t İraq Amerikadan üz döndərir? - Gərginlik yaradan daha bir səbəb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

İraq Amerikadan üz döndərir? - Gərginlik yaradan daha bir səbəb

İraq Amerikadan üz döndərir? - Gərginlik yaradan daha bir səbəb

İraq hökumətinin mətbuat katibi Vilyam Verde hökumətin parlamentinin qərarını dəstəklədiyini deyib. 

Bildirək ki, İraq parlamenti ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılması üçün qərar qəbul edib. Həmçinin mətbuat katibi İraq hökumətinin İŞİD-ə qarşı mübarizə məqsədilə ABŞ-la saziş imzalaması xəbərini yalanlayaraq bu iddiaların doğru olmadığını da vurğulayıb. 

Bu addımlar ABŞ-İraq  qarşıdurmasına apara bilərmi? 

“Atlas” Araştırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, İraq hökuməti İraq parlamentinin qərarını yerinə yetirməyə çalışsa, Amerika münasibətləri ciddi şəkildə gərginləşdirəcək. Bu isə indiki şəraitdə İraqın maraqlarına uyğun olmayacaq:

“Amerikanın İraqda hərbi bazaları, müəyyən maliyyə yatırımları var və yaxud İraqın maliyyəsi Amerika banklarında saxlanılır. İnanmıram ki, Amerika İraqı tərk eləsin. Bu, belə çıxacaq ki, İraq hökumətinin təzyiqi qarşısında Amerika geri çəkilir. Amerika  superdövlətdir, belə asanlıqla geri çəkilməz. Düzdür, nə vaxtsa Amerika qoşunları çıxa bilər, amma məhz bu hadisəyə görə İraqı tərk etməyəcək. İraq hökuməti  parlamentin qərarını yerinə yetirməyə çalışsa, Amerika münasibətləri ciddi şəkildə gərginləşdirəcək. Bu isə indiki şəraitdə İraqın maraqlarına uyğun deyil. Çünki İraqın özündə İranla sıx əlaqələr olsa da, İranın siyasətindən narazı qalan adamlar da var. Amerika İraqı tərk etsə, İranın İraqdakı nüfuzu arta bilər. Bu isə oradakı müəyyən siyasi mərkəzləri narahat edir. Baxmayaraq ki, İraq parlamenti qərar qəbul edib, hökuməti parlamentin qərarını dəstəklədiyini deyir, bu, asanlıqla Amerikanın hərbi bazalarını oradan çıxarılmasına səbəb olmayacaq ”. 

Ekspert qeyd edib ki, İraq öz ərazi bütövlüyünü tam təmin etmədikcə, xarici qüvvələri ölkədən çıxarmaq mümkün olmayacaq: 

“Tək Amerika bazalarından da söhbət getmir, Türkiyənin müəyyən ordu hissələri də İraqda PKK ilə mübarizə aparır. Məsələ burasındadır ki, İraq hökuməti ölkənin tamamına nəzarət edə bilmir. İraqda kimlər yoxdur? Amerika qoşunları, Türkiyə hərbçiləri, İran milis dəstələri... Nə vaxtsa İraq öz ərazi bütövlüyünü tam təmin etsə, terrorla mübarizə uğur qazansa, ondan sonra bəlkə həmin xarici qüvvələr ölkəni tərk edə bilərlər. İndiki halda isə mümkünsüzdür. İraqın bu addımları atmaqdan başqa alternativi yoxdur. İraq göstərməlidir ki, Amerikanın bu siyasətindən narazıdır, amma parlamentin qərarı hökumət üçün məcburi xarakter daşımır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 9131