hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

İran nüvə fəlakətinə yaxınlaşır

İran nüvə fəlakətinə yaxınlaşır

Fərrux Məmmədov: “İrana hərbi müdaxilə Azərbaycan və Türkiyə üzərindən 3-4 milyon qaçqının Avropaya köçməsi deməkdir”

İranın nüvə sazişi dağılmağa yaxındır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. “Moskva ümid edir ki, Birgə Hərtərəfli Fəaliyyət Planını xilas etmək olar”, - deyə Lavrov bildirib. Xatırladaq ki, bundan öncə, Rusiya XİN Birgə Hərtərəfli Fəaliyyət Proqramının həyati əhəmiyyətini saxlayır. İran isə sözügedən sazişin tələblərini birmənalı şəkildə yerinə yetirmək üçün Fəaliyyət Proqramına qayıtmağa hazır olduğunu bildirmişdi. 

Rusiya XİN bəyan edib ki, İranın nüvə proqramının bərpası istiqamətində fəaliyyəti Vaşinqtonun birtərəfli qaydada nüvə sazişindən çıxması və Tehrana qarşı sanksiya müharibəsi başlamaq siyasətinin nəticəsidir. Almaniyanın Federal kansleri Angela Merkel Avropanın İranın uranın zənginləşdirilməsi və təkmilləşdirilmiş sentrifuqalardan istifadəyə dair atdığı son addımlara qarşı hansı formada reaksiya verməklə bağlı hələ ki, qərara gəlmədiyini deyib. O, Tehranın bu addımlarının vəziyyəti daha da çətinləşdirdiyini bəyan edib.

Qeyd edək ki, İran Atom Enerjisi Təşkilatı Fordo Nüvə Kompleksində sentrifuqalara yüksək təzyiqli qaz vurulması və zənginləşdirilmiş uran istehsalı prosesinin start götürdüyü barədə məlumat yayıb.

Cebhe.info-nun məlumatına görə, adıçəkilən təşkilat bütün bu proseslərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirildiyini bəyan edib. Fordo zavodunda 174-ü İR-1 sinfindən olan sentrifuqalar da daxil olmaqla, ümumilikdə 1044 sentrifuqa var və onlardan 696-na artıq qaz vurulub.Buna baxmayaraq, bəzi mənbələr İranın hələ ki, yalnız İR-1 tipli sentrifuqalara təzyiqli qaz vurduğunu xəbər verir. Xatırladaq ki, İran rəsmiləri noyabrın 6-da Qum şəhəri yaxınlığından yerləşən Fordo zavodunda uranın zənginləşdirilməsi prosesinin başlandığını elan edib. İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi yerli media orqanlarına verdiyi müsahibə zamanı noyabrın 9-a qədər zavodun uranı 4.5 faiz nisbətinə qədər zənginləşdirəcəyini bildirib.

Avropa ölkələri və Amerika Birləşmiş Ştatları isə İranın öz nüvə öhdəliklərinə dərhal əməl etməyə çağırıb. Rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən, İran 2023-cü ilə qədər 30-dan artıq təkmilləşdirilmiş sentrifuqa hesab edilən İR-6-dan istifadə edə bilməz. Eləcə də, bu razılaşma ilə İrana uranı 3.67 faizdən artıq zənginləşdirmək və anbarlara 300 kiloqramdan artıq yığmaq qadağan edilir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, İranın nüvə proqramını bərpa etməsi Yaxın və Orta Şərqdəki dövlətlər üçün təhlükə yaradacaq. Ona görə də Tehran rejiminə qarşı beynəlxalq təzyiqlərin artması gözlənilir:

“İran hazırda Suriya, Yəmən, İraqda baş verən hərbi-siyasi proseslərdə, “Hizbullah”ın İsrailə qarşı mübarizəsində, Əfqanıstan-Pakistan sərhəddindəki toqquşmalarda rol oynayan, hətta Cənubi Qafqazdakı vəziyyətə müdaxilə edən bir dövlətdir. Yəni İran 40 ilə yaxındır sanksiyalar şəraitində yaşamasına baxmayaraq, şiəliyi özünə ideoloji mübarizə silahı seçmiş və bu məqsədlə böyük məbləğdə pullar xərcləyən təxribatçı bir ölkədir. Məqsəd İranın qlobal proseslərdə öz yerini tapmasına nail olmaqdır. Fordo Nüvə Kompleksində uranın zənginləşdirilməsi istiqamətində son addım İranın nüvə proqramına geri dönəcəyi haqda İsrailin ABŞ-a və Avropa ölkələrinə etdiyi xəbərdarlığın təsdiqini tapdığını göstərir. Barak Obama administrasiyası tərəfindən başlanılmış İran açılımı tamamilə iflasa uğrayıb. Əslində, İran heç vaxt uranın zənginləşdirilməsi proqramından əl çəkməyib. Hətta danışıqlar prosesində belə, rəsmi Tehran özünün nüvə fəaliyyətini gizli davam etdirirdi. İran özü də açıqlama vermişdi ki, nüvə məsələləri üzrə alimlərin İsrail xüsusi xidmət orqanları tərəfindən öldürülməsində əli olub. Bu da İranın nüvə proqramı məsələsinin qlobal problem halına gəldiyini göstərir. Suriya böhranından sonra regionda ikinci böyük problem İrandır. ABŞ və Avropa Birliyi artıq məsələnin sanksiyalar yolu ilə həll olunmayacağını anlayır. 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər İrana qarşı hərbi əməliyyatların aparılacağı inandırıcı deyil. 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Proqramı İran sazişdən çıxacağı təqdirdə əlavə sanksiyaların və nüvə obyektlərinə zərbələrin endirilməsini nəzərdə tutur. Ona görə də mərhələli şəkildə nüvə sazişini tərk etməkdə olan İranı hərbi müdaxilə gözləyə bilər. Bu isə ABŞ, Avropa, Birliyi, İsrail, Britaniya bu məsələdə yekdil mövqe nümayiş etdirsin. Lakin Avropa Birliyi növbəti qaçqın problemi ilə üzləşmək istəmir. Çünki İranda hərbi qarşıdurma və xaotik vəziyyətin yaranması əlavə 3-4 milyon insanın Azərbaycan və Türkiyə üzərindən Avropaya köçməsi deməkdir. Avropa Birliyi də qaçqın probleminin qarşısını ala bilmədiyi üçün İrana hərbi müdaxiləni dəstəkləmir. Lakin İrana qarşı daha ağır sanksiyalar tətbiq ediləcək. Uranın zənginləşdirilməsi İran üçün o qədər də asan olmayacaq. Çünki rəsmi Tehran nüvə proqramının dayandırılmasına dair konkret öhdəliklər götürüb. Həmin öhdəliklərdən imtina etməsi İranı beynəlxalq siyasi proseslərdən tamamilə təcrid edəcək. Bu o deməkdir ki, İranın bəzi ölkələrdəki diplomatik nümayəndəliklərinin bağlanması, İranın beynəlxalq pul köçürmə sistemlərindən çıxarılması baş verə bilər. Hətta İran diplomatlarına vizaların verilməsi dayandırıla, bu ölkənin adı “qara siyahı”ya salına bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4973