hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

İran qırmızı xətdə:Müharibə bu qədər yaxın olmamışdı

İran qırmızı xətdə:Müharibə bu qədər yaxın olmamışdı

İran nüvə öhdəliklərini azaltmaq istiqamətində ikinci mərhələnin başladığını rəsmən bəyan edib.

Rəsmi Tehranın bəyanatına əsasən, İranın Avropaya verdiyi 60 günlük möhlət bitdiyindən, artıq bu ölkə iyulun 7-dən etibarən uranın nüvə razılaşmasında nəzərdə tutulan 3,67 faizlik həddən çox zənginləşdirilməsinə start verib. İran Avropa ölkələrinin öz nüvə öhdəliklərinə tam əməl etmədiklərini iddia edir və buna görə də həmin ölkələrə 60 gün möhlət verərək, bu müddət ərzində rəsmi Tehranın mənafeyi təqdim edilmədiyi təqdirdə, ikinci addımı başladacağını bəyan etmişdi.

İranlı rəsmilərin uranın zənginləşdirilməsi ilə bağlı bəyanatından sonra İsrailin baş naziri Benyamin Netanyahu Avropa ölkələrindən Tehrana qarşı sanksiyaları qaytarmağı istəyib. O, İranın bu addımını çox təhlükəli adlandırıb. Öz növbəsində Fransa, İngiltərə və Almaniya İranın bu addımını qınamaqla yanaşı, rəsmi Tehrandan nüvə razılaşmasına zidd olan bütün növ fəaliyyətləri dərhal dayandırmağı tələb edib. Avropa İttifaqı isə İranı Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyini sual altında qoyan addımlardan çəkinməyə çağırıb. İttifaqın yaydığı bəyanatda İranın bu addımından dərin narahatlıq ifadə olunur.

Rusiyadan məsələyə yalnız bu ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Mixail Olyanov səviyyəsində münasibət bildirilib. Diplomat İranın bu addımının “gözlənilən” olduğunu deyib. Bildirib ki, və müzakirə aparmaq üçün imkanlar hələ qalır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsələ ilə bağlı öz “Twitter” səhifəsində yazdığı statusda ölkəsinin bu addımı nüvə razılaşmasının 36-cı bəndinə əsasən, Amerikanın sanksiyaları qarşısında milli mənafeyini qorumaq üçün atdığını iddia edib. O, həmçinin bildirib ki, Avropa ölkələri öz öhdəliklərinə əməl etsələr, İran heç bir əməli addım atılmamış bu qərardan imtina edə bilər.

Avropa ölkələrinin bəyanatına isə Tehran rejimi kəskin reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Avropa ölkələrinin rəsmi Tehranın uranın zənginləşdirilməsi ilə bağlı qərarına verdikləri reaksiyaya münasibət bildirib. Musəvi avropalıların hazırda İranın nüvə qərarları barədə fikir söyləmək haqqı olmadığını deyib. Diplomat deyib ki, nüvə razılaşması ilkin olaraq 5+1, daha sonra 4+1 formatında davam etməkdədir. Ona görə də İranın yeni nüvə razılaşması barədə danışıqlar aparmaq fikri yoxdur.

O, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasını tənqid edib və digər ölkələri razılaşmanı qorumaq üçün addımlar atmağa çağırıb. İranın uranın zənginləşdirməsi istiqamətində qoyulan həddi aşması Vaşinqtonda siyasi həyəcan təbili ilə qarşılanıb. Qeyd edək ki, sözügedən qəradan bir gün əvvəl Prezident Donald Tramp İrana sərt xəbərdarlıq edib: ““Hamımız İranla bağlı nə baş verəcəyinin şahidi olacağıq. İran ehtiyatlı olmalıdır, çox-çox ehtiyatlı olmalıdır” - deyə, Tramp bildirib.

Siyasi müşahidəçilər isə hesab edir ki, Trampın bu bəyanatından müharibə qoxusu gəlir. ABŞ-ın dövlət katibi Mayk Pompeo artıq Tehran rejimini atdığı bu addımı ilə dünyadan təcrid olunacağı ilə hədələyib: “Son vaxtlar İranın nüvə proqramının genişləndirilməsi İranın beynəlxalq ictimaiyyətdən təcrid olunmasına və onun daha çox sanksiyalara məruz qalmasına səbəb olacaq. Hesab edirik ki, İran rejimi nüvə silahına yiyələnməklə dünya üçün daha böyük bir təhlükəyə çevriləcək. Bu isə yolverilməzdir” - deyə, Mayk Pompeo özünün “Tvitter” səhifəsində paylaşdığı statusda belə yazıb.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planına görə, İranın hazırda zənginləşdirilmiş uran ehtiyatı 300 kiloqrama bərabərdir. Bu isə İran rəhbərliyinə ABŞ-ın sazişi 2018-ci ilin may ayında tərk etməsindən sonra nüvə proqramını inkişaf etdirməklə təhdid etməsi üçün kifayət edirdi. Artıq xarici işlər nazirinin müavini Abbas Ərakçi İranın nüvə proqramına dair sazişdən çıxmağa hazır olduğunu bildirib. İranın MAQATE-dəki nümayəndəsi Bəhruz Kəmalvəndi isə ölkəsinin 3,67 faizlik həddi keçdiyini bəyan edib. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında imzalanmış Vyana razılaşması İrana qarşı ABŞ-ın və ya digər üzv dövlətlərdən birinin sanksiya tətbiq edəcəyi təqdirdə, rəsmi Tehrana 3,67 faizlik həddi aşmaq hüququ verir.

Lakin Tehran rejimi hələlik müqaviləni tamamilə dağıtmağa tələsmir və öhdəlikləri tədricən ləğv etməklə məhdudlaşdırmağa çalışır. Rusiyanın “svpressa.ru” saytının yazdığına görə, bütün bu hadisələr Tehranla Vaşinqtonun münasibətlərinin qəfil gərginləşməsi fonunda baş verir. Tərəflər çoxdandır indiki qədər müharibəyə bu qədər yaxın olmayıblar. Buna baxmayaraq, adıçəkilən mənbə qeyd edir ki, ciddi gərginlik olmayacaq. İranın fəaliyyəti isə daha çox sazişin digər üzvlərinə təzyiq məqsədi daşıyır. “Əgər İranda Buşəhr AES-dən başqa tam gücə malik nüvə obyekti yoxdursa, zənginləşdirilmiş uran onun nəyinə lazımdır” sualına çox sensasion bir cavab verilir: “Uranı zənginləşdirib Rusiyaya satır, pul alırlar. Gələcəkdə hər şey normal olacaq. İlk növbədə, bu rolu Rusiya oynaya bilər. İrandan alışı həyata keçirməklə bu mövzuya son qoya bilər. Bundan əlavə, gələcəkdə milli valyutada ödənişlərə tam keçid mümkündür. Bu proqram hələ də işləyir, amma tam olaraq güclü deyil, dollar və ABŞ-ın bütün bu əməliyyatlara təsiri hələ də güclüdür.

Beləliklə, Vaşinqton nə edəcəyini düşünərkən, iranlılar sanksiyanı yavaş-yavaş adlayacaq”.

Həmçinin qeyd edilir ki, İran özünün köhnə müttəfiqləri ilə ticarət əlaqələrini davam etdirəcək və heç bir müharibə olmayacaq: “Trampın özünün bu müqavilənin yenilənmiş layihəsində ehtiyacı var. Yeni versiyada heç bir əhəmiyyətli fərq olmayacaq. Amma bu formal olaraq Obamanın deyil, Trampın müqaviləsi olacaq. ABŞ-da keçirilən seçkilər ərəfəsində bu, mövcud prezidentin reytinqinə müsbət təsir göstərə bilər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6876