hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

İranın son ümidi

İranın son ümidi

Elşən Manafov: “Fransa müstəqil “oyunçu” olduğunu ABŞ-a nümayiş etdirir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 23-də Fransaya səfər edəcək. Cavad Zərif Parisdə Fransa Prezidenti Emanuel Makronla və bu ölkənin xarici işlər naziri Jan İv Le Drianla görüşəcək. Qeyd edək ki, bu yaxınlarda Prezident Emanuel Makron İran məsələsini Rusiya Prezidenti Vladimir Putinlə görüşdə də müzakirə edib. O, Rusiya və Fransanın İran ətrafında yaranmış vəziyyətdən çox narahat olduqlarını bildirib.

Məhəmməd Cavad Zərifin Fransaya səfəri zamanı aparacağı danışıqların detalları barədə məlumat verilməsə də, İran ətrafında yaranmış vəziyyətin müzakirə olunacağı şübhə doğurmur.

Politoloq Elşən Manafovun sözlərinə görə, rəsmi Tehran Avropa Birliyində ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasında maraqlıdır. Fransa da Avropa Birliyi də İranla münasibətlərini öz müstəqil maraqları kontekstindən yanaşır:

“Fransanın Avropa Birliyindəki siyasəti Böyük Britaniyadan fərqlənib. Ənənəvi olaraq, Fransa bir dövlət olaraq, Avropa Birliyinin və özünün müstəqil oyunçu olduğunu ABŞ-ın diqqətinə çatdırmaq istəyib. Xatırladım ki, Fransa Prezidenti Emanuel Makron Avropanın vahid ordusunun yaradılması təşəbbüsü ilə çıxış etdikdən az sonra bu ölkədə hakimiyyətə qarşı “Sarı jiletlilər” hərəkatı başladı. Bunun digər səbəbi Fransanın İrana qarşı sanksiyaların əleyhinə olub. Fransa bankları İran və Avropa bankları arasında əlaqələrin qurulmasında iştirak edib. Bundan başqa, Fransanın enerji təhcizatında İran neftinin payı ola bilər. Yəni İran öz neftini Hörmüz boğazı və Aralıq dənizi vasitəsilə dünya bazarına çıxarıb. Fransanın bu mövqeyi Rusiya Prezidenti Vladimir Putinin Parisə səfəri zamanı da özünü göstərdi. Prezident Makron Putinlə görüşü zamanı ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının əleyhinə olduğunu bildirdi. Həmin görüşün əsas məqamlarından biri Rusiyanın “Böyük yeddilər”in sırasına qaytarılması ilə bağlı müzakirələr oldu. Görünür, Putin və Makron arasında əldə edilmiş razılaşma ABŞ Prezidenti Trampı Rusiyanı “Böyük səkkizlər” formatını bərpa etmək barədə bəyanatla çıxış etməyə vadar etdi. Bütün bu proseslərdə, o cümlədən Yaxın Şərqdə Fransa başa düşür ki, İranın maraqları nəzərə alınmadan Suriya problemini həll etmək mümkün deyil. İran Yaxın və Orta Şərqin əsas “oyunçu”larından biridir. Onun islam dünyasında özünəməxsus rolu və imkanları var. Bu imkanlar da Fransa tərəfindən həmişə nəzərə alınıb. Bunlar ABŞ-ı məmnun etməyə bilər. Lakin baş verənlər göstərir ki, Fransa Avropa Birliyinin tərkibində daha müstəqil siyasət yürüdən dövlətlərdən biridir. İtaliyanın ardınca Fransanın və sonra da Almaniyanın eyni mövqedən çıxış edəcəkləri bəllidir”.

M.Abdulla
Cebhe.info


Oxunma sayı: 1332