hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İrandan yeni blef: “Şiə NATO”-su kimə qarşıdır?

İrandan yeni blef: “Şiə NATO”-su kimə qarşıdır?

ABŞ-da hakimiyyət dəyişikliyi geosiyasi düzəndə fərqli meyillərin ortaya çıxması gözləntilərinin yaranmasına səbəb olub.

Yeni hakimiyyətin bölgədəki ölkələrə göstərəcəyi münasibət də müzakirə olunmaqdadır. Əvvəlki hakimiyyətlər dövründə heç də müsbət olmayan ABŞ-İran münasibətlərində də fərqli yanaşma sərgilənməsi mümkün görünür. Belə bir vəziyyətdə İran öz gücünü səfərbər etmək istiqamətində addımlar atmağa başlayıb. Belə ki, İran Yaxın Şərqdəki şiə müttəfiqləri tərəfindən imzalanması gözlənilən müdafiə və təhlükəsizlik müqaviləsi hazırlayır.

NATO üslubunda yeni razılaşma İsrail və ya ABŞ-ın hər hansı hücumuna kollektiv cavab prinsipini əks etdirməlidir. Ölkə parlamenti qətnamə layihəsi üzərində işləyir. Millət vəkili Əbu Fəzl Əbu Turabi bildirib ki, qanunvericilik təşəbbüsünün səsverməyə çıxarılması üçün lazım olan bütün imzalar toplanmaqdadır.

Onun sözlərinə görə, İran və Yaxın Şərqdəki şiə dövləti və qeyri-dövlət subyektlərini əhatə edən "müqavimət oxu" adlanan ölkələri qorumaq lazımdır. “İsrail “müqavimət oxu” ölkələrindən birinə hücum edərsə və ya başqa hərəkət etməyi qərara alarsa, blokun qalan üzvləri təhdidin qarşısını almaq üçün hərbi, iqtisadi və siyasi planlarla hər cür səy göstərməlidirlər”- deputat belə deyib. İranın bölgədəki təmaslarının genişliyinə baxmayaraq, ekspertlər hesab edir ki, bu, maraqların vəziyyətdən asılı olaraq üst-üstə düşməsinə əsaslanır. Ona görə də Şimali Atlantika İttifaqı şəklində rəsmiləşdirilə bilməz.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu layihənin uğursuzluğa uğrayacağını indidən demək olar:

“Burada şiə-sünni məsələsi ortaya atılırsa, İranın hansısa böyük ittifaq yaradacağı gözlənilən deyil. İrandan başqa hansı dövləti tam şiə dövləti adlandırmaq olar. İraqda hakimiyyətdə şiə qüvvələri təmsil olunsa da, burada sünni əhali də yaşayır. Ərəb ölkələrinin demək olar ki, hamısı sünni təriqətinə bağlıdır. Buna görə də İran hansısa ölkə ilə xüsusi bir ittifaq yarada bilməz”.

Yaxın Şərqdə sülh və əməkdaşlığın təmin olunmasına gəldikdə, politoloq deyir ki, bu prinsipdən yanaşdıqda da İranın bu təşəbbüsünə çoxsaylı dövlətin qoşulacağı gözlənilən deyil:

“Çünki İranın ərəb dövlətlərinin əksəriyyəti ilə münasibətləri gərgindir. Yalnız Suriya və İraq hakimiyyətləri ilə münasibətləri var ki, onlarda da hakimiyyətdə şiə qüvvələri təmsil olunur. Mövcud durumda həmin ölkələrdəki vəziyyət göz qabağındadır. Suriyada böyük ölçüdə müharibə tam bitməyib. İraq parçalanıb, ölkənin içərisində qarışıqlıq var. Varlı ərəb ölkələri İranın liderliyini qəbul etmir, əksinə İrana rəqibdirlər. Azərbaycan belə bir birliyə qoşulmaz - çünki məzhəb əsasında yaranan ittifaqlarda təmsil olunmaq istəməz. Bizim üçün önəmli olan bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıqdır. Hər bir dövlətlə əməkdaşlıq edirik - Bu İran da ola ilər, onun rəqibi Səudiyyə Ərəbistanı da. Xatırlatmaq olar ki, Səudiyyə Ərəbistanı işğal faktına görə, Ermənistanla diplomatik əlaqələri olmayan 3 ölkədən biridir. Ona görə də İranın Səudiyyə Ərəbistanına qarşı quracağı ittifaqda biz heç zaman yer ala bilmərik. Bu bizim maraqlarımıza uyğun deyil”.

İranın quracağı ittifaqın ABŞ-a qarşı nəzərdə tutulduğunu deyən Elxan Şahinoğlu qeyd edir ki, ölkələrin həmin ittifaqda yer almaq istəməməsində bu amil də rol oynayacaq. Onun sözlərinə görə, belə bir təşəbbüsdə İranın məqsədi özünün güc mərkəzi kimi təqdim etməkdir:

“Məqsəd onu göstərməkdir ki, guya İran güc mərkəzidir, onun müttəfiqləri var və müttəfiqləri ilə birlikdə hərəkət edə bilər. Doğrudur, İranın tərəfdaşları var, ərəb ölkələrindən son zamanlar daha çox Qətərlə əlaqə qurmağa çalışır. Bu da Qətərlə Səudiyyə Ərəbistanının münasibətlərinin gərgin olmasından irəli gəlir. Amma bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanı ilə Qətər də, Misir də “barışdılar” və aralarındakı ixtilafa son qoydular. Bu baxımdan da İran Qətərlə ittifaq qurub, onu başqa ərəb ölkələrinə qarşı istifadə edə biləcəyi ilə bağlı ümid bəsləməyə bilər. Bölgədəki ərəb ölkələrinin mütləq əksəriyyəti ABŞ-la sıx əməkdaşlıq edirlər. ABŞ-ın bu ölkələrin bəzilərində hərbi bazaları var. İran həmin hərbi bazaları bu ölkələrdən “qaldıra” bilməz. İran sadəcə göstərmək istəyir ki, iqtisadi və siyasi vəziyyətin ağır olmasına baxmayaraq, hələ də güc sahibidir, onunla hesablaşan dövlətlər var. Amma bu yalnış siyasətdir. Düşünürəm ki, bölgədə kiməsə qarşı ittifaq qurmaq düzgün deyil. Azərbaycanın timsalında götürək - Azərbaycan üçlü formatlarda müxtəlif ölkələrlə əməkdaşlıq edir - amma onlardan kiməsə qarşı istifadə etmir. Məsələn, Azərbaycan - Gürcüstan - Türkiyə; Azərbaycan-Türkmənistan-Türkiyə; Azərbaycan-İran-Rusiya. Dünən də Azərbaycanla Türkmənistan arasında önəmli bir saziş imzalandı. Bu da kiməsə qarşı deyil. Sadəcə iki dövlət arasındakı anlaşılmazlığı həll edib və əməkdaşlıq etmək istəyirlər. Amma bəzi dövlətlər ittifaq qurmaq istərkən, sanki bunu kiməsə qarşı qurmaq istəyirlər, bu da son nəticədə uğursuzluğa gətirib çıxarır”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 7756