hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İran vurduğu təyyarə ilə özü “vurulur”: Müharibə qapıda?

İran vurduğu təyyarə ilə özü “vurulur”: Müharibə qapıda?

İlin əvvəli ABŞ-İran qarşıdurması təhlükəli həddə keçdi. 

Belə ki, yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymani öldürüldü. Pentaqonun məlumatında deyilir ki, general Qasım Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib. 

Qeyd edək ki, 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı. Geosiyasi kontekstdə məsələnin xeyli mürəkkəb olduğu bir vaxtda, yanvarın 8-də Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli təyyarə İmam Xomeyni aeroportundan qalxdıqdan az müddət sonra qəzaya uğrayıb. Tehran yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 176 adam olub. Sərnişinlərin 41-i İran, 43-ü Kanada vətəndaşı olmaqla bütün ekipaj üzvü həlak olub. Radarlardan itərkən təyyarə 2500 metr yüksəklikdə olub. Sözügedən qəza regionda gərginliyi pik həddə çatdırdı. İran tərəfinin versiyasına görə, təyyarə hansısa texniki səbəbdən qəzaya uğrayıb. Lakin sonradan təyyarənin raketlə vurulduğu, hətta havada pilotsuz təyyarə ilə toqquşduğu barədə versiyalar da önə çıxdı. 

Artıq təsdiqlənn məlumata görə, təyyarə İranın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən səhvən vurulub. Prezident Həsən Ruhani bunu etiraf edib və təyyarənin vurulmasını “bağışlanılmaz səhv” adlandırıb.  

Məlumat üçün bildirək k, Ukrayna təyyarəsi İranın İraqdakı Amerika aviabazalarına raket zərbələri endirdiyi saatlarda qəzaya uğrayıb. Ukrayna Təhlükəsizlik Şurasının verdiyi açıqlamaya görə, qəzaya uğrayan sərnişin təyyarəsi bomba, yaxud raket zərbəsi endirilmə ehtimalı var. ABŞ mediasında yer alan xəbərə görə, İran qəzaya uğramış təyyarəni səhvən raketlə vurub. Qeyd edək ki, Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.

“ABŞ İranla ciddi qarşıdurmadan qacdı”

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün ABŞ və onun Yaxın Şərqdəki strateji müttəfiqi İsrailin qarşısında ən böyük hədəf İrandır:

“Bu baxımdan İranın Yaxın Şərqdə nüfuzunun güclənməsinin qarşısını almaq planlaşdırılır. Əslində,  İran farağat duran ölkə deyil və Yaxın Şərqdə şiə zolağı yaratmaq fikrindədir. Biz bunu Suriyada, Liviyada, Livanda, hətta Bəhreyində müşahidə etdik. Artıq İran İraqda ciddi şəkildə oturuşmuş bir vəziyyətdədir. Bu gün bu bölgələr uğrunda dünyanın hegemon dövləti olan ABŞ-la İran arasında mübarizə gedir. Ancaq bu, iki ölkənin bir-birini məhv edəcəyi anlamına gəlmir. Çünki baş verən hadisələr göstərir ki, bu ölkələr mütəmadi bir-birinin əllərinə oynayır. ABŞ birmənalı olaraq İranın tamamilə parçalanması ilə razılaşmır. Yəni bu gün baş verən proseslər İranı parçalamaq və dağıtmaqdan ibarət deyil. Yürüdülən siyasət İranı yerində oturtmaq, onun Yaxın Şərqdəki nüfuzunu qırmaq və İranı yenidən öz köşəsinə sıxışdırmaqdan ibarətdir. Əslində, ABŞ bu gün İranı müəyyən mənada bir güc mərkəzi olaraq saxlanmasında maraqlıdır. Bu, Türkiyəni zərərsizləşdirmək nöqteyi-nəzərindən düşünülən bir plandır. Ona görə də, bütün prosesi təkcə ABŞ-İran kontekstində dəyərləndirmək doğru deyil. ABŞ anlayır ki, İran tamamilə zərərsizləşdirilərsə, Türkiyə regionda alternativsiz güc mərkəzi olacaq. Türkiyə Aralıq dənizi hövzəsində özünə məxsus su sahələrini 41 min kvadrat kilometrdən 148 min kvadrat kilometrə qədər artıra bilib. Bu ərazilərdə çox ciddi neft-qaz axtarışları ilə məşğuldur. ABŞ, İsrail, o cümlədən Avropa İttifaqında olan ölkələr Türkiyənin güclənməsindən narahatdırlar. Ona görə də bu güc mərkəzləri İranın birdəfəlik xəritədən silinməsində maraqlı deyillər. Səhnə arxasında baş verən proseslər var ki, bunu qisas adı ilə İranın İraqdakı hərbi bazasının raketlərlə vurması hadisəsində də müşahidə etdik. Bir nəfər də olsun ABŞ əsgərinin burnu qanamadı. Bu göstərir ki, hadisələrin hamısı arxa səhnədə razılaşdırılıb. Çünki bu hadisə İranın daxili auditoriyasına “biz qisası aldıq”, - deyə təqdim edildi, ABŞ isə “Biz ciddi zərər görmədik”, - deyə dünya ictimaiyyətinə sırıdı. Bununla da ABŞ İranla ciddi qarşıdurmadan qaçdı”.

“Qazanan ölkə ABŞ və İrandır”

Analitik hesab edir ki, "Üçüncü Dünya Müharibəsi"nin başlama ehtimalı yoxdur: 

“Gedən proseslər böyük oyunun tərkib hissəsidir. Bu qarşıdurma çərçivəsində gah ABŞ İranın qapısına qol vuraraq bölgədə öz mövqelərini gücləndirəcək, gah da İran bu hadisələrə cavab verərək hesabı bərabərləşdirəcək. ABŞ-ın İranla qarşıdurması kontekstində hər dəfə 3 min Amerika əsgəri regiona göndərilir. Bu isə hərbi cəhətdən Amerikanın mövqeyini gücləndirir. İran da ABŞ-ın İraqdakı hərbi bazalarına raketlərlə hücum etməklə müsəlman dünyasında və Yaxın Şərqdə öz nüfuzunu artırmış oldu. Hər iki hadisədə qazanan ölkə ABŞ və İran oldu. Uduzan tərəf hər iki ölkənin qarşıdurmasının mərkəzinə çevrilən İraq dövləti oldu. Bu gün İraq ərazisi iki dövlətinin işğalı altındadır. Həm ABŞ qeyri-rəsmi olaraq İraq ərazisində hərbi cəhətdən güclənir, həm də İran öz hərbi strukturlarını və müəyyən terrorçu qrupları İraqda yerləşdirməklə məşğuldur. Qlobal səviyyədə oynanan oyunları nəzərə almaq lazımdır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 10825