t İranın  terrorçu “diplomatlar”ı ölkədən qovulub
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

İranın  terrorçu “diplomatlar”ı ölkədən qovulub

İranın  terrorçu “diplomatlar”ı ölkədən qovulub

Albaniya hökuməti tərəfindən diplomatik missiyalarına zidd davranmaqda, casusluqda və terror fəaliyyətlərində günahlandırılan İran vətəndaşları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti ölkədən qovulub. 

Cebhe.info-nun məlumatına görə, bu barədə Albaniyanın “Top Channel” telekanalı ölkə rəsmilərinə istinadən xəbər yayıb. Qeyd edilir ki, İran hökumətinin diplomat adı altında Tiranaya göndərdiyi şəxslər Albaniya hökuməti tərəfindən terrorizmə rəvac verməkdə və casusluqda günahlandırılıb. 

“Albaniyanın anti-terror polisinin 20 zabiti yanvarın 18-də İran “diplomat”larının qaldığı mənzilə gedərək, onları ailə üzvləri ilə birlikdə ölkəni tərk etmələri üçün Tirananın beynəlxalq hava limanına apararaq yola salıb”, -deyə Albaniyanın “Top Channel” bildirib. 

Xatırladaq ki, ötən həftə Albaniya hökuməti İranın terrorçu fəaliyyətlə məşğul olan iki “diplomat”ını arzuolunmaz şəxslər adlandıraraq ölkədən qovub. İran “diplomat”larına ölkəni tərk etmək üçün bir neçə gün vaxt verilmişdi. Bu barədə Albaniyanın xarici işlər naziri Gent Sakay yanvarın 15-də “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, İran “diplomat”ları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti, Vyana Konvensiyasının şərtlərini pozaraq Avropada və Orta Şərqdə terrorizmə dəstək göstərib:

“İran “diplomatlar”ı Albaniyanın milli təhlükəsizliyini təhlükəyə saldıqları üçün arzuolunmaz şəxslər adlandırılaraq ölkədən qovulub. Bu iki şəxs öz diplomatik missiyalarına zidd fəaliyyətlərlə məşğul olublar”,- deyə xarici işlər naziri Gent Sakay qeyd edib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1695