hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

İran seçim qarşısında: Təkcə prezidentliyə yox, Xamneyinin yerinə də namizəd tapılmalıdır

İran seçim qarşısında: Təkcə prezidentliyə yox, Xamneyinin yerinə də namizəd tapılmalıdır

İyunun 18-də İranda prezident seçkiləri keçiriləcək. Artıq prezidentliyə iddialı namizədlərin adları müəyyənləşməyə başlayıb.

Onların sayı hələlik çox olmasa da, yaxın vaxtlarda namizədlər siyahısının artacağı gözlənilir.

Hazırkı Prezident Həsən Ruhani iki dəfə ardıcıl seçildiyinə görə qanunla yenidən bu postu tuta bilməz. Ona görə də tamamilə yeni siyasi fiqurun İran Prezidenti seçiləcəyi gözlənilir.

İranın sabiq müdafiə naziri Hüseyn Dehkan, mərhum prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Möhsin Haşimi, Mahmud Əhmədinejad hökumətində Neft naziri vəzifəsini tutmuş Rüstəm Qasemi öz namizədliyini irəli sürüb. Daha populyar namizədlərin seçki marafonuna qoşulacağı istisna deyil. Ona görə də hansı namizədin daha şanslı olduğunu söyləmək hələ tezdir.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, Həsən Ruhaninin kürsüsünə iddiasını ortaya qoyanları namizəd adlandırmaq hələ tezdir. Onları əslində, namizədliyə namizəd adlandırmaq daha doğru olar:

“Nəzarət Şurası həmin şəxsləri namizəd kimi təsdiqləməlidir. Bundan sonra onlar prezidentliyə namizəd ola bilərlər. Hazırda onlar namizəd ola biləcək adamlardır. Hüseyn Dehkan müdafiə naziri olub və İran islam İnqilabı Keşikçiləri Qvardiyası onu dəstəkləyə bilər. Rüstəm Qasemi energetiklərin, sahibkarların nümayəndəsidir. Rəfsəncani ailəsi islahatçı mövqeyi ilə tanınıb. Hətta 2006-cı ildə keçirilən prezident seçkilərində Əhmədinejad qalib gəlsə də, islahatçılar Rəfsəncanini müdafiə edib. Yəni namizədlər dəqiq məlum deyil. Ona görə də biz namizədliyə namizədlər haqqında fikir yürüdə bilərik. Bütün hallarda prezidenbtliyə namizədlər, sonra isə prezident ölkənin ali rəhbəri və onun rəhbərlik etdiyi Nəzarət Şurasının xeyir-duasından sonra təsdiq olunacaq. Çox güman ki, mövcud siyasi və iqtisadi kursa zərbə vurmayacaq şəxslərin namizəd olmasına razılıq veriləcək. İlk növbədə, atom-nüvə proqramı ilə bağlı aparılan danışıqlara, ABŞ-la, Çin və Rusiya ilə münasibətlərə, regional məsələlərə ziyan vurmasın. Yalnız belə bir şəxs İran hökumətinin başçısı ola bilər”.

Qeyd edək ki, İranda qarşıdan gələn seçkilərdə mühafizəkar xəttin nümayəndəsinin prezident seçiləcəyinə dair proqnozlar səslənir. Bu isə ölkədə koronavirus pandemiyası fonunda sosial-iqtisadi problemlərin artması və son illər ABŞ-ın təzyiqlərinin güclənməsi ilə izah olunur.

Sədrəddin Soltan hesab edir ki, bu yanaşma mühafizəkarların və islahatçıların hakimiyyəti növbəli şəkildə idarə etməsi kimi xarakterizə edilir. Lakin ekspert bildirib ki, bu yanaşmanın əsası yoxdur:

“İranda prezident seçkilərini ABŞ-da neokonservatorlarla demokratların ölkəni idarə etməsi ilə müqayisə etmək istəyirlər. Ancaq bu, cəfəngiyyatdır. İran Amerika deyil. İranda vahid siyasi kurs var. ABŞ-ın da özünün vahid siyasi kursu var. Hakimiyyətdə ali rəhbərin, mühafizəkarların, İnqilab Keşikçiləri Qvardiyasının dəstəklədiyi qüvvələr olacaq. İranın konstitusiya quruluşu bu ölkənin demokratik olmasına imkan vermir. Prezident də sadalanan kursa sadiq olacaq. Yəni müəyyənləşdirilmiş kurs var. Bu kurs İran hakimiyyəti ilə Qərb arasında anlaşma, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına nail olmaq, neft satışına qoyulan embarqonun ləğv edilməsini nəzərdə tutur.

İran rejimi dünya bazarına neft çıxarıb satmağa və iqtisadi islahat aparmağa çalışır. İslahatı aparmaq üçün də maliyyə yoxdur. Əgər böyük sərvətə malik İranın əhalisinin üçdə ikisi yoxsulluq həddində yaşayırsa, deməli, bu, İran üçün faciədir. Qarşıdan gələn seçkiqabağı kampaniyada bu cür bəyanatlar çox olacaq. Amma rejimin iqtisadi- siyasi kursundan kənara çıxmayan şəxs prezident seçiləcək. Bu isə o deməkdir ki, İrana qarşı sanksiyalar sərtləşdirilə bilər. Baş verən proseslər göstərir ki, sanksiyalarla bağlı İrana verilən möhlət bitir. İran Çinlə 25 illik əməkdaşlıq müqaviləsi bağlayıb vəziyyətdən çıxa biləcəyinə ümid edir. Ancaq Çin özü də ABŞ-ın razılığı olmadan bir sıra addımları ata bilməz.

Çünki qəbul olunmuş standartlar var. Yaxud BMT Təhlükəsilik Şurası indiyə qədər İrana sanksiyanın tətbiq olunması ilə bağlı üç dəfə qətnamə qəbul edib. Hər üç sənədin qəbuluna Çin Britaniya, Fransa, Amerika və Rusiya ilə birlikdə səs verib. Deməli, Çin son durumda İrana görə öz maraqlarını qurban verməyəcək. Onu da qeyd edim ki, ali rəhbər Xameneyi vəzifə səlahiyyətlərini icra edə bilməzsə, onun yerinə kimin gələcəyi də hesablanmalıdır. Hakimiyyət belə bir fövqəladə vəziyyətə də hazırlaşır. Həmin şəxs İnqilab Keşikçiləri Qvardiyasını, ordunu, hakimiyyətdəki sağ və sol qüvvələri öz ətrafında birləşdirən siyasətçi olmalıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5567