hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

İran üçün yeni tələ - Şərh

İran üçün yeni tələ - Şərh

Fərrux Məmmədov: “ABŞ  İranı  İraqda münaqişəyə  çəkir” 

Son  günlər ABŞ-ın İraqla bağlı atdığı addımlar diqqəti cəlb edir.  Qeyd edək ki, ABŞ Dövlət Departamenti  İraqı ən yüksək, dördüncü təhlükə səviyyəsinə daxil edib. Amerika hökuməti  terrorçuluq, adam oğurluğu və silahlı münaqişələr səbəbindən  öz vətəndaşlarını bu  ölkəyə getməməyə çağırıb.

"İraqda ABŞ vətəndaşlarına qarşı zorakılıq və qaçırılma təhlükəsi yüksəkdir. İraqda İraq təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə mütəmadi olaraq hücumlar edən çoxsaylı terrorçu və yaralı qruplar fəaliyyət göstərir”-Dövlət Departamentinin saytında belə qeyd edilir. 

Mayın 15-də ABŞ Dövlət Departamenti  Bağdad şəhərindəki səfirliyində və Ərbildəki konsulluğunun xüsusi tapşırıqlar yerinə yetirməyən bütün heyətinin Vaşinqtona göndərilməsini qərara alıb.  Viza xidmətinin göstərilməsi müvəqqəti olaraq dayandırılıb. 

Bundan əlavə, hesabatda deyilir ki, ABŞ vətəndaşları silahlı münaqişədə iştirak etmək üçün İraq vasitəsilə Suriyaya səyahət etməməlidir. Onlar "olduqca şəxsi  (qaçırılma, yaralanma və ya ölüm) və hüquqi risklərlə (həbs, cərimə və sürgün) qarşılaşacaqlar". 

ABŞ-ın bu müraciətindən sonra Almaniya və Hollandiya hökumətləri də İraq silahlı qüvvələrinə təlim keçən öz hərbçilərini təhlükəsizlik məqsədilə geri çağırıb. 

 İran ətrafında gərginliyin artdığı bir vaxtda rəsmi Vaşinqtonun bu addımı əslində İraqdakı hər hansı təhlükə ilə deyil, bölgədəki vəziyyətlə izah edilir. Yəni ABŞ-ın diplomatik korpusunu İraqdan çıxartması  İrana qarşı hər hansı hərbi əməliyyatların başlanması ehtimalını gündəmə gətirib.  

Bəzi siyasi müşahidəçilərin rəyinə görə, ABŞ Fars körfəzindəki hərbi gəmilərdən İranın nüvə obyektlərinə, raket bazalarına aviazərbələr endirə bilər.  Belə hal baş verəcəyi tədqirdə İran ABŞ-ın atəş nöqtələrini və həmin bölgədəki hərbi bazalarını, o cümlədən İsraili orta mənzilli raketlərlə vuracağı ilə hədələyir. Ona görə də ABŞ-ın İran sahillərinə bir batareya “Patriot” raket və hava hücumundan müdafiə sistemləri göndərməsi  bu qarşıdurmaya hazırlıq tədbiri hesab edilir. “Patriot” sistemlərinin İranın cavab zərbələrindən müdafiə olunmaq üçün İraq ərazisində yerləşdiriləcəyi bildirilir.  

Digər ehtimallara görə, ABŞ əslində İrana müdaxilə etməyə hazırlaşmır. Görülən tədbirlər daha çox İranın İraq, Suriya və Yəməndəki hərbi bazalarına avizərbələrin endirilməsi məqsədi daşıyır. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, ABŞ İran ətrafında formalaşdırdığı hərbi prosesi leqallaşdırmağa çalışır. İraqda baş verən son hadisələr bu prosesin tərkib hissəsidir:

“ABŞ bir tərəfdən Fars körfəzinə ən böyük təyyarədaşıyan gəmisini göndərməklə, özünün və müttəfiqlərinin maraqlarını qorumağa çalışır. Digər tərəfdən İran  üçün strateji əhəmiyyət daşıyan, şiəliyin dini-ideoloji mərkəzi olan Kərbəla şəhərinin yerləşdiyi İraqdan çıxması ilk baxışdan təəccüblü görünsə də siyasi  düzənin hazırlanması baxımından təsadüfi deyil. ABŞ heç bir zaman real siyasi və ya hərbi səbəb olmadan  başqa ölkəyə müdaxilə etmədiyinə dair  mesaj verir. Eyni təcrübəni biz Əfqanıstanda da gördük. ABŞ, Almaniya və Hollandiyanın özünün diplomatik və hərbi heyətini İraqdan çıxartması İranın bu ölkəyə hərbi müdaxiləsi üçün zəmin yaratmağa xidmət edir.  İrandan bu zəmindən istifadə etməyə çalışacaq. Bundan sonra isə İraq dövlətinin dəvəti ilə və formalaşdırılan digər siyasi proseslə ABŞ müttəfiqləri ilə birlikdə xilasedici qismində İrana müdaxilə edə biləcək.  İrandakı savaş ABŞ-ın birbaşa müdaxiləsi ilə baş verməyəcək. İrandakı ziddiyyətlər  daxili amillərlə  hesablanacaq.  İranda vətəndaş cəmiyyətinə qarşı törədilən terror təhlükəsinin qanşu ölkələrə keçməsinin qarşısını almaq üçün ABŞ müttəfiqləri ilə birlikdə müdaxilə etmək qərarı verəcək. Lakin unutmaq olmaz ki, bu siyasi manevrdir və İraqın zəngin neft ehtiyatlarını ABŞ başqa dövlətlə paylaşmaq niyyyətində deyil. Rusiya Səddam Hüseyn dövründən sonra İraq neftindəki payından məhrum edilib. İraqdakı son hadisələr İranı yanlış addımlara, yəni münaqişə  bataqlığına çəkmək məqsədi daşıyır. Bundan sonra ABŞ hərbi müdaxilə etmək imkanı əldə edəcək. ABŞ 2003-cü ildə əldə etdiyi İraqı 2019-cu ildə İrana verib tərk etməz. Görünür, İraqla bağlı böyük bir hərbi-siyasi-iqtisadi proses başlayır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4577