hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir

İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir

İranda prezident seçkilərinə qeydiyyat tarixi açıqlanıb.

Seçki iyunun 18-də keçiriləcək. Seçkiyə qatılmaq istəyən namizədlərin qeydiyyata alınması 11 may tarixindən başlanacaq. İranda hələ ki, prezident ola ola biləcək konkret şəxslərin adı açıqlanmayıb.

Yəni hələlik Həsən Ruhaninin konkret xələfi bilinmir. Lakin bu vaxta kimi İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan və keçmiş təhsil və tədris naziri Həmid Rza Hacıbabayi namizəd olmaq istədiklərini elan ediblər.

Maraqlıdır, İranın naməlum gələcəyi kimlərin əlində olacaq?

“Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda keçiriləcək prezident seçkisi ilə bağlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, prezidentliyə əsas namizədlər may ayının sonuna doğru bəlli olacaq:

“İranda prezident seçkilərinin baş tutacağı hələ dəqiq deyil. Çünki hazırda baş verən proseslərin fonunda hadisələr kəskin dəyişə də bilər və ola bilsin ki, heç seçkilər keçirilməsin. Bir şey bəllidir ki, seçkilərdə Həsən Ruhani iştirak etməyəcək.

Mahmud Əhmədinejad bildirib ki, yenidən prezident seçilmək istəyir. Bundan başqa Seyid Əli Xamneyinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti də namizəd ola bilər. Yaxud keçmiş Xarici İşlər naziri Mənuçphr Möttəki, İran Atom Enerji Agentliyinin sabiq sədri Əli Əkbər Salehi ola bilər. Yəni hakimiyyətin bu məsələdə birmənalı münasibəti yoxdur.

Çünki namizədlər qeydə alınandan sonra Nəzarət Şurasının süzgəcindən keçməlidir. Ona görə də, sadə vətəndaşlar, fərqli insanlar da namizəd ola bilər. Məsələn, öncəki seçkiyə adi namizəd gəlmişdi ki, qeydə alınsın. Çox güman ki, konkret adlar maydan sonra açıqlanacaq. Bu il İranda parlament seçkilərinin keçiriləcəyi də gözlənilir.

Bu iki seçkinin eyni ildə keçirilməsi onu deməyə əsas verir ki, İranda siyasi həyat çox qaynar olacaq. Bu qaynar həyata əlavə implus verən isə ABŞ-ın yeni prezidenti Cozef Baydenin İrana tətbiq edəcəyi yeni sanksiyalar olacaq. İranın nüvə sənayəsi ilə bağlı gərginliyin artması onun siyasi həyatına mənfi təsir göstərəcək. Digər tərəfdən bu fonda yaranan iqtisadi tənəzzül seçkilərə, onun nəticələrinə, seçkidə iştirak edəcək namizədlərin seçkiqabağı kompaniyalardakı çıxışlarına çox ciddi təsir edə bilər”.

Ekspert hesab edir ki, İranda kimin prezident seçilməsindən asılı olmayaraq proseslər Ali rəhbərlik institutundan asılı olduğu üçün, bu seçkilər ölkədə siyasi vəziyyətə təsir baxımından əhəmiyyətsizdir:

“Bu İranda keçirilən 13-cü prezident seçkisidir. Lakin İranda prezident seçkilərinin keçirilməsi elə də əhəmiyyətli hadisə deyil.

Çünki İranda prezident əsas söz sahibi deyil. Ona görə də həm parlament, həm də prezident seçkiləri sadəcə olaraq, ölkənin daxili vəziyyətini görməyə şərait yaradır. Yaxud insanlar öz etirazlarını bildirmək üçün əlavə imkan qazanırlar.

Hətta Xamneyinin oğlu Müctəba da prezident seçilsə, heç nə dəyişmir. Əsas olan Ali rəhbərlik institutu, onun ətrafındakı komanda, İnqilab Keşikçiləri Qvardiyasının hansı tərəfdə çıxış etməsi və digər məsələlərdir. Bu məsələlər İranda ictimai- siyasi həyatı və hakimiyyəti müəyyənləşdirir. Əsas proseslər Novruz bayramından sonra başlanacaq və may ayının sonunda əsas namizədlər açıqlanacaq. Ondan sonra da seçkiqabağı kampaniyalar başlanacaq. Bu da təxminən 20 gün çəkir.

Əvvəllər bu zaman müddəti çox idi. Gördülər ki, seçkiqabağı kampaniyalar zamanı etiraz aksiyaları geniş vüsət alır, ona görə də həmin zamanı azaltdılar. Hətta əvvəlki seçkilərdə Yaşıllar hərəkatı vaxtı Xomeyninin, Xamneyinin posterləri yandırıldı. Onlara qarşı açıq şüarlar səsləndi, qadınlar çarşaflarını atdılar, hətta çılpaq şəkildə etiraz edən qadınlar da oldu. Yaşıllar hərəkatının islahatçı kimi çıxış edən namizədləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi hələ də ev dustağıdır. Amma İranda yenə də nəticə dəyişmədi, köhnə hamam, köhnə tasdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 10110