağlıdır. Bu variantlardan hansının daha real olması Tehran rejiminin mövqeyindən çox asılı olacaq. Hazırda Fars körfəzi bölgəsində, o cümlədən Oman dənizi və Hörmüz boğazında ABŞ-İran qarşıdurması getdikcə artır. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, ABŞ-ın həmin bölgədə hərbi fəallığının artması mütəmadi olaraq müşahidə olunub. Son zamanlar isə körfəz regionunda yeni hadisələr cərəyan etməyə başlayıb: “Suriyada artıq İŞİD yoxdur. Bunu həm ABŞ, həm də Rusiya rəsmən elan edib. Deməli, ABŞ-ın bölgədə silahlı qüvvələrinin sayını artırması perspektivdə Suriya ilə bağlıdır. Çünki ABŞ Suriyadan çıxıdığını bəyan edib və orada çox az hərbi qüvvə ilə qalıb. Həmin hərbi kontingentin bir hissəsi İraqa köçürülüb. Qalan hissəsinin hara aparılacağı barədə qərar yoxdur. Digər tərəfdən, ABŞ İraqda hərbi əməliyyatları başa çatdırıb. İraq ABŞ-ın dünyada ən böyük hərbi-diplomatik bazasına çevrilib. ABŞ İraqda özünə yeni müttəfiq tapa bilib. Bu, İraqın şimalındakı Kürdüstan Muxtariyyətidir. Muxtariyyətin rəhbərliyi özünə sülalə hakimiyyəti qurub. Yəni ərəb xilafətinin demokratik imic verilmiş Şimali İraq Kürd Regional Muxtariyyətinin simasında ABŞ özünə yeni müttəfiq tapıb. Belə olan halda, ABŞ İranla bağlı məsələni heç vaxt gündəlikdən çıxartmır. Amerika İrandan nüvə proqramı ilə bağlı bütün gizli mənbələrini açmağı tələb edir.

Ancaq İranın ali lideri Ayətullah Xamneyi bunun hərbi sirr olduğunu əsas gətirərək açılmayacağını deyib. Bu isə gizli hərbi obyektlərdə nüvə proqramı ilə bağlı şübhələrin olduğuna dair rəylər yaradır. ABŞ bəyan edir ki, İran nüvə başlığı daşıyan raketlər istehsal edir. 2015-ci ildə imzalanmış Birgə və Hərtərəfli Fəaliyyət Proqramında da bu məsələ nəzərdə tutulub. Qeyd edilib ki, İran nüvə başlığı daşıyan raket istehsal edərsə, o halda sanksiyalar qüvvədə qalacaq. Ona görə də ABŞ İrana qarşı daha sərt addımlar atmağa çalışır. Bura maliyyə, ticarət sanksiyaları ilə yanaşı, hərbi gücdən istifadə etməklə təzyiq göstərilməsi də daxildir. Amerikanın Əfqanıstanda, İraqda, Küveytdə, İordaniyada, körfəzdə silahlı qüvvələri var və onların sayı artır. ABŞ da bundan istifadə edərək güc nümayiş etdirir və İrana mesaj verir ki, əgər nüvə proqramı məsələsində güzəştə getməsə, sonuncu variant olan hərbi müdaxilə imkanlarını işə sala bilər. Hərbi müdaxilə etmək üçün də ABŞ-ın çoxsaylı arqumentləri var. Məlumdur ki, Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Qvardiyasını “terrorçu təşkilat” elan edib. Ona görə də ABŞ “Sepah”a qarşı anti terror əməliyyatı keçirməklə İranda çaxnaşma yarada bilər. Bu isə İran hakimiyyətinin laxlamasına gətirib çıxara bilər. Yapon hərbçiləri də gəminin partlamasından əvvəl onlara “Sepah”a məxsus gəminin yaxınlaşdığını bildirib.

Yəni İrana hərbi müdaxilə üçün faktlar və dəlillər toplanır. İran da ABŞ-ın bölgədəki müttəfiqlərinə qarşı hücumlar təşkil edə bilər, ABŞ-a məxsus hərbi bazalarda, neft bazalarında, səfirliklərində  terror aktları törədə bilər. Lakin yaxın perspektivdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Hesab edirəm ki, İran müxtəlif təzyiqlər qarşısında nüvə proqramı məsələsində güzəştə getməyə məcbur ola bilər. Məsələn, 2015-ci ildə Vyanada “Altılıq” ölkələri ilə sazişin imzalanmasını Ayətullah Xamneyi "qəhrəmancasına güzəşt" adlandırmışdı. Yaxud 1988-ci ildə İranla İraq arasında sülh sazişi imzalananda o zamankı ali lider Ayətullah Xamneyi bəyan etdi ki, bu müqaviləyə imza atmaqla mən, sanki zəhər içirəm. Ona görə də İran hakimiyyətinin güzəştə getməkdən başqa yolu yoxdur. Çünki İrana qarşı iqtisadi, maliyyə, diplomatik, hərbi təzyiqlər işə salınıb. İranda dörd-beş metr qalınlığında betonlarla örtülmüş hərbi bunkerlər var. ABŞ həmin bunkerləri dağıtmaq üçün xüsusi raketlər istehsal edib. ABŞ-ın belə raketlərdən istifadə etməsi İranı çıxılmaz vəziyyətə sala bilər”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2476