hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İran təşvişdə: Vasitəçilik təklifi nəyə hesablanıb?

İran təşvişdə: Vasitəçilik təklifi nəyə hesablanıb?

Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı “Barış Pınarı” hərəkatını pisləyən dövlətlər sırasına İran da qoşulub. 

Qeyd edək ki, İran hələ əməliyyatlar başlamamışdan əvvəl bununla bağlı bəyanatla çıxış etmişdi. Nəzərə alsaq ki, Suriya probleminin çözülməsində İran Türkiyə və Rusiya ilə birgə fəaliyyət göstərir, bu mövqe birmənalı qarşılanmır. Bugünlərdə isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif diqqətçəkən təkliflə çıxış edib. 

O, Türkiyənin Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücumundan sonra Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin olunması üçün Suriya kürdləri, rəsmi Dəməşq  və Türkiyə arasında danışıqların təşkili təklifini səsləndirib. Təklifi irəli sürən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 21 il bundan öncə imzalanan təhlükəsizlik sazişinə istinad edib. Həmin sazişdə Dəməşqin Türkiyə dövlətinə hədə olaraq görülən PKK militantlarına sığınacaq verməsinə son qoyması tələb olunur. “Türkiyə ilə Suriya arasında hələ də qüvvədə olan Adana Razılığı təhlükəsizliyi təmin etməyin daha yaxşı yolu ola bilər. İran süriyalı kürdlər, Suriya hökuməti və Türkiyəni bir araya gətirməyə yardım edə bilər ki, Suriya Ordusu Türkiyə ilə birlikdə sərhədi mühafizə etsin”,-deyə Zərif bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə cümə axşamı deyib ki, 1998-ci ildə əldə olunan razılıq yalnız Suriyada səkkiz ildir davam edən müharibəyə son qoyulandan sonra tətbiq oluna bilər. O, həmçinin deyib ki, Adana razılığının tətbiq olunması üçün Suriya hökumətinin ölkənin şimal-şərqinə nəzarət etməsi lazımdır. Prezident Bəşər Əsədin yaxın müttəfiqi İran Türkiyəni dəfələrlə Suriyanın ərazi bütövlüyünü qorumağa və Suiyanın şimal-şərqində hərbi əməliyyatdan yayınmağa çağırıb. 

Göründüyü kimi, İran Suriya kürdləri ilə Türkiyə arasında vasitəçi olmağı təklif edir.

Maraqlıdır, bu vasitəçilikdə İranın hansı maraqları var? 

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində İranın bu addımını ikiüzlü və riyakar siyasət adlandırıb:

“Çünki srağagünə qədər İran həmin PKK/YPG terrorçularının məhz ABŞ tərəfindən dəstəkləndiyini və bu prosesin də Suriyanın ərazi bütövlüyünə zərbə vurduğunu, müharibənin sonlandırılmasına imkan vermədiyini bəyan edirdi. Əsgərləri və bilavasitə maliyyələşdirdiyi bəzi terrorçu qrupların  məhz ABŞ və onun dəstəklədiyi PKK terrorçuları tərəfindən öldürüldüyünü də İran unutmamalıdır. Bunun adı sözün əsl mənasında Suriyanı parçalamaq, şimalında yeni bir terror dövləti yaratmaq idisə, bunu İran təsdiq edirdisə, bu gün nə dəyişdi ki, fərqli açıqlamar verir? Bu, İranın riyakar siyasət apardığını birlavasitə ortaya qoyur. ABŞ-ın dəstəklədiyi PKK terrorçu qrupları Suriyanın şimalında və Fərat çayının şərqində olan əraziləri öz işğalı altında saxlayırdı. Bu ərazilər demək olar ki, neft quyuları və suvarma sistemləri ilə əhatə olunub. Yəni bu üçdə bir ərazi Suriyanın ən məhsuldar, ən böyük gəlir mənbəyi olan ərazilərdir ki, İranın dəstəklədiyi qruplar Əsəd ordusu və Rusiyanın hərbi dəstəyi ilə həmin bölgəyə dəfələrlə hücum etmək istəsələr də, yüzlərlə itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu gün İran Türkiyə vasitəsilə heç bir əsgər itirməməklə çox rahatlıqla bu ərazilərdən PKK/YPG terrorçularının çıxarılmasına nail olur. Türkiyənin hərbi əməliyyatları təkcə PKK/YPG terrorçularının deyil, həm də ABŞ qoşunlarının Suriyadan çıxmasına imkan yaradır. Hazırda vəziyyət İranın maraqlarına uyğun olsa belə, onların bu cür ikiüzlü siyasət yürütməsi anlaşılan deyil. Hiss olunur ki, əsas məsələ Türkiyənin başlatdığı hərbi əməliyyatdır. Əslində, İran bu əməliyyatdan çox ciddi narahatlıq keçirir və düşünür ki, bu proses qısa müddətdə uğurla başa çatarsa, Türkiyə regionda, xüsusilə də Suriyada möhkəmlənəcək. Bu da İran dövlətinin maraqlarına uyğun deyil. Ona görə də İranın bu mövqeyini birmənalı olaraq “ikiüzlü və riyakar siyasət” adlandırmaq lazımdır”.

N.Mirinin sözlərinə görə, İranın vasitəçiliyi absurd olduğu qədər, həm də beynəlxalq hüquqa ziddir: 

“Çünki Türkiyə sıradan bir dövlət deyil. Türkiyə kimi güclü dövlət heç bir zaman terrorçularla bir masaya oturub danışıqlar aparmaz. Əgər bir yerdə terror varsa, Türkiyə bunu özü üçün təhdid sayar və terrorçuları həmin ərazidən təmizləyər. Bu gün Türkiyənin Suriyanın şimalında etdiyi də məhz budur. Ona görə də düşünürəm ki, bu cür vasitəçilik təklifləri səmimi olmadığı qədər həm də riyakar və ikiüzlülükdür. Türkiyə təbii ki, bu təklifi qəbul etməyəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 10528