hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İranı çətin sınaq gözləyir: SEPAH etirazçılara "sürpriz" hazırlayır

İranı çətin sınaq gözləyir: SEPAH etirazçılara "sürpriz" hazırlayır

Xəbər verildiyi kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın bütün məhəllələrində "zərbə qrupları" adlı xüsusi təyinatlı dəstələr formalaşdırır.

Bu barədə məlumat yayan Sepahın “Məhəmməd Rəsulullah” Qərargahının komandanı Məhəmməd Yəzdi bildirib ki, dəstələr "məhəllə təhlükəsizliyi layihəsi"nin icrası çərçivəsində, "Bəsic” qüvvələrinin bazalarının imkanlarından istifadə etməklə yaradılıb.

O iddia edib ki, bu dəstələr məhəllələrdə oğurluq, soyğunçuluq və xuliqanlıqla mübarizə aparacaqlar. Bildirilir ki, müxtəlif illərdə Sepahın bu kimi dəstələri İranda fəaliyyət göstərsə də, onlar konkret adlarla adlandırılmayıb. Lakin bu dəfə bu dəstələr “zərbə qrupları” adı altında fəaliyyət göstərirlər.

Ekspertlər İranın bu qüvvələri daxildə başlanma ehtimalı olan etirazları yatırmaq üçün hazırladığı qənaətindədirlər.

Məsələyə münasibət bildirən “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında deyib ki, İran rejimi real durumu görərək xalqın sərbəst toplaşmaq və etiraz etmək hüquqlarını məhdudlaşdırmaq üçün sözügedən dəstələri yaradır:

““Bəsic” İran İslam İnqilabı Keşikçiləri Korpusunun könüllü dəstəsi sayılır. Zamanında İran İslam İnqilabı lideri Ayətulla Xomeyni deyirdi ki, bəsicilərin sayı 20 milyon olanda proses dönməz xarakter alacaq. Qeyri-rəsmi məlumata görə, İranda bəsicilərin sayı 20 milyon deyil, amma ona yaxın rəqəmdir. Bəsicilər bütövlükdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun vuran əlidir. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə ölkədə hər şeyə nəzarət edir. Yəni İranın mövcudluğu bu korpusdan asılıdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdə fəaliyyət göstərən “Qüds” qolunun komandanı general Süleymaninin ölümü əbəs yerə deyildi. Bu hərbi birləşməni ABŞ terror təşkilatı elan edib. İndi yeni dəstənin yaradılmasını elə təqdim edirlər ki, guya xarici qüvvələr İrana hücum edərsə və ya hansısa terror aktını törətməyə çalışarsa, onların qarşısını almaq üçün formalaşdırılır.

Amma bu reallığı əks etdirmir. İran İslam İnqilabı Keşikçiləri Korpusu heç bir terror aktının qarşısını ala bilmir. Məsələn, ötən illərdə korpusunun paradında terror aktı həyata keçirildi və qarşısı da alına bilmədi. SEPAH qüvvələrinin formalaşdırılaraq məhəllələrə yerləşdirilməsindəki hədəf, vətəndaşların perspektivdə etiraz aksiyalarının qarşısını almaq, xalqın etiraz addımları atmamsı üçün qorxu yaratmaqdır. Bu rejimin hər yerdə görünməsi deməkdir. Yəni ölkədə , İran İslam İnqilabı Keşikçiləri Korpusunun, “Bəsic”in hər yerdə görünməsi, dolayısı ilə rejimin hər yerdə görünməsidir. İstəyirlər ki, insanlar toplaşıb narazılıqlarını dilə gətirməsindlər. Amma bunu fərqli təqdim edə bilərlər. Məsələn, İranda koronavirusla bağlı xüsusi tədbirlər həyata keçirilir. İran elan edə bilər ki, SEPAH dəstələrinin yaradılmasında məqsəd koronavirus tədbirləri ilə bağlıdır və insanların toplaşmasına mane olmaq üçündür. Koronavirus əhalinin güzaranını da xeyli ağırlaşdırıb. Artıq xaricdən İrana borc da verilmir. İran mövcud rejimin hakimiyyətdə olduğu müddətdə ona borc veriləcəyi də gözlənilən deyil.

İranın atacağı yeganə addım nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin, xüsusən ABŞ-ın tələblərini yerinə yetirməkdir. Tramp da bəyan etdi ki, seçkidən sonra qalib gələrsə, İranla danışıqlara başlayıb müqavilə imzalaya bilər. İran rejimi də real durumu görərək xalqın sərbəst toplaşmaq və etiraz etmək hüquqlarını məhdudlaşdırmaq üçün sözügedən dəstələri yaradır. Əgər bu dəstələr koronavirusla bağlı yaradılsaydı indi yox, virusun tüğyan etdiyi 6 ay öncə yaradılardı. Koronavirusun səngidiyi bir bir dövrdə bu dəstələrin yaradılmasını demək doğru olmaz”.

Ekspert hesab edir ki, bu dəstələr xalqa qarşı istifadə olunacaq:

“İran hakimiyyətinin istədiyi odur ki, ölkəni saldıqları duruma etiraz edən vətəndaşların ağzını yumsun. Etiraz edənləri edam edirlər. İranda edam aşkar şəkildə keçirilir. Vətəndaşları döyürlər. Bir neçə gün öncə Əfşari adlı idmançını edam etdilər. Etiraza görə insanı edam edərlər? Ona görə də hesab edirəm ki, yaradılan bu dəstələrdən xalqa qarşı istifadə edib onların etirazçı hissəsində qorxunu artırmaqdır. Məqsəd Tehran hakimiyyətinin hələ də güclü olduğunu cəmiyyətə və dünyaya çatdırmaqdır”.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1948