hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İran nefti dünyanı bölür: İKİ FƏRQLİ CƏBHƏ

İran nefti dünyanı bölür: İKİ FƏRQLİ CƏBHƏ

May ayının 2-də İrandan neft idxalını həyata keçirən 8 ölkəyə ABŞ tərəfindən tətbiq edilən güzəştin müddəti başa çatır.

ABŞ-ın tələblərinə əsasən, artıq bu vaxtdan etibarən Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvan İrandan neft idxalını dayandırmalıdır. Bu isə bu ölkənin neft ixracının tamamilə dayandırılması, eləcə də iqtisadi cəhətdən çöküşü deməkdir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Bu sanksiyalarla İrandan neft idxalına qadağa qoyulub.Amma adıçəkilən 8 ölkəyə 180 günlük müvəqqəti güzəşt tətbiq olunub.Bu ölkələr arasında Çin Xalq Respublikası İranın ən böyük neft idxalçısıdır.

Güzəşt müddətinin yenidən uzadılması gözlənilsə də, ABŞ-ın bu niyyətdə olmadığı bəlli olub. Ağ Ev-dən yayılan məlumatda bildirilib ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Trampın qərarı Avropada narazılıqla qarşılanıb. Avropa Komissiyasının sözçüsü Maja Kocijancic ABŞ-ın İrandan neft idxal edən ölkələrə tətbiq olunan güzəştin müddətini artırmaması ilə bağlı qərarını şərh edərkən bildirib ki, Avropa İttifaqı ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasından təəssüflənir:

"ABŞ-ın bu qərarını təəssüflə qarşılayırıq”.

O, İranın öz öhdəliklərinə sadiq qalacağı müddətdə Aİ-nin nüvə müqaviləsini davam etdirəcəyini də söyləyib.

Bəs, ABŞ qərarı İrandan neft idxalını davam etdirən adıçəkilən ölkələrdə necə qarşılanacaqəOnlar bu ölkə ilə ticarət əməkdaşlığına son qoyacaq, yoxsa neft idxalını davam etdirəcəklərə

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, onsuz da Avropa ölkələri artıq İrandan neft almırlar:

“Bu vaxtadək İrandan neft alan Türkiyə, Çin, Yaponiya və Cənubi Koreyadır. İndi növbə onlara çatıb.Onlar almasalar, İrandan neft ixracı tamamilə dayanacaq.Bu ölkələr yəqin ki, artıq alternativ neft satıcıları tapıblar.Yaponiya və Cənubi Koreya bu məsələdə ABŞ-ın tərəfini tutacaq.Amma Türkiyə ilə Çinin İrandan neft almaqda davam edəcəyini güman edirəm.Bu baxımdan sanksiyalar qismən həyata keçəcək”.

Avropa ölkələri olan İtaliya və Yunanıstana gəldikdə, politoloq bildirir ki, bu ölkələr neft idxalını dayandırmaq barədə ABŞ-a söz veriblər:

“Sadəcə, hələ ki, hansı ölkədən neft alacaqlarını düşündüklərini bəhanə gətirirlər. İtaliyaya neft ixrac edən ölkələrdən biri də Azərbaycandır, amma bu həmin ölkə üçün yetərli deyil.Amma hər halda İtaliya Avropa İttifaqı ölkəsi olaraq, bu tələbə tabe olmalıdır və yəqin ki, tabe olacaq”.

Qarşıda İranı hansı aqibətin gözləməsinə gəlincə, Qabil Hüseynli mövcud sanksiyaların çox təhlükəli xarakter daşıdığını bildirib:

“Çox təhlükəli sanksiyalardır. Çünki İranın gəlirlərinin 85-90 faizi neft satışından formalaşır.Əgər gəlirlər dayansa, bu İran üçün fəlakətli durum olacaq”.

“Tələblərə məhəl qoymayaraq, İrandan neft idxalını davam etdirəcək ölkələrə ABŞ tərəfindən təzyiqlər ola bilərmi” sualına cavabında politoloq bildirib ki, bu durum Çin üçün təhlükəli deyil, amma Türkiyə ABŞ-ın təzyiqləri ilə üzləşə bilər:

“Bu Türkiyə üçün qorxulu ola bilər. Ona görə də Türkiyə ehtiyatlı olmağa borcludur”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 19884