hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

İran xaosa doğru: Türklər ayaqlanır

İran xaosa doğru: Türklər ayaqlanır

İran ətrafında həlqə daralır. 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) islam respublikasına təzyiqləri artırır. Ağır iqtisadi sanksiyalara müharibə təhdidləri də əlavə olunub. Lakin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı azdır. Hesab olunur ki, ABŞ İranı daxildən çökdürməyə çalışacaq. Etnik zəmində münaqişələrin başlanacağı ehtimal edilir.

Güney Azərbaycan Milli Hərəkatı ehtimal edilən siyasi xaosa hazırdırmı? Mövzunu güneyli siyasi fəallarla müzakirə etdik. 

Türkiyədə yaşayan güneyli milli fəal Məhsa Mehdili hesab edir ki, İran adlanan ölkədə yaşayan türklər arasında milli düşüncə xeyli yüksəlib: 

“Güney Azərbaycanın bütün bölgələrində milli kimlik düşüncəsi formalaşıb. Hətta Həmədanda, Tehranda türklər arasında milli özünüdərk prosesi sürətlənib. Tehranda yaşayan türklərin çoxu iqtisadi çətinlik üzündən Azərbaycan bölgələrindən köçüb gedənlərdir. Farslar onlara qarşı da ayrı-seçkilik siyasəti aparır. Milli Hərəkat Güney Azərbaycan hüdudlarında yaşamayan türklər üçün də ilham qaynağıdır. Son illər Azərbaycandan kənarda yaşayan türklər Təbrizə boylanır, Güneydən hərəkət gözləyir. Son illər Milli Hərəkat xeyli təcrübə əldə edib. Sabah İranda hər hansı hadisə olacaqsa, Güney Azərbaycan Milli Hərəkatı adekvat davrana biləcək”.

Məhsa Mehdili hesab edir ki, molla hakimiyyətinin son illər apardığı şovinist siyasət milli birliyi, irançılıq idealogiyasını xeyli zəiflədib: 

“Hətta ali dini lider Xamneyinin türk kimi təqdim olunması da durumu xilas etmir. Əslində, Xamneyi təmiz türk deyil. Hansı millətdən olsa belə, o molla rejiminin təmsilçisidir, paniranistdir. Onun bu günə qədər mən türkəm, ya azərbaycanlıyam dediyini kimsə eşitməyib”.

Türkiyədə yaşayan daha bir siyasi fəal Kərim Əsgəri də Milli Hərəkatın son illər xeyli gücləndiyini, siyasi cəhətdən yetkin gücə çevrildiyini bildirib: 

“Quzey Azərbaycan müstəqil olduqdan sonra Güneydə də milli proseslər gücləndi. Bu gün, hətta üzərindən Azərbaycan adı götürülmüş Zəncan və Həmədanda da milli oyanış prosesi vüsət alıb. Həmədanın Bahar, Rəzən və Göyrəng kimi rayonlarında  Azərbaycan türkləri çoxluq təşkil edir. Ancaq həmin bölgə ilə işləmək lazımdır. Qaşqay Türklərində isə milli məfkurə getdikçə güçlənir və milli oyanış prosesi müşahidə olunur.  Tehranda türklər çoxdur, ancaq orada asimilyasiya prosesi güclüdür. Rejim farslaşdırma siyasəti aparır”.

Kərim Əsgəri hesab edir ki, əgər rejim dəyişikliyinə cəhd olarsa,  Azərbaycan xalqı bu hakimiyyəti dəstəkləməyəcək: 

“Xalq bu hakimiyyətdən narazıdır. Həm 30 il öncə verilən vədlər yerinə yetirilmədi, həm də son illər iqtisadi çöküş yaşanır. Bütün bunlar hakimiyyəti nüfuzdan salan amillərdir. İranda rejim dəyişərsə, Azərbaycan türkləri ciddi faktora çevriləcək”.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 1112