hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İran nədən narahatdır? - Bir ölkənin vətəndaşı başqa bir ölkənin ordusunun qələbəsinə sevinirsə...” - ŞƏRH

İran nədən narahatdır? - Bir ölkənin vətəndaşı başqa bir ölkənin ordusunun qələbəsinə sevinirsə...” - ŞƏRH

“Rəsmi Tehranın Azərbaycan mövzusunda son aylardakı canfəşanlığı əslində daha çox İranın gələcəyi və bunda Güney Azərbaycan türklərinin oynadığı strateji rolla əlaqəlidir”.

Cebhe.info xəbər verir ki, bunu QAFSAM sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoy öz feysbuk səhifəsində yazıb. İranın içində olduğu sistemdə iqtisadi, siyasi və mədəni böhranın getdikcə dərinləşdiyini vurğulayan siyasi şərhçi bildirib ki, bu sistemin gələcəyində Güney Azərbaycan türklərinin mövqeyi həlledici olacaq.

Onun sözlərinə görə, Güney Azərbaycan türklərinin mövqeyində isə bir çox məqamların rolu artır:

“Birincisi, Qarabağ müharibəsinə münasibətdə Arazın o tayındakı İran vətəndaşının, xüsusilə mövcud rejimə qarşı loyal görünən və siyasətə qarışmayan Güney Azərbaycan türklərinin Azərbaycan ordusunun qələbəsinə sevinməsi Tehran rejimi üçün ciddi həyəcan siqnalıdır. Bu, İran rejiminin ortalama Güney Azərbaycan türkünün həyatındakı yerinin azalmağa başladığının növbəti mühüm nümunəsidir”.

Nazim Cəfərsoyun fikrincə, bir dövlətin siyasətə qarışmayan ortalama vətəndaşı rəsmi rejimin strateji təhlükə olaraq qarşı olduğu başqa bir dövlətin ordusunun qələbəsinə sevinirsə, o rejimin ömrü uzun deyil.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan ordusunun qələbəsi ilə Tehran rejiminin həm İranda, həm də Azərbaycanda apardığı təbliğat iflasa uğrayıb:

“Tehran Azərbaycan Respublikasını bir dövlət kimi zəif, ordusunu isə ermənilərə qarşı vuruşa bilməyən bir ordu kimi təbliğ etsə də, artıq bu təbliğat boşa çıxıb. Bu qələbədən sonra artıq həm Quzey, həm də Güney Azərbaycan türkləri öz gücünə daha çox inanır və güvənir”.

Sədr müavininin qənaətincə, rəsmi Tehran çox yaxşı bilir ki, ən geci 10 il ərzində Qarabağda aparılan quruculuq işlərinin məntiqi nəticəsi kimi Arazın şimal və cənub sahilləri arasındakı inkişaf fərqi özünü göstərəcək. Bu zaman Qarabağ problemini əsasən həll etmiş Azərbaycan dövləti, xalqı və elitası iki strateji məsələyə diqqət ayıracaq-demokratik rifah dövləti qurmaq və İranda Güney Azərbaycan türklərinin hüquqları.

Onun fikrincə, Azərbaycan Respublikası hər iki məsələdə, hətta doğrudan əlaqəsiz görünən demokratik rifah dövləti quruculuğunda uğur əldə edərsə, rəsmi Tehranın bundan hiss etdiyi narahatlıq daha da dərinləşəcək.

“Regionda həm Türkiyə, həm Türkiyə-Azərbaycan əməkdaşlığı, həm də türk ölkələrinin inteqrasiya prosesi güclənməkdədir.Onsuz da siyasi sistemi dərinləşən böhranla üz-üzə qalan rəsmi Tehran isə əhalisinin ən az 50 %-ni təşkil edən türklərin mədəni-siyasi tələblərinə qarşı qoya bilməyəcək”, - Nazim Cəfərsoy İranın narahatlıqlarından yazarkən əlavə edib.

Rəsmi Tehranın həm də qlobal sistemin əsas gücü ABŞ-la ciddi problemləri olduğuna diqqət çəkən siyasi şərhçi deyib ki, daxildə ciddi milli mübarizə dinamikası olan, bölgə dinamikası getdikcə əleyhinə formalaşan və qlobal sistemin əsas sektorlarında ciddi strateji ağırlığı olan İsraillə düşmənçilik edən Tehranın bu sistemi mövcud şəkli ilə sürdürməsi imkansız görünür.

O bildirib ki, rəsmi Tehran Rusiyanın Qarabağ müharibəsində olduğu kimi İran siyasətində də ciddi paradiqma dəyişikliyi içində olacağından ehtiyat edir:

“Kremlin Qarabağ məsələsində paradiqma dəyişikliyi edərək İranı kənarda qoyan, Türkiyə və Azərbaycanla birlikdə hərəkət edən bir strateji kurs tətbiq etmişdi. İran məsələsində də getdikcə sistem böhranı dərinləşən rəsmi Tehran yerinə bu iki ölkə ilə ortaq hərəkət etməyəcəyinin qarantisi yoxdur”.

QAFSAM sədrinin müavininin fikrincə, qlobal və regional geosiyasi dinamiklər Rusiyanın İranda etnik məsələyə münasibətini Pişəvəri dövründəkinə bənzər biçimdə gündəmə gətirməyə uyğundur. O, söyləyib ki, dəyişən güc balansında Rusiyanın İranda İraqabənzər bir sistem dəyişikliyinə dəstək verməsi sürpriz deyil:

“Özü federativ dövlət olan və ölkədə etnik azlıqların dili regionlarda rəsmi səviyyədə istifadə edilən Rusiya İrandakı etnik tələbləri özünüidarə və mədəni hüquqlar konteksində dəstəkləyən bir siyasi kurs dəyişikliyinə imkan verir. Unudulmasın ki, Rusiyanın sələfi SSRİ bunu Güney Azərbaycan hökuməti və Mahabad Cümhuriyyəti nümunələri ilə göstərib”.

Nazim Cəfərsoy hesab edir ki, bu dəyişim prosesində Moskva üçün içində ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı olan bir koalisiya ilə hərəkət yerinə Azərbaycan, Türkiyə və İsrail olan bir koalisiya ilə hərəkət etməsi daha uyğun bir strategiyadır:

“Demədi deməyin. Kremlin bir müddət sonra İranda etnik məsələlərə mədəni-etnik-siyasi tələblər səviyyəsində dəstək versə, şaşırmayın! Eyni məsələni 5 il öncə Qarabağ mövzusunda da demişdim”.

Siyasi şərhçi sonda əlavə edib ki, rəsmi Tehran yuxarıdakı proseslərin həyata keçməsində Azərbaycan Respublikasının elitası, xalqı, dövləti ilə oynaya biləcəyi strateji rolun və potensialın fərqindədir:

“Azərbaycan Respublikası bu potensialı Qarabağ konteksində faktiki olaraq göstərdiyi üçün rəsmi Tehranın narahatçılığı çox güclənib. Bu səbəbdən rəsmi Tehran və dəstəkçiləri Azərbaycanda canfəşanlıq edir, proseslərin əleyhlərinə cərəyan etməsinə mane olmaq üçün əsas potensial mərkəz olan Azərbaycan Respublikasında örtülü müharibə vasitəsiləri istifadə edirlər. Son aylarda bas veren prosesləri bu kontekstdə anlamaqda fayda var”.

Şəbnəm Adil
Cebhe.info


Oxunma sayı: 5193