hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

İranda hakimiyyət böhranı: Tanınmışlar müxalifətə keçir

İranda hakimiyyət böhranı: Tanınmışlar müxalifətə keçir

İranda hakimiyyət əleyhinə yenidən baş qaldıran etirazlar ölkənin 17 əyalətinin şəhərlərinə yayılıb. 

Tehran, Əhvaz, İsfahan, Təbriz, Qorqan, Sənəndəc, Kirmanşah, Şiraz, Qəzvin, Simnan, Damğan, Yəzd, Şahrud, Amol, Babil, Məşhəd və digər iri şəhərlərdə aksiyalar baş verib. Tehranda yüz minlərlə etirazçı əsasən “Azadlıq” meydanında və onun ətraf küçələrində toplaşaraq molla rejiminə qarşı şüarlar səsləndirib, ölkənin ali lideri Ayətullah Seyid Əli Xamneyinin istefasını tələb edib. 

Etirazçılar, həmçinin Azadlıq küçəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” ordusunun yanvarın 3-də öldürülmüş komandanı Qasım Süleymaninin divarlardan və körpüdən asılmış şəkil və banerlərini cıraraq yandırıb. Etirazçılar İran tərəfindən dəstəklənən “Həşt əş-Şəab” silahlı qruplaşmasının Q.Süleymani ilə birlikdə öldürülmüş komandir müavini Əbu Mehdi əl-Mühəndisin də şəkillərini cıraraq yandırıblar.

“Süleymani qatildir, rəhbəri də qatildir”, “Diktatora ölüm”, “Xameneyi həya elə, məmləkəti rəha elə”, “Qardaşımı öldürəni öldürəcəyəm”, “Ey qeyrətli iranlı, səsimizə səs ver, bizə dəstək ol” və digər şüarlar səsləndirən etirazçılar polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Hökumət qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Həmçinin polislə qarşıdurma zamanı rejim qüvvələri iki aksiyaçı qıza odlu silahlardan atəş açıblar. Ayaqlarından güllə yarası alan hər iki qızın sonrakı taleyi bəlli deyil. Bildirilir ki, aksiyaçıların sayının artmasının qarşısını almaq üçün rejim metronun “Azadlıq” stansiyasından çıxışı dayandırılıb.

İran rəsmilərinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsinə etiraz olaraq başlayan aksiyalar Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Qəzvin və s. kimi şəhərlərində də müşahidə olunub. Təbrizdə etirazçılar Əli Xamneyiyə qarşı “ölüm” şüarı səsləndirərək onun istefasını tələb edib. Qasım Süleymaninin portreti etirazçılar tərəfindən cırılaraq ayaqlar altına atılıb. Qeyd edək ki, İran hakimiyyəti Qasım Süleymaninin öldürülməsindən cəmiyyətdə anti-Amerika ritorikasının möhkəmlənməsi üçün istifadə etməyə cəhd etmişdi. Əhalinin kütləvi şəkildə Q.Süleymaninin dəfninə cəlb edilməsi, qisas çağırışları son zamanlar rejimin ölkə daxilində zəifləyən nüfuzunun artırılmasına xidmət edirdi. Xaricdə düşmən obrazı formalaşdırmaq və müharibə əhval-ruhiyyəsi yaratmaq bu siyasətin əsas taktikasını təşkil edir.

Ancaq baş verən son hadisələr Tehran rejiminin cəhdlərinin nəticə vermədiyini göstərir. Həm Qasım Süleymaninin öldürülməsi, həm də Ukrayna təyyarəsinin vurulması faktı İranın hava hücumundan müdafiə sisteminə nəzarət edən SEPAH-ın cəmiyyətdəki nüfuzuna ciddi zərbə vurub. Bu baxımdan, rejim əleyhinə aksiyaların baş qaldırması gözlənilən idi. 

Qeyd edək ki, noyabr ayında baş verən etirazların SEPAH-ın xüsusi strukturu olan “Bəsiclər” tərəfindən 1500 nəfərin öldürülməsi və 7 min nəfərin həbsi hesabına yatırılması cəmiyyətdə inqilab keşikçilərinə qarşı ciddi narazılıq yaradıb. Qasım Süleymani hadisəsindən istifadə edən rejim xalq arasında SEPAH-a rəğbət oyatmağa çalışsa da aksiyalar bunun mümkün olmadığından xəbər verir. Görünür, Q.Süleymaninin öldürülməsi noyabr olaylarından sonra yaradılmış xofu aradan qaldırmağa kömək edib.

Politoloq Qabil Hüseynli hesab edir ki, etirazlar İran rejiminin siyasi dəyişikliyə doğru getdiyini göstərir. Rəsmi Tehranın müqaviməti isə uzun sürə bilməyəcək:

“İran rejimi yeni quruluşa hamilədir. Cəmiyyətdəki narazılıqların qarşısını almağa çalışsalar da bu, yenidən təzahür edir. Şah dövründə də belə olmuşdu. İran şahı status-kvonu qoruyub saxlamağa çalışdı. Amma bacarmadı və reallıqları düzgün qiymətləndirərək siyasi səhnədən çəkilməyi bacardı. Amma molla rejimi nə siyasi situasiyanı qiymətləndirə bilir, nə xalqın əhval-ruhiyyəsini nəzərə alır, nə də dünyada cərəyan edən proseslərə məhəl qoyur. Rejimin təlaş içərisində olduğu göz önündədir. Xalq ayağa qalxıb və rejimə nifrətini bildirir. Qasım Süleymani dünənə qədər İranın dəyəri hesab olunurdu. Tələbələr onun “bilbord” şəkillərini və plakatlarını cırıb ayaq altına atmaqla, yandırmaqla sübut etdi ki, İran cəmiyyətinin dəyərlərini süni şəkildə formalaşdırmaq olmaz. Bu dəyərləri formalaşdıran xalqdır, yaşanan təcrübədir. Gənclər etiraz aksiyalarına qalxmaqla sübut etdilər ki, İran xalqının hamısı belə düşünmür. Süleymaniyə etiraz edən, Xamneyini istefaya çağıran yeni nəsildir, milli qruplardır. Cəmiyyət ölkəni idarə edə bilməyən siyasi elitaya açıq təpki göstərir. Bu prosesə eks-prezident Rəfsəncaninin qızı da qoşulub. Prezidentliyə namizəd olmuş, ev dustağı olan Mehdi Kərrubi isə Ayətullah Xamneyiyə məktub yazaraq bildirib ki, ölkəni idaə edə bilmirsiniz. Yəni İran dərin böhran içərisindədir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar və demokratiyanı universal hesab edən Qərb dünyası etirazçılara yalnız sözdə dəstək verir”.

Qabil Hüseynlinin fikrincə, xaricdən ABŞ-ın, daxildən isə xalq kütlələrinin təzyiqi ilə üzləşən İran hakimiyyəti siyasi çöküşə məhkumdur: 

“Ola bilsin ki, rejim ayağa qalxmış xalqın üzərində bu dəfə də silahla getsin. Bu ehtimal böyükdür. Amma təyyarə hadisəsindən sonra İrana qarşı bir etiraz var. Zənnimcə, ayağa qalxan gənc nəslin etirazlarına xaricdən müəyyən dəstək gələ bilər. Bu dəstək İranda proseslərin inqilabi istiqamətə yönəlməsinə təkan verə bilər. Hər halda, rejim bu cür təngnəfəs, axsayaraq yeriyə bilməz. Onun haradasa yıxılaraq, hakimiyyətlə vidalaşacağını demək mümkündür. Onun vaxtını demək çətin olsa da, mütləq baş verəcəyi məlumdur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7514