hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İran səfirliyi Qarabağ ermənilərinin Tehran səfəri barədə: “Bu olimpiada qeyri-siyasi xarakter daşıyır”- BƏYANAT

İran səfirliyi Qarabağ ermənilərinin Tehran səfəri barədə: “Bu olimpiada qeyri-siyasi xarakter daşıyır”- BƏYANAT

İranın paytaxtı Tehran şəhərində növbəti Erməni olimpiadasında Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığmasının da iştirakı barədə məlumatlar yayılıb. 

Məlumata görə, 10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq. Olimpiya idman oyun növlərinin də daxil olduğu Ümumerməni oyunları sentyabrın 20-dək davam edəcək. Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığmasının da iştirakı Azərbaycanda kəskin etirazla qarşılanıb. 

Bu gün isə məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb. 

Cebhe.info-ya təqdim olunmuş bəyanatda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bildirib ki, Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır:

“Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməmişdir. Həmçinin bildirilir ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcəkdir. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətəuyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz”.

Xatırladaq ki, sentyabrın 17-də səfirliyin mətbuat xidməti Cebhe.info-nun mövzu ilə bağlı sorğusuna da buna bənzər cavab vermişdi.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1508