hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İran rejimi prezidenti qurban verir

İran rejimi prezidenti qurban verir

İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan və bütün ölkəni bürüyən üsyanın yatırılmasına baxmayaraq, yaranmış vəziyyətə görə hakimiyyət daxilində qarşılıqlı ittihamlar artıb.

İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda bu təşkilatın bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri prezident Həsən Ruhaninin həbsini tələb edib. 

General Ruhaninin və onun administrasiyasının üzvlərinin məhkəməyə cəlb edilməli olduğunu deyib. “Tasnim” agentliyi bildirir ki, general Cəfəri ölkəni bürümüş etirazlara görə məsuliyyətin prezident və administrasiyasının üzərində olduğunu bildirib. “O və məmurları xalqın ehtiyacları ilə maraqlanmadılar”, - Cəfəri deyib.

İranda xidmətdə olan generalın prezidentə qarşı bu cür çıxış etməsi nadir hadisədir. Məhəmməd Əli Cəfəri 2019-cu ilin əvvəllərinə qədər qüdrətli İnqilab Keşikçiləri Korpusuna komandanlıq edib, lakin daha sonra hansısa əməliyyatın uğursuz alınmasına görə vəzifəsi kiçildilib və korpusun bölmələrindən birinə komandir təyin edilib.

Cəfəri prezident administrasiyasını bacarıqsızlıqla ittiham edərək deyib ki, hökumətin benzinin bahalaşması barədə son qərarı həm mahiyyətcə, həm icra baxımından uğursuz idi. “Çünki hökumət bu addımın xalqın güzəranına təsirini hesablamamışdı və aztəminatlı ailələrin bahalaşmadan zərər çəkməməsi üçün əvvəlcədən tədbirlər görməmişdi. Məmurlar məhkəmə qarşısında cavab verməlidir”, -deyə general bildirib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, “SEPAH” komandirinin məsuliyyəti yalnız prezident Ruhaninin üzərinə atmaq cəhdi yersizdir. Çünki dinc etiraz iştirakçılarını kütləvi qətlə yetirən Məhəmməd Əli Cəfəri və rejimin digər nümayəndələri Həsən Ruhanidən az məsuliyyət daşımır.

Ekspert qeyd etdi ki, İran hakimiyyəti aksiyaların qarşısını zor gücünə alsa da xalqın yenidən ayağa qalxacağı qaçılmaz görünür. Bu da İran iqtisadiyyatında böhranlı vəziyyətin dərinləşməsi ilə bağlıdır. 

“İranda benzinin qiymətini artıran, hasil olunan neftin dünya bazarına çıxmasına, milli haqların təmin olunmasına problem yaradan, insan hüquqularını pozan, dinc insanları güllələyən, vətəndaşlara işgəncə verən ayrılıqda prezident Həsən Ruhani, yaxud İran polisi, məhkəməsi deyil, bütövlükdə rejimdir. Baş verən hadisələrə görə məsuliyyəti ilk növbədə, İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi, Prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani, Nəzarət Şurası, Dini Ekspertlər Şurası, ümumiyyətlə ölkəni idarə edən bir qrup daşıyır. Kimin daha çox məsuliyyət daşımasına gəlincə, Məhəmməd Əli Cəfərinin əvvəllər rəhbərlik etdiyi İnqilab Keşikçiləri Qvardiyası və həmin təşkilatın yarımhərbi strukturu sayılan “Bəsic”lərin adlı hallanır. Aksiya yatırılsa da problem qalır. İranda benzinin bahalaşması səbəbsiz deyildi. Hakimiyyətdə təmsil olunan qüvvələr bu məsələni araşdırmaqdansa, məsuliyyəti bir-birinin üzərinə yıxır. Həm mühafizəkarlar, həm də islahatçılar məsuliyyəti kiminsə üzərinə atmağa çalışır. İranda hələlik hakimiyyət böhranı yoxdur. İqtisadi böhran var və yanacağın qiymətinin bahalaşması bunun göstəricisi idi. İranda növbəti proses bu qurumun məsuliyyət daşıması ilə yekunlaşmasıdır. Əli Cəfəri Ayətullah Xamneyinin müşaviridir. O, Xamneyi ilə razılaşdırılmadan belə fikir söyləyə bilməz. Belə çıxır ki, “günah keçisi” axtarılır və o da Həsən Ruhani ola bilər. Həsən Ruhaninin “günah keçisi” kimi həbs olunması, ittiham edilməsi İranda hakimiyyət böhranına gətirib çıxara bilər. Halbuki, prezident Ruhani benzinin qiymətinin artırılmasından üç gün əvvəl ölkədə yaranmış iqtisadi vəziyyət haqqında məlumat vermişdi. O, bildirmişdi ki, İranda iqtisadi vəziyyət çətindir, dünya bazarına neft çıxartmaq problemdir, ölkənin neft sənayesinə böyük məbləğdə sərmayə yatırılmasına ehtiyac var. Həsən Ruhani ölkədə ciddi maliyyə qıtlığının yarandığını demişdi. Həsən Ruhani təbii ki, hökumət başçısı kimi bu məsələlərə görə məsuliyyət daşıyır. Lakin o, bu məsələləri təkbaşına icra etmir. O, atdığı hər bir addımı ölkənin birinci lideri olan Ayətullah Xamneyi ilə razılaşdırmalıdır. Deməli, hakimiyyət daxilində günahı bir-birinin üzərinə yıxmaq mərhələsi başlanıb. Deməli, hakimiyyətdə parçalanma və kəskin reaksiyaların verilməsi dövrü başlanır. İran rejimin başında dayananlar, o cümlədən Məhəmməd Əli Cəfərinin başçılıq etdiyi İslam İnqilabı Keşikçiləri Qvardiyası insanların öldürülməsinə görə məsuliyyət daşıyır. İranın maliyyə vəsaitini xaricə daşıyanlardan biri İnqilab Keşikçiləri Qvardiyası olub. SEPAH-ın “Qüds ordusu“ 30 ildir İraqda, Suriyada, Livanda hansı vəsait hesabına fəaliyyət göstərir? Yaxud Yəməndə husi qiyamçılarını, Fələstində “HƏMAS”ı İran hansı pulla dəstəkləyir? İran iqtisadiyyatını bu yolla çökdürənlərin biri vaxtilə Məhəmməd Əli Cəfəri olub. Amma bu, Həsən Ruhaninin məsuliyyətdən kənarda qalması demək deyil. Həsən Ruhani yaranmış vəziyyətə görə Ayətullah Xamneyidən sonra məsuliyyət daşıyan ikinci şəxsdir. Seyid Əli Xamneyi bəzi hallarda özünü bitərəf göstərməyə çalışır. Amma bütün bunlar ictimai rəyi aldatmaq məqsədi daşıyır. Uzun illərdir İranda hakimiyyət daxilində prezidentlə ali hakimiyyət və parlament arasında çəkişmə gedir və bu ziddiyyət indi də var. Məhəmməd Əli Cəfərinin Həsən Ruhanini ittiham etməsi də bununla bağlıdır”. 

Sədrəddin Soltanın sözlərinə görə, İranda etiraz aksiyaları yenidən baş qaldıracaq: 

“İranda proses davam edəcək. Çünki benzinin qiymətinin artırılmasından sonra atılacaq addım məlum deyil. Hələ on il öncə iqtisadiyyat naziri deyirdi ki, İran iqtisadiyyatının 200 milyard dollar sərmayəyə ehtiyacı var. İranın mülki təyyarələrinin uçması uçması üçün texniki avadanlığı yoxdur. İranda insan haqları, milli, mədəni, qadın haqları pozulur. Bu problemləri necə həll edəcəklər? İran rejimi İraqda, Suriyada, Yəməndə, Fələstində öz iddialarını həyata keçirmək istəyir, qonşu ölkələrdə dini-ideoloji təbliğat aparmaq üçün vəsait xərcləyir. Həmin maliyyəni bu gün benzinin bahalaşması hesabına ödəyirsə, sabah bunu etmək imkanı olmayacaq. İranda sosial-iqtisadi, mədəni problemlərin həlli ilə bağlı dövlət konsepsiyası yoxdur. Ona görə də problemlər öz həllini tapmır və yeni etiraz aksiyalarının baş qaldırmasına səbəb olur. Son 10 ildə İran əhalisi 6 irimiqyaslı etiraz aksiyası keçirib. Rejimin kütləvi həbslər, ölümlər, işgəncələr hıyata keçirməsinə baxmayaraq, mübarizə dayanmayıb. Bu səbəbən aksiyalarının tələbləri təmin edilməyənə qədər etirazlar davam edəcək”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5094